Dekabrın 17-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin inzibati binasında “Zəfər” respublika yaradıcılıq festival-müsabiqəsində qalib gələn şagirdlərlə görüş keçirilib.
Qanunla.Az xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən, müdir müavini Cavad Cavadov şagirdləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzu edib. Daha sonra Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş hədiyyələr və fəxri fərmanlar şagirdlərə təqdim olunub.
Qeyd edək ki, festival-müsabiqədə şagirdlərimizdən 27 nəfər müxtəlif nominasiyalarda qalib gəlib. Şagirdlərimizdən 4-ü birinci, 9-u ikinci, 14-ü isə üçüncü yerə layiq görülüb. Həmçinin bildirmək istərdik ki, bu müsabiqənin keçirilməsində məqsəd Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsi, Azərbaycan Ordusunun Vətən müharibəsindəki şanlı qələbəsi və dünya hərb tarixində açdığı yeni səhifə ilə bağlı uşaq və gənclərin maarifləndirilməsi, həmçinin ölkəmizin işğal altında olan ərazilərinin azad edilməsində ordumuzun və dövlətimizin əldə etdiyi nailiyyətlərin, qazanılan zəfərin bütün türk dünyasının qələbəsi olduğunun gənc nəslə çatdırılmasından ibarət olub.