image-qanunla-reklam
image-284610554_576408183838964_8486402890173769855_n

Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək

image-lady-day-az

Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcək

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımız dövlət müstəqilliyinin 104-cü ildönümünü həmrəylik və milli qürur ovqatında qarşıladı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və onun rəhbərlik etdiyi böyük nümayəndə heyətinin Müstəqillik Günündə Azərbaycanda olmaları əsl qardaşlıq nümunəsini dünya birliyinə bir daha nümayiş etdirdi. “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı isə dost ölkələrə və bədxahlarımıza göstərdi ki, türk dünyası ayaqdadır. Prezidentimizin vurğuladığı kimi, Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paraddan, ardınca 2020-ci ilin Zəfər paradından və 2021-ci il iyunun 15-də – Milli Qurtuluş Günündə imzalanmış tarixi Şuşa Bəyannaməsindən sonra dünya mayın 28-də onu da gördü ki, Türkiyə-Azərbaycan birliyi müttəfiqlik zirvəsinə təsadüfən yüksəlməyib. Çünki bu münasibətlər etnik kök birliyi, dil və din eyniliyi, ortaq milli-mənəvi dəyərlərlə yanaşı, bütün müstəvilərdə, xüsusilə dövlət başçıları səviyyəsində səmimiyyətə, qarşılıqlı etimada və bərabərhüquqlu əməkdaşlığa söykənir. Lakin o da həqiqətdir ki, bəzən etnik və tarixi köklər də ayrı-ayrı dövlətləri qarşıdurmadan, münaqişə və müharibələrdən, qan tökülməsindən hifz edə bilmir. Təəssüf ki, yaxın coğrafiyada bu acı nümunəni də görürük.
Prezident İlham Əliyev festivaldakı çıxışında Türkiyə-Azərbaycan münasibətlərinin özəlliyini xüsusi vurğuladı: “Bu 30 il ərzində türk qardaşlarımız daim bizim yanımızda olublar. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir… Biz yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birimizin yanındayıq və elə etməliyik və edəcəyik ki, qarşıda ancaq yaxşı günlər olsun”.
Festivalda iştirak edən “Baykar” şirkətinin texniki direktoru Selcuk Bayraktarın soyadı bu tədbiri xaricdən izləyən bəzilərinə bir daha xatırlatdı ki, 44 günlük Vətən müharibəsində “Bayraktarları” ölüm maşını adlandırdıqları halda, Ukraynadakı uğurlarına görə indi onu vəsf edənlər, ədalətin yalnız bir üzünün olduğunu etiraf etməlidirlər. Dünya gücləri onu da qəbul etməlidirlər ki, bir coğrafiyada yekdilliklə separatçılığın əleyhinə çıxmaq, digərində isə onu təşviq etmək ədalətə və hüquqa kölgə salmaq deməkdir. Nəhayət, o da etiraf olunmalıdır ki, ölkələrin ərazi bütövlüyünü və onların suverenliyini təhdid edən separatçı meyillərin yolverilməzliyinə dair vahid mövqe ortaya qoyulmadıqca, dünya birliyi daha böyük təhlükələrlə üzləşməli olacaq. Festivalın fəxri qonağı, dünya şöhrətli alim, Nobel mükafatı laureatı, professor Əziz Səncərin “Tanrı Türkü qorusun!” diləyi böyük Türk dünyasına ünvanlanan xüsusi anlamlı mesaj idi.
Məmmədov Vüqar,
Saatlı rayon “Araz-Şöhrət” şirkətinin direktor müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo