Deputat Qanunla.Az-a bildirib ki,tədbirə GUAM Parlament Assambleyasının Gürcüstan, Ukrayna və Moldova nümayəndə heyətlərinin rəhbərləri ilə birgə dəvət olunmuşuq. Baltikyanı region Azərbaycan üçün hər zaman ciddi maraq kəsb edib. Bizim parlamentlər səviyyəsində hər üç dövlətlə çox sıx əməkdaşlıq münasibətlərimiz mövcuddur. İstər ikitərəfli əlaqələr müstəvisində, istərsə də müxtəlif beynəlxalq təşkilatlar formatında. Bu baxımdan, Baltik Assambleyanın önəmi xüsusilə böyükdür. Bu qurumla münasibətlərin dərinləşməsi Azərbaycan üçün digər Avropa strukturları – regional parlamentlərarası təşkilatlar, Benilüks Parlamenti, Şimal Şurası, Vışeqrad qrupu ilə təmasları intensivləşdirmək baxımından çox faydalıdır.
Baltik Assambleyada müzakirə olunan problemlər bizim region, xüsusilə ölkəmiz üçün maraq kəsb edir. Bu gün müzakirəyə çıxarılmış mövzulardan biri – bərpa olunan enerji mənbələrindən istifadədir və ölkəmiz üçün olduqca aktualdır. Tədbirdə bu mövzuda çıxışım oldu. Bildiyiniz kimi, hökumətimiz işğaldan azad olunmuş ərazilərimizdə bərpa olunan enerji mənbələrinin istismarı məqsədilə bir sıra tədbirlər həyata keçirir, Cəbrayıl rayonunda böyük günəş elektrik stansiyasının tikintisi gündəmdədir. İndiyədək bir neçə yeni su elektrik stansiyaları tikilib istifadəyə verilib. Cənab Prezident İlham Əliyev bu bölgəni “Yaşıl zona” elan edib. Təbii ki, bütün bunlar bizim BA-dakı dostlarımız üçün maraqlıdır. Fürsətdən istifadə edib onları həyata keçirdiyimiz layihələrə nəzər yetirməyə dəvət etdik.
































