image-qanunla-reklam
image-heyder-eliyevin-kelamlari-heyder-eliyev-sozleri-10-may

“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

image-lady-day-az

“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”

“Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir.”

Özünün bayrağı, müstəqilliyi, suverenliyi, milli dövlət himni, sərhədləri olan torpağa vətən deyilir. Vətən azadlıqdır. Torpağın vətən olması üçün düşmənlərlə mübarizə aparmaq, onun üzərində zəfər qazanmaq lazımdır. Vətən xalqının qorunması vacib müqəddəs dəyərlərindən biridir. Xalq yalnız öz vətənini qorumaqla gələcəyinə təminat verə bilər. Vətənə olan sevgimiz bizi ucaldır. Vətənin müdafiəsi bizim üçün inanc, iman olmalıdır. Uğrunda minlərlə şəhid verdiyim bu torpağın mənəvi dəyəri çox yüksəkdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 1993-cü il 4 noyabrda keçmiş beynəlmiləlçi döyüşçülərlə görüşdə demişdir ki, “Azərbaycan Respublikasının öz torpaqlarını müdafiə etmək üçün böyük potensialı var. Ən böyük potensial bizim insanların Vətənə, torpağa bağlılığı, Vətəni, torpağı sevməsi və onu qorumaq hissidir. Bu, xalqımızın tarixi ənənələrindən irəli gələn hissdir. Güman edirəm ki, xalqımız tarixi ənənələrimizi, keçmişimizi yada salaraq, Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün bundan sonra səmərəli tədbirlər görəcəkdir. Ordumuz, müdafiə qüvvələrimiz möhkəmləndirilməlidir. Bunu da xalq etməlidir. Bu, bütün vətəndaşların işidir. Bunu ordunun özü, ordunun rəhbərləri etməlidirlər. Nəhayət, bunu biz etməliyik. Bu, bizim borcumuzdur. Ancaq hamımız birlikdə, sizinlə bərabər etməliyik.”

Həqiqətən də Ulu öndərin bu sözləri zaman keçdikcə həqiqətə çevrildi. Millət ayağa qalxaraq cənab Prezident İlham Əliyevin ətrafında birləşdi, vətən torpağını mənfur düşməndən azad etdi. Biz millət olaraq keçmişimizi geri qaytardıq. Bu gün Qarabağımız azaddır. Vətən müharibəsi dünya hərb tarixinə yazılacaq qəhrəmanlıq nümunəsidir. Minlərlə şəhidimizin bu gün ruhları şaddır. Allahdan qazilərimizə şəfa, şəhidlərimizə rəhmət diləyirəm.

Xəyalə Abdulxalıqova – Zərdab rayonu Qaravəlli kənd tam orta məktəbinin müəllimi

 

 

“Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi”.

 Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Ulu Öndər öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olub. Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaradıb, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurub və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi şəxsiyyətdir.

Müasir, müstəqil Azərbaycan Respublikasının qurucusu Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını əhatə edərək, onların milli istinad mənbəyinə çevrilib. Hələ keçən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndərin uzaqgörənliklə milli zabit kadrlarının yetişdirilməsi məqsədini hədəfləyən indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratması, Azərbaycan dilinin o vaxtlar Azərbaycan SSR-nin Konstitusiyasında dövlət dili kimi təsbit edilməsinə nail olması kimi bir çox müasirlərinin xəyalına belə gəlməyən tarixi addımlar Azərbaycanın gələcək nəsillərinin vətənpərvər insan kimi yetişməsi üçün əvəzolunmaz töhfələrdir.

Milli-mənəvi dəyərlərimizə qayıdışın və milli oyanışın xalqımız üçün gərəkliliyini nəzərə alan Heydər Əliyev hər zaman bu məsələni diqqət mərkəzində saxlayırdı. O, dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu hesab edirdi. Əminliklə deyə bilərik ki, Ulu Öndərin bu münasibəti hər birimiz üçün böyük məktəbdir.

Ulu Öndər Heydər Əliyevin lider kimi böyüklüyü onun daim strateji hədəflərə hesablanmış və milli məqsədləri önə çəkən siyasət yürütməsi olub. Məhz ötən əsrin 70-80-ci illərində formalaşdırılmış iqtisadi potensial 90-cı illərin sonlarına doğru dünyada cərəyan edən mürəkkəb proseslərin nəticəsi kimi istiqlaliyyət qazanmış Azərbaycanın sonrakı mərhələdə müstəqil yaşamasını təmin edib.

Müdrik xalqımızın XX əsrdə dünya siyasi arenasına bəxş etdiyi nadir şəxsiyyət kimi ümummilli liderlik zirvəsinə ucalmış Heydər Əliyev bu gün həm də müstəqil respublikamızın milli inkişaf modelinin banisi kimi ehtiramla xatırlanır. Ümummilli Lider mərkəzi planlaşdırma və bölgü prinsiplərinin hakim olduğu bir ictimai-iqtisadi formadan azad bazar iqtisadiyyatına optimal keçid modelini irəli sürərək, onun həyata keçirilməsinə çalışıb.

Rəşanə Bayramova – Zərdab rayonu Hüseynxanlı kənd ümumi orta məktəbinin müəllimi

 

 

 “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır.”

 Məlumdur ki, hər hansı bir xalqın mədəniyyətinin inkişafında, milli şüurunun formalaşmasında tarixən yaranmış milli-mənəvi dəyərlər mühüm rol oynayır. Çünki hər bir xalqın milli-mənəvi dəyərlərini şərtləndirən dil, din və adət-ənənə onun mənəvi aləminin formalaşmasına həlledici təsir göstərən amillərdəndir. Milli-mənəvi dəyərlərdən danışarkən xüsusi vurğu ilə qeyd olunmalıdır ki, bizim misilsiz mənəvi irsimiz olan Ulu öndər Heydər Əliyev şəxsiyyəti bu anlayışla ayrılmaz sürətdə bağlıdır. O, milli ruhu qorumağın, inkişaf etdirməyin və yeni nəsillərə çatdırmağın ən yüksək formasını milli dövlətçilikdə görürdü. Ümummilli lider milli dəyərlərimizi təkcə milli varlığımızın yox, həm də siyasi varlığımızın – dövlət quruculuğu prosesinin mühüm atributu kimi dəyərləndirirdi.

Ulu Öndər deyirdi: “Bizim hamımızı birləşdirən, həmrəy edən Azərbaycançılıq ideyasıdır. Azərbaycançılıq öz milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”. Ulu öndərimizin milli dəyərlərin yaşadılması istiqamətindəki siyasi fəaliyyəti hər zaman aktualdır və bu siyasət Azərbaycan dövlətçiliyinin ən ümdə vəzifələrindən biridir.

İlahə Mustafayeva – Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbinin müəllimi

 

 

“Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır.”

Azərbaycan ta qədimdən müxtəlif dinlərə, mədəniyyətlərə məxsus, dil və etnik fərqliliklərə malik xalqların yaşadığı məkan olub. Çoxmədəniyyətlilik bu gün də Azərbaycanın zənginliyi, milli sərvətidir. Azərbaycan qədim dövrlərdən bu günə kimi bu sərvətini qoruyub saxlayır.

XX əsrin sonlarından başlayaraq xalqın mübarizə əzminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Ulu Öndər Heydər Əliyev liderlərə məxsus ən ali keyfiyyətlərə malik idi.  Heydər Əliyev qalibiyyət əzmilə yaşayan və dövləti cəsarətlə idarə edən möhtəşəm bir şəxsiyyət idi. Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər,misilsiz uğurlar və tükənməz dövlətçilik təcrübələrini miras qoymuşdur. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Tarixin səhifələrinə nəzər salsaq ölkəmiz Azərbaycanda və Azərbaycandan kənarda yaşayan soydaşlarımızın  on illərlə, yüz illərlə Vətəni olub, bundan sonra da daim Vətəni olacaqdı.

Azərbaycan Respublikasının ərazisində olan hər bir vətəndaş milliyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malikdir. Bu ideya da min illər ərzində formalaşan sülhpərvər, tolerant və vətənçi azərbaycanlı təfəkkürünün ən gözəl ifadəsidir. Ümummilli Lider Heydər Əliyevin miras qoyub getdiyi bu siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həyata keçirilən tədbirlər ölkəmizin dünya arenasında nüfuzunu artırır. Əlavə olaraq  xalqımızın milli həmrəyliyini möhkəmləndirir və ölkəmizi mədəniyyətləri qovuşduran məkan kimi beynəlxalq aləmə təqdim edir.

Kəmalə Məmişova – Zərdab rayonu Bıçaqçı kənd tam orta məktəbinin direktoru

 

 

Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik.”

Azərbaycan tarixən müxtəlif millətlərin dinc yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu bir ölkə olmuşdur. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilmişdir. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşmişdir. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası ictimai-siyasi proseslərə, konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərmişdir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir. Heydər Əliyev hələ sovet dövründə Azərbaycan Respublikasına rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. O dövrdə Azərbaycan ədəbiyyatında, musiqidə, kinoda, təsviri sənətdə və digər sahələrdə xalqın ruhunu, tarixini, milli-mənəvi dəyərlərini təbliğ və tərənnüm edən çoxsaylı əsərlər meydana gəlmişdir. Həmin dövrdə Heydər Əliyev respublikamızdan kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasını, azərbaycanlı diasporunun təşəkkül tapmasını da vacib sayırdı.

Azərbaycan dilinin ölkənin dövlət dili kimi elan edilməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin çox böyük xidmətləri olmuşdur. Bildiyimiz kimi, dövlət dili sahəsindəki mühüm fəaliyyətə Heydər Əliyev ölkəyə rəhbərliyə gəldiyi ilin ilk günlərindən başlamışdır.

1978-ci il Konstitusiyası həqiqətən Heydər Əliyevin öz dövləti, öz xalqı, öz vətəni qarşısında göstərdiyi böyük xidmət idi. 1995-ci ildə Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər olmuşdu və onların çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması ideyası dəstəklənirdi. Müzakirələrin nəticəsi olaraq 1995-ci il Konstitusiyasının 21-ci maddəsində Azərbaycan Respublikasında dövlət dilinin Azərbaycan dili olması öz əksini tapdı.

Azərbaycan dövlətinin tarixində, xalqının yaddaşında əbədi məskən salmış Ümummilli Lider Heydər Əliyev anadan olduğu torpağı, mənsub olduğu milləti xoşbəxt, firavan görmək üçün ömrünü əməli fəaliyyətə, gərgin işə həsr etmişdir. Ana dilinə həmişə xüsusi diqqətlə yanaşan, dilimizin dərin bilicisi Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyun ayının 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman imzalamışdır. Fərmanda dilimizin öz tarixi inkişafı boyu əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər də geniş təhlil edilmiş və həmin problemlərin həlli yolları göstərilmişdir. Bu yolların bəziləri artıq uğurla başa çatmaqdadır. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.

Nübar Qurbanova – Zərdab rayonu Xasa kənd ümumi orta məktəbinin müəllimi

 

“Bizim millətimiz məğrur, cəsur, qəhrəman millətdir. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Bunların hamısı ilə birlikdə, bizim millətimiz öz iradəsinə inanan və öz məqsədlərinə nail olmağa inanan millətdir.”

Tarixin gedişatına nəzər salsaq görərik ki, Azərbaycan xalqı necə çətinliklərdən keçib. Torpaqlarımız strateji baxımdan yaxşı ərazidə yerləşdiyi üçün daim düşmənlərin hədəf mərkəzində olub. Azərbaycan xalqı tək öz həmvətənlərinə deyil, həmçinin başqa xalqların nümayəndələrinə qarşı da çox mehriban olub. Tarixin keşməkeşli yollarından keçən xalqımız ta qədimdən bu günə kimi heç kimə əyilməyib. Çünki məğrur millət düşmən qarşısında heç vaxt əyilməz. Xalqımız daim döyüş meydanlarında öz qəhrəmanlığını sübut edən xalqdır. Bizim millətimiz eyni zamanda çox dərdə dözümlü millətdir. Xalqımız daim çətin situasiyalarda bir olmuşdur. Bir fikir, bir düşüncə ətrafında toplaşmışdır. Bunların hamısı ilə birlikdə, millətimiz öz iradəsinə inanan, öz məqsədlərinə nail olmağa çalışan və bunun üçün daim mübarizə aparan  millətdir.

Bu xalqın tanınmış nümayəndələrindən biri də Ümummili Lider, dahi şəxsiyyət Heydər Əliyev olmuşdur. Böyük dövlət xadimi çətin tarixi-siyasi situasiyalardan asanlıqla baş çıxaran, polad kimi möhkəm siyasi iradəyə malik lider, tarixin gedişatını öncədən görməyi və istiqamətləndirməyi bacaran böyük strateq idi. O, Azərbaycan xalqı və müstəqil dövlətçiliyimiz üçün zəngin nəzəri irs və qüdrətli tarixi təcrübə, idarəçilik təcrübəsi qoyub getmişdir. Onun dərin məzmunlu tarixi irsində Azərbaycana bağlanmayan, Azərbaycanın milli və tarixi taleyini əks etdirməyən bir fikir belə tapmaq mümkün deyil. Çünki azərbaycançılıq onun təkcə əməllərində deyil, qəlbində və zəkasında, daxili-mənəvi varlığında, əzəmətli şəxsiyyətində idi.

Səliqə İsmayılova – Zərdab şəhər 1 saylı məktəb-liseyin müəllimi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki