Ankara Afrika strategiyasını dərinləşdirməkdə davam edir. Türkiyə Somali sahillərində həm neft yataqlarına maraq göstərir, həm də bu dövlətlə hərbi əməkdaşlığı genişləndirir. Somalidə qeyri-sabitlik hökm sürsə də, Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan son iyirmi ildə bu ölkəni ziyarət edən ilk qeyri-Afrika ölkəsi lideri olub.
Qanunla.Az xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əks olunub.
Təhlildə bildirilib ki, Türkiyənin xaricdəki ən böyük hərbi bazası Somalidə yerləşir:
“İki ölkə arasında neft yataqlarının kəşfiyyatı ilə bağlı bir sıra ikitərəfli sazişlər imzalanıb. Geoseysmik tədqiqatlar Somalinin ən azı 30 milyard barrel neft və qaz ehtiyatına malik olduğunu göstərir. Türkiyənin enerji təchizatı təxminən 74% idxaldan asılıdır, buna görə də Ankara enerji sektorunu şaxələndirmək niyyətindədir.
Afrika ölkələri Türkiyə ilə ticarət, diplomatik və təhlükəsizlik əlaqələrini gücləndirməyi hədəfləyiblər. Ankara Afrika ölkələri ilə ticarəti atırmaq və yeni azad ticarət zonaları yaratmaq siyasətini təşviq edir. Ankaranın Afrika siyasəti tərəflər üçün səmərə verən ən uğurlu istiqamətlərdən biri sayılır. Türkiyə son iyirmi ildə Afrikadakı səfirliklərinin sayını 2002-ci ildəki 12-dən 2022-ci ildə 44-ə yüksəldib. Türk Hava Yolları Afrikanın 62 istiqamətinə uçuşlar həyata keçirir, 38 Afrika ölkəsi isə Ankarada səfirlik açıb. Türkiyənin qitədə artan təsiri 2003-cü ildəki 5,4 milyard dollarlıq ticarətdən 2022-ci ildə 41 milyard dollara qədər yüksəlib. Türkiyə investorlarını Afrikanın gənc əhalisinin zəngin iqtisadi faydalar vəd edən mallara artan tələbatı cəlb edir”.
Analizdə xatırladılıb ki, Ankaranın Afrikadakı fəallığı asan başa gəlmir:
“Türkiyə Afrikada ABŞ, Fransa, Rusiya və Çin kimi dövlətlərlə rəqabət aparmalıdır. Rəcəb Tayyib Ərdoğan Afrika ölkələri ilə 75 milyard dollarlıq ticarətin hədəfləndiyini səsləndirsə də, rəqiblərlə mübarizədə bu göstəriciyə çatmaq çətindir. Türkiyə indiyədək yalnız dörd Afrika ölkəsi ilə – Tunis, Misir, Mərakeş və Mavrikiya ilə azad ticarət müqaviləsi imzalayıb. Kasıb dövlətlər olan Somali və Sudan hələ də Türkiyədən yardım alırlar. Somali və Sudanın ticarət baxımından potensialı zəifdir.
Türkiyə Afrika ölkələrinə satdığı pilotsuz uçuş aparatları hesabına qara qitənin dördüncü ən böyük silah tədarükçüsünə çevrilib. Bununla belə, türk şirkətləri Çin firmaları ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Çin dövləti öz şirkətlərinə birbaşa “Exim Bank” vasitəsilə dəstək verir. Təkcə 2023-cü ildə Çinin Afrikadakı investisiyalarının həcmi 282 milyard dollara çatıb. Müqayisə üçün qeyd edək ki, Türkiyənin bu günə qədər Afrikaya sərmayəsi 10 milyard dollar civarında olub. Türkiyə Afrikada Çinlə ayaqlaşmaq üçün qara qitəyə yatırımlarının həcmini artırmalıdır. Ancaq bunu reallaşdırmaq çətindir. Çünki iqtisadi problemlərini həll etməyə çalışan Türkiyənin özünün yatırımlara ehtiyacı var”.