image-qanunla-reklam
image-semed4

Səməd Seyidov: “Avropa İttifaqının nümayəndələri Azərbaycanın sülh təşəbbüsləri ilə bağlı heç bir iş görmür, amma Ermənistanın provokasiyalarına dəstək verirlər”

image-lady-day-az

“Ermənilərin Ağdam yolundan imtina etməkdə məqsədləri provokasiyadır. Bu kimi addımlarla faktiki əldə olunmuş razılıqlara tamamilə başqa don geyindirmək istəyirlər. Bir müddət öncə Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri Brüsseldə görüş keçirərək Qarabağdakı ermənilərə humanitar yardımın Ağdam yolu vasitəsilə daşınmasının nə dərəcədə vacib olduğunu vurğuladılar. Xüsusilə Avropa İttifaqı bunu vurğuladı. Bu yol açıqdır. Bir tərəfədən Ermənistan Azərbaycanla heç bir razılıq əldə etmədən konvoyla yük göndərir, digər tərəfdən ermənilər Azərbaycan torpaqlarında yolu betonla bağlayırlarsa, deməli, bu, provokasiyadır. Bu provokasiyanın mənası isə sülh danışıqlarına təsir göstərmək, şantaj etməkdir. Ancaq bir şeyi başa düşmürlər ki, nə bu şantaj, nə də bu kimi addımlar, provokasiyalar Azərbaycana heç bir təsir etməyəcək. Əksinə, vəziyyəti daha da gərginləşdirəcək. Məqsəd də elə budur ki, vəziyyət gərginləşsin, gərgin olan vəziyyətin içində sülh müqaviləsi imzalanmasın. Bu, gün kimi aydın olan məsələdir. Təəssüf ki, buna gedirlər. Kim bu prosesdə daha çox maraqlıdır? Bu da aydındır – emənilər, revanşist qüvvələr və o qüvvələr ki, regionda öz nüfuzunu saxlamaq istəyirlər, yeni reallıqla razılaşmırlar. Amma bu, heç nə verməyəcək”.

Bu sözləri Qanunla.az-a müsahibəsində Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov Avropa İttifaqı münayəndələrinin Ermənistan tərəfinin konvoylarla “humanitar şou”sunu izləməsini isə belə qiymətləndirib: “Çox pis qiymətləndirirəm. Bunu dəfələrlə görmüşük. Bizim abidələrimiz dağıdılanda YUNESKO susub, amma hər hansı erməni yalan, böhtan məlumat yayan kimi YUNESKO ordan baş qaldırır. Avropa Şurası Ermənistana heç bir sanksiya tətbiq etmədiyi halda Laçınla bağlı müzakirələr aparır. Fransa öz içində problemlərini görmür, amma erməniləri müdafiə edir. Avropa İttifaqının nümayəndələri Azərbaycan və onun sülh təşəbbüsləri ilə bağlı heç bir iş görmür, amma belə provokasiyalara gəlib, nümayişkaranə dəstək verirlər… Bunların heç biri ümumi şəkildə bəyan etdikləri dəyərlərə uyğun gəlmir. Biz bunu qınayırıq, pisləyirik! Hesab edirik ki, bu kimi işlər sülhə xeyir gətirmir, əksinə problemlər yaradır”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki