image-qanunla-reklam
image-c97662a52e2cd181610055176

Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi

image-lady-day-az

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi

İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdir.

44 günlük Vətən Müharibəsi zamanı bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. İtirilmiş ərazilər geri qaytarıldı.

Azərbaycan dövləti ağır məğlubiyyətə uğramış Ermənistana sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış etsə də qarşı tərəfdən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürdü ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub.

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra müzəffər Ordumuzun qarşısında tab gətirə bilməyəcəyinin anlayan Ermənistan dövləti noyabr ayının 10-da Üçtərəfli Bəyanata imza atmaqla təslim oldu. Bəyanatın imzalanması Ermənistanın hərbi kapitulyasiyası demək idi. Bəyanat uzun illər davam edən işğala son qoydu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi. Məğlub olmuş Ermənistan bəyanatı imzalamasına baxmayaraq Üçtərəfli Bəyanat çərçivəsində üzərinə götürdüyü bir sıra öhdəliklərini yerinə yetirmədi.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Antiterror tədbirləri qaçılmaz idi

Keçən dövrə nəzər saldığımızda ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrikin, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri”nin sülh prosesinə ciddi zərbə vurduğunu müşahidə etdik. Azərbaycanın özünün ərazi bütövlüyünü və suverenliyini təmin etmək üçün antiterror tədbirləri keçirməli oldu.

2020-ci il sentyabr ayının 27-də ölkəmizə qarşı törədilən  növbəti təxribata qarşı əks hücumla başlanan Vətən müharibəsi  Ermənistanın  işğalçılıq siyasətinə böyük zərbə vurdu. Bu müharibə Ermənistan və onun havadarları üçün gözlənilməz oldu. Azərbaycan Silahlı Qüvvələrinin  Ali Baş Komandanı cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti ordumuzun peşəkarlığı və xalqımızın birliyi sayəsində 44 günlük bu müharibədə hər gün yeni uğurlar əldə edildi. İşğal altında olan rayonlarımız kəndbəkənd alındı.Bu qalibiyyətdə   bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayır, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyir, uğurlara sevinirdi.

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. İstər siyasi, istər hərbi mənada tam fiaskoya uğramış Ermənistan bundan düzgün nəticə çıxarmadı və ya çıxarmaq istəmədi. Revanşist qüvvələr Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ancaq ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Bu işdə separatçıların utopik təsəvvürlər dünyası, xam xəyalları da olduqca önəmli bir amil təşkil etdi. Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür.

 Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

 

 

 

Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər

Azərbaycanda Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, prinsipial siyasət nəticəsində daxili və xarici siyasətdə əldə etdiyimiz uğurlar xeyli çoxdur. Eyni zamanda Azərbaycanda güclü iqtisadi potensialın formalaşdırılması bizim siyasi gücümüzü şərtləndirən əsas amillərdəndir. Digər mühüm faktor – güclü və müasir, qarşısına qoyulmuş bütün vəzifələri yerinə yetirmək qüdrətinə malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Bu faktorlar ayrı-ayrılıqda vacib olsa da əsas məsələ təbii ki, hakimiyyətin qısa zamanda, çevik şəkildə bütün resursları səfərbər etmək və vahid məqsədə istiqamətləndirmək bacarığı idi. Cənubi Qafqaz kimi mürəkkəb regionda həlli 30 ilə yaxın müddətdə uzadılan münaqişənin həllinə nail olmaq təbii ki, yüksək səviyyəli liderlik xüsusiyyətləri, xalqa qələbə əzmi aşılamaq bacarığı tələb edirdi. Ali Baş Komandan İlham Əliyev dünya miqyasında nüfuzlu siyasətçi kimi qəbul olunmaqla yanaşı, sözümüzü imzamıza çevirən mahir strateq kimi hərbi əməliyyatlara şəxsən rəhbərlik edərək, bütün məsələləri nəzarətdə saxladı. Bizim böyük qələbəmizi şərtləndirdi. Azərbaycanın bu əbədi qələbəsi tarixə qızıl hərflərlə həkk oldu.

Qanunsuz şəkildə 30 ilə yaxın Azərbaycan torpaqlarını zəbt edən Ermənistan qanuni qələbəmizi qəbul etməkdən boyun qaçırmışdır. Bütün bu məsələlər onların həm şifahi, həm yazılı məruzlərində, o cümlədən  Ermənistanın bir çox sənədlərində də öz əksini tapmışdır. Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Bununla yanaşı Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Onu da qeyd edək ki, Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.

Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhə yalnız bütün bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda nail oluna bilər. Qeyd etmək lazımdır ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu məsələ  sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər.

Aytac Həşimzadə- Zərdab rayon İsaqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Beynəlxalq riyakarlıq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqlənməyib. Azərbaycana qarşı qarayaxma kampaniyasının növbəti ünvanı Avropa Şurası Parlament Assambleyası (AŞPA) olan  beynəlxalq qurumda təklif olunub ki, Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ məhdudlaşdırılsın. Onların əsassız səbəblərinə daha geniş prizmadan baxanda məlum olur ki, Qərb bu strukturda Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi parlaq Qələbəni həzm edə bilmir.

AŞPA nümayəndə heyətimizin səsvermə hüququnu məhdudlaşdırmaqla Azərbaycana təzyiq, Ermənistana isə dəstək göstərməyə çalışmışdır. Ancaq bu səmərəsiz beynəlxalq təşkilatdakılar unutmamalıdırlar ki, Azərbaycana qarşı nümayiş etdirilən bütün bu ikili standart siyasət faydasızdır və Bakı milli maraqlarına, nüfuzuna kölgə sala biləcək istənilən addıma imkan verməyəcəkdir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin etimadnaməsinə etiraz etmək təşəbbüsü bu çirkin kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Nümayəndə heyətimizin etimadnaməsini ratifikasiya etməkdən imtina ilə bağlı təklif bütövlükdə Avropa Şurasının etibarlılığına və qərəzsizliyinə ciddi zərbə olacaq, bunun ciddi və geri dönməz nəticələrinə görə məsuliyyət tamamilə onun təşəbbüskarlarının üzərinə düşəcək.

Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi addımı beynəlxalq riyakarlığın təzahürüdür. Avropa Şurası Parlament Assambleyasının addımları dialoqa xidmət etmir. Bu cür təşəbbüslər parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində bu təsisatın beynəlxalq nüfuzu artıb

Qoşulmama Hərəkatı dünyada BMT Baş Assambleyasından sonra ən böyük beynəlxalq təsisatdır. Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.

Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, buraya daxil olan dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi prinsiplər üzərində qurub. Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq və qarşılıqlı maraqların qorunması , əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən prinsiplər Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşmüşdür.

Qoşulmama Hərəkatı mühüm beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunur.  Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunur.

Məhz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Prezident İlham Əliyevin sədrliyi ilə Hərəkat sürətlə dəyişən bugünkü dünyada öz mövqeyi və yeri olan mötəbər beynəlxalq təsisata çevrilib. Bu gün Qoşulmama Hərəkatı multilateralizm nümunəsi kimi qəbul edilir. Əslində, buna nail olmaq heç də asan deyil. Belə ki, Qoşulmama Hərəkatı fərqli etnik, dini, mədəni köklərə, siyasi quruluşlara malik və bəzən hətta bir-biri ilə kəskin münasibətdə olan 120 dövlətdən ibarətdir. Belə fərqli və mürəkkəb coğrafiyada birləşdirici, effektiv və nəticəyönümlü sədrlik etmək məhz Prezident İlham Əliyevin tarixi uğurudur.

Şəhla Xəlilova- Zərdab şəhər 1 saylı körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki