image-qanunla-reklam
image-301375794_633325921480523_6385480138032146661_n

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür

image-lady-day-az

Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.

Qazaxıstanla Azərbaycanı təkcə milli tarixi köklər deyil, sıx iqtisadi–siyasi müttəfiqlik əlaqələri birləşdirir. Ölkələrimiz arasında diplomatik əməkdaşlığın qurulmasından keçən 30 il ərzində münasibətlər bütün sahələr üzrə dinamik inkişaf yolu keçib.  Hər iki ölkə Xəzər regionunda geostrateji mövqeyinə görə fərqlənməklə bərabər, inkişaf templərinə görə də MDB–də lider ölkələr kimi tanınır. Avropa Birliyi bu türk dövlətlərinin iqtisadi gücünün artmasını qəbul edir və ən strateji layihələrin müəllifi kimi Azərbaycan və Qazaxıstanla əməkdaşlığa üstünlük verir. Ümumiyyətlə, son illərdə dünya iqtisadiyyatında türk dövlətlərinin iqtisadi potensialının artması daha dinamik şəkildə hiss olunmaqdadır. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlər təkcə siyasi deyil, həm də iqtisadi əlaqələrə əsaslanır. Azərbaycan hazırda Qazaxıstanın Cənubi Qafqazda əsas ticari-iqtisadi tərəfdaşıdır.

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Cənab Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının «Altın kıran» – «Qızıl qartal» ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

Azərbaycan və Qazaxıstan geniş iqtisadi potensiala malikdir. Hər iki ölkə Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən «Aktau İstehsal və Logistika Mərkəzi» ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar var. Gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. İnvestisiya sahəsində də böyük perspektivlər var. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsi tərəflərin qarşılıqlı fəaliyyəti dərinləşdirmək niyyətini nəzərə almaqla, tamamilə realdır.

Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib. Böyük qazax mütəfəkkiri Oljas Süleymenov 1990-cı ildə SSRİ Ali Sovetinin sessiyasında rus-erməni şovinizminə qarşı çıxış edərək Azərbaycanın haqq səsini dünyaya çatdırıb. Birinci Qarabağ müharibəsində qəhrəmancasına həlak olan qazax şəhidi Yerbol Barımbekovun xatirəsi daim anılır.

Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakı dostluğumuzun bariz təzahürüdür.  Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürüdür. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcək.

 

Könül Rəhimova  Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki