image-qanunla-reklam
image-refige432

Vətəni sevən və xalqına sadiq olan vətəndaşların partiyası

image-lady-day-az

Yeni Azərbaycan Partiyası xalqın və dövlətin ən çətin günlərində, taleyüklü bir dönəmdə yaradıldı. Elə bir dövrdə ki, deklorativ müstəqilliyini elan edən Azərbaycan kompassız və yelkənsiz gəmini xatırladırdı. Dövləti dağılmaqdan qurtarmaq, düzgün inkişaf yolunu müəyyənləşdirmək, xalqı səfərbərliyə alaraq mövcud təhlükələri dəf etmək təxirəsalınmaz zərurətə çevrilmişdi. Maymaq və qorxaqların, səriştəsiz və təcrübəsizlərin ölkə rəhbərliyinə gəlməsi, naşı və uzağı görməyən siyasət yeritməsi, üstəlik, xalqın etimadını itirmələri ölkəni real fəlakət həddinə çatdırmışdı. Bu məqamda Azərbaycan xalqı öz taleyini yalnız yaxşı tanıdığı, sevdiyi və sınaqdan çıxardığı övladına etibar edə bilərdi. Ulu Öndər Heydər Əliyev ona müraciət edən xalqın səsinə biganə qala bilməzdi. Çünki özü də vəziyyətin mürəkkəbliyini, Azərbaycana yönələn təhdidləri, nəinki müstəqilliyimizi, hətta dövlətimizi təqib edən real təhlükələri yaxşı görürdü. Lakin Azərbaycan artıq bazar iqtisadiyyatı və demokratik inkişaf yolunu seçdiyindən hakimiyyətə qayıdış da sivil, demokratik yolla gerçəkləşdirilə bilərdi. Bir qrup ziyalının Ulu Öndərə müraciəti bu dahi şəxsiyyət tərəfindən müsbət qarşılandı. Beləliklə, yeni bir partiyanın – yeniləşməkdə qərarlı olan Azərbaycanın siyasi həyatında mühüm rol oynayacaq partiyanın quruculuğu prosesinə başlanıldı. YAP-ın ümumxalq partiyası olması onu gələcəkdə də aparıcı siyasi qüvvə kimi gücləndirən meyardır, partiyada tanınmış ziyalılar, elm, mədəniyyət, incəsənət xadimləri, gənclər və qadınlar, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin geniş şəkildə təmsil olunması xalqımızın Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyaya böyük etimadının ifadəsidir.

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan yeni bir partiyanın yaradılmasını böyük sevgi ilə qarşıladı. O dövr müxalifətçilərinin yaratdıqları bütün maneələrə, hədələrə və əngəllərə baxmayaraq, imzatoplama mərasimi respublikanın bütün guşələrində sürətlə getdi. İnsanlar böyük həvəslə yeni partiyaya üzv olacaqlarını imzaları ilə təsdiqləyirdilər. Xalqın arzularını və ümidlərini doğuracaq yeni partiya 22 noyabr 1992-ci ildə təsis konfransını keçirərək həyat vəsiqəsi aldı. Ümummilli Lider Heydər Əliyevin sədirliyi ilə keçirilən bu konfransda YAP-ın proqram və nizamnaməsi də qəbul olundu. Bu gün Azərbaycan müstəqil, hüquqi-demokratik və oturuşmuş bir dövlətdir. Onun yeni Konstitusiyası qəbul olunmuş, demokratik təsisatları yaradılmışdır. Hakimiyyət bölgüsü aparılmış, dünya dövlətləri, beynəlxalq qurum və təşkilatlarla bərabərhüquqlu münasibətlər qurulmuşdur. Azərbaycan milli maraqlarına əsaslanan müstəqil siyasət yürüdür, öz sözünü aydın və ucadan deyir. Artıq dövlətimiz yerləşdiyi regionda və dünyada böyük nüfuz sahibinə çevrilib, hətta ən ağır və mürəkkəb problemi olan Qarabağ münaqişəsini də 44 günlük Zəfər müharibəsi ilə həll edibdir.

Dünya sürətlə dəyişir, qloballaşma prosesi yeni çağırışlara meydan açır. Bu inkişaf və yenilənmə dövründə Prezidentimiz cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan daim öz maraqlarını qorumağı, xalqın sosial rifahını yüksəltməyi, müstəqil dövlətimizi tərəqqi yolu ilə uğurla aparmağı bacarır. Azərbaycan xalqı əmindir ki, xalq-iqtidar birliyi, Prezident İlham Əliyevin müdrik və uzaqgörən rəhbərliyi sayəsində yeni hədəflər də fəth olunacaq, daim yenilənən  Yeni Azərbaycan Partiyası yeni proqramında qarşıya qoyduğu vəzifələri şərəflə yerinə yetirəcəkdir.

 

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki