image-qanunla-reklam
image-37361236

Qalib Azərbaycanın qarşısında geniş imkanlar yaranır

image-lady-day-az

İstər Azərbaycan tarixində, istərsə də xalqımızın yaddaşında ulu öndər Heydər Əliyev  müstəqil dövlətin simvolu kimi qalıb və qalacaq. Onun ideyaları daim Azərbaycanı inkişafa, tərəqqiyə aparır. Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edərkən onun Naxçıvan dövründə gördüyü işlər, qəbul etdiyi qərarlar xüsusi qeyd edilir. 3 sentyabr 1991-ci ildə Naxçıvan MR Ali Məclisinin Sədri seçildikdən sonra muxtar respublikada apardığı islahatlar, həyata keçirdiyi yeniliklər bütünlükdə Azərbaycanın müstəqilliyinin əbədiliyini təmin edən addımlar kimi tarixə yazıldı. Ulu Öndərin  rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü. Aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi. Blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı.

Naxçıvan inkişaf dövrünə qədəm qoysa da, o illərdə Azərbaycanda vəziyyət olduqca ağır idi. Ölkəyə  heç bir dövlətçilik təcrübəsi olmayan, şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutan ünsürlərin rəhbərliyi  xalqda böyük hiddət doğururdu. Ölkə  idarəolunmaz vəziyyətə düşmüşdü. Xaos, anarxiya, özbaşınalıqlar geniş vüsət  almışdı. Torpaqlarımızın işğal altına düşməsi, yaranan iqtisadi, sənaye, hərbi, sosial böhran Azərbaycanın müstəqilliyinə böyük təhlükə yaradırdı. Çıxış yolu axtaran xalq ümidini ulu öndər  Heydər Əliyevə bağlamışdı. Xalqın böyük əksəriyyətinin istəyini ifadə edən 91 nəfər ziyalının təəşəbbüsü ilə Yeni Azərbaycan Partiyasının yaradılması, Ümummilli Liderin  YAP-ın Sədri seçilməsi ilə sabaha ümidlər  bərpa olundu, insanlarda birlik, həmrəylik ruhu möhkəmləndi. Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olması, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  ölkəmizin müstəqillik salnaməsinin əbədi Zəfər tarixi oldu.  Dahi şəxsiyyət siyasi bacarığı, müdrikliyi ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən xilas etdi, iqtisadi tərəqqinin əsasını qoydu,  milli təfəkkürü formalaşdırdı,  xalqı vahid ideya, amal-azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşdirdi.  Azərbaycanın müasir dünyada mövqeyi və yeri möhkəmləndi. İqtisadiyyatın inkişafında neft amilinə yüksək dəyər verən ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Məhz bu gün neft gəlirlərindən səmərəli istifadə nəticəsində qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılır. Dövlət başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisi reallıqda öz əksini tapır.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Prezident seçildikdən sonra andiçmə mərasimində söylədiyi  «And içirəm ki, Prezident vəzifəsini ali məqsədlər, amllar naminə yerinə yetirəcək, Azərbaycan Respublikasının tam müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü təmin etmək üçün əlimdən gələni edəcəyəm» fikirləri  layiqli davamçısı Prezident İlham Əliyev «Dəmir yumruq» əməliyyatını Zəfərlə başa vurmaqla yerinə yetirdi. Bu məqamı da xüsusi qeyd etməliyik ki, ulu öndər Heydər Əliyev 1 oktyabr 2003-cü il tarixli müraciətində əsasını qoyduğu siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərmişdir:Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim,  Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir.” Ümummilli Lider bu əminliyi ifadə etmişdir ki, həm cənab İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası  bundan sonra da xalqın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. Axıra çatdıra bilmədiyi taleyüklü məsələləri, planları, işləri xalqın köməyi və dəstəyi ilə cənab İlham Əliyev başa çatdıra biləcək. Ona özü qədər inandığını və gələcəyinə böyük ümidlər bəslədiyini əminliklə qeyd etmişdir.

Son 19 ilə yaxın dövrün reallıqları dövlət başçısı İlham Əliyevin bu etimadı və inamı doğrultduğunu təsdiqləyir. Azərbaycan hər sahədə təkmil təcrübəsi ilə dünyanın diqqətindədir. Ən əsası tarixi Zəfərimiz keçilən yolun, eyni zamanda, hədəflərin ümumiləşdirilmiş ifadəsidir.  «Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» sözlərini Müzəffər Ali Baş Komandan kimi qürurla səsləndirən Prezident İlham Əliyevin rəhbərliyi  ilə daha da qüdrətlənən Ordumuz  44 gündə 30 illik əsarətə, Azərbaycan xalqının yurd həsrətinə son qoydu. Ərazi bütövlüyümüz bərpa  olundu.
«1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla getmişdir, dövlətin əsasları qoyulmuşdur. Məhz buna görə biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Hər dəfə o tarixi yada salaraq, təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün Azərbaycan sözün əsl mənasında inkişaf yolundadır. Qalib Azərbaycanın qarşısında geniş imkanlar yaranır.

 

Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki