image-qanunla-reklam
image-88741792

Qələbəmizin rəmzi olan “Dəmir Yumruq” təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir

image-lady-day-az

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşünülmüş strategiyası sayəsində şanlı ordumuzun 30 illik işğala son qoyaraq torpaqlarımızı azad etməsi dövlətçilik tariximizə şanlı səhifə kimi həkk olundu. Bu zəfər uşaqdan- böyüyə qədər hər birimizə intizarında olduğumuz qələbənin sevincini yaşatdı. Haqq-ədalət uğrunda apardığımız bu müharibədə qazandığımız tarixi qələbə Azərbaycanı bütövləşdirdi, daha da müba¬riz etdi, milli həmrəyliyimizi gücləndirdi. Bu qələbə, həm də dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Biz qalib xalqın nümayəndələri olmağımızla, belə bir ölkədə yaşamağımızla və bu qələbəni bizə bəxş edən ordumuzla fəxr edirik.
Möhtərəm Prezidentimiz demişdir ki, biz hərbçilərimizlə haqlı olaraq fəxr edirik və fəxr edəcəyik. Onlar əsl qəhrəmandırlar. Biz bütün xalqımızla fəxr edirik. Çünki bu 44 gün ərzində göstərilən həmrəylik, birlik bütün dünyaya Azərbaycan xalqını çox ləyaqətli və böyük xalq kimi təqdim etdi. Bizim Qələbəmizin rəmzi olan dəmir yumruq təkcə güc rəmzi deyil, bu, birlik rəmzidir. Biz birləşdik və istədiyimizə nail olduq, tarixi ədaləti bərpa etdik.
Bir sözlə, sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsi şanlı Azərbaycan Ordusunun Tarixi Zəfəri ilə başa çatdı və 30 ilə yaxın davam edən işğala həmişəlik son qoyuldu. Güclü Silahlı Qüvvələrimizin əsgər və zabitləri, hərbçiləri Vətənimizin ərazi bütövlüyü naminə bir yumruq kimi birləşib, qəhrəmancasına vuruşaraq Azərbaycan Ordusunun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər. Ali Baş Komandanımız, Prezident İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciəti zamanı da bildirdi ki, 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq: “Müharibə dövründə hamımız bir şüarla yaşayırdıq – öldü var, döndü yoxdur. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi. Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq”. Ən əsası isə bütün bu uğurlar, məhz ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev cənablarının qətiyyətli addımı, mövqeyi və nəhayət yürütdüyü “Dəmir yumruq” siyasəti dayanır.
Və bu gün “Dəmir yumruq” birliyi, Azərbaycan dövlətinin qüdrəti, Müzəffər Ali Baş Komandanın iradəsi və Ordumuzun şücaəti sayəsində Qarabağ işğaldan azad olundu. Haqq və ədalətin bərpası isə əlbəttə ki, şəhidsiz, qazisiz ötüşmədi. Hərbçilərimiz şəhidlik zirvəsinə ucalaraq, qazi olaraq Vətən qarşısında öz vətəndaşlıq borcunu şərəflə yerinə yetirdilər. Minlərlə hərbçimiz yüksək dövlət orden və medalları ilə təltif edildi. Məhz onların qəhrəmanlığı, şücaəti, fədakarlığı hər bir azərbaycanlı, xüsusilə gənc nəsil üçün örnək olmalıdır. Çünki Azərbaycan gəncləri Vətən Müharibəsində böyük şücaət göstərdilər, vətənpərvərlik ruhunda, dövlətə sədaqət ruhunda yetişmiş gənclər torpaqlarımızı işğalçılardan azad etdilər. İşğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşdular. Bu, tarixi bir hadisə idi və Azərbaycan tarixində buna oxşar parlaq qələbə olmayıb. Məhz 44 günlük Vətən Müharibəsində Azərbaycan dövləti və xalqı bütün dünyaya öz gücünü göstərdi. “Dəmir yumruq” birliyi ilə haqq və ədaləti bərpa etmiş Azərbaycan xalqı qələbə, zəfər tarixi yazdı.

 

Rəşad Kərimov,
Salyan RİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları
və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri,
Vətən müharibəsi iştirakçısı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki