image-qanunla-reklam
image-16946009136486544834_1200x630

Misirin Qibti Pravoslav kilsəsinin başçısına ermənilərin barbar əməlləri barədə materiallar təqdim edilib

image-lady-day-az

Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov Misirin Qibti Pravoslav kilsəsinin başçısı Papa II Tavadros ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, diplomatımız Papa II Tavadrosa Azərbaycanın tarixi, coğrafiyası, milli kimliyi barədə geniş məlumat verib, ölkəmizin müxtəlif dinlərə və inanclara malik millətlər və xalqlar arasında tolerantlıq diyarı olduğunu söyləyib. O qeyd edib ki, ölkəmiz müxtəlif sivilizasiyaların qovuşduğu müxtəliflik və mədəni plüralizm üçün geniş bir məkana çevrilib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E.Poluxov diqqətə çatdırıb ki, Ermənistan 30 ildən artıq müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb, BMT tərəfindən qəbul edilmiş qətnamələrə əməl etməyib, həmin dövrdə sistemli şəkildə azərbaycanlı kimliyini yer üzündən silmək üçün xalqımıza aid olan mədəni irs nümunələrini qəsdən dağıdıb, hətta məscidləri, ziyarətgahları belə murdarlayaraq tövlələrə çevirib. Səfir erməni barbarlığı haqqında müvafiq materialları həmsöhbətinə təqdim edib.

Görüş zamanı səfir E.Poluxov iki ölkə arasında əlaqələrin inkişafından söhbət açıb, 2023-cü ildə yüksək səviyyədə qarşılıqlı səfərlərin həyata keçirildiyini xatırladıb. O əlavə edib ki, cari ilin yanvarında Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Azərbaycana səfəri, parlament rəhbərlərinin qarşılıqlı səfərləri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaradıb, həmçinin dövlət başçıları tərəfindən iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlığın möhkəmləndirilməsi üzrə əzmkarlıq nümayiş etdirilib.

Papa II Tavadros Azərbaycan-Misir əlaqələrinin inkişafından məmnunluq duyduğunu söyləyərək, səfirdən Azərbaycanda dini azadlıqlar, Ermənistanla olan münaqişə haqqında ətraflı məlumat verilməsini xahiş edib. O, bütün dünyada əmin-amanlığın, o cümlədən Ermənistan-Azərbaycan arasında sülhün bərqərar olması üçün dua etdiyini söyləyib.

E.Poluxov işğaldan azad edilmiş torpaqlarda aparılan quruculuq işlərinə toxunub və diqqətə çatdırıb ki, dağıdılmış məscid və dini ziyarətgahların təmiri, yenidən inşa edilməsi həyata keçirilən quruculuq işlərində əsas yer tutur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki