image-qanunla-reklam
image-tibb-foto

Bakıda təcili yardım həkimlərinə əlavələrin ödənişi dayandırılıb? – AÇIQLAMA

image-lady-day-az

Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimləri əlavələrin ödənişi ilə bağlı şikayətçidir. Onlar iddia edir ki, əlavələrin ödənişi yanvar ayından dayandırılıb.

Bu barədə Oxu.Az-a bir qrup həkim tərəfindən şikayət ünvanlanıb.

Həkimlər iddia edir ki, onlara verilməli olan müddətli əlavələr kəsilib:

“Ölkə başçısının müvafiq sərancamına əsasən, tibb işçilərinin əməkhaqlarına müddətli əlavələr olunub. Lakin bu müddətli əlavələr yanvar ayı üzrə 50 faiz ödənilib, fevral ayından isə təmamilə kəsilib. İcbari Tibbi Sığorta Agentliyi ilə əlaqə saxlayırıq. Bildirirlər ki, bizə bununla bağlı vəsait ayrılmayıb. Üç aydır ki, koronavirusla mübarizə aparan tibbi personal bu əlavə ödənişlərdən məhrumdur. Qanunla bu əlavə ödənişlərin müddəti iyun ayının 1-nə kimi uzadıldı. Amma yanvar ayından bu yana heç bir əlavə ödəniş verilmir. Səbəb kimi isə büdcədə pul olmadığı bildirilir. Xahiş edirik ki, bu məsələdə bizlərə köməklik göstərəsiniz”.

Məsələ ilə bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə iş vaxtına mütənasib olaraq aylıq vəzifə (tarif) maaşının 3-5 misli məbləğində müddətli əlavələr ödənilir.

“Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin siyahısı, həmçinin əməkhaqlarına müddətli əlavənin hesablanması tibb müəssisələri tərəfindən aparılır. Müddətli əlavələr tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) göndərilən iş vaxtı tabellərinə, ilkin mühasibatlıq cədvəllərinə əsasən 3 iş günü ərzində ödənilir.

Nəzərinizə çatdırırıq ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 1603 nəfərə yanvar ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 1 milyon 423 min manat müddətli əlavə ödənilib. Hər hansısa şəxs barədə işə cəlb olunmasına və bunun müqabilində müddətli əlavənin verilməməsi ilə bağlı məlumat varsa, məsələnin araşdırılması üçün müvafiq tibb müəssisəsinin maliyyə və ya mühasibatlıq şöbələrinə müraciət edilməsi tövsiyə olunur.

Məlumat üçün bildirək ki, yeni növ koronavirus infeksiyası ilə mübarizə və profilaktik tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyə ayrıldıqdan sonra Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası üzrə fevral və mart aylarının ödənişləri həyata keçiriləcək”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki