image-qanunla-reklam
image-43333-1707930004

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir

image-lady-day-az

İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.  Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yürütdüyü siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir. Cənab İlham Əliyevin etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət qazandırdı. Xalqımızın ona olan böyük etimadının nəticəsidir ki,  2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində cənab İlham Əliyev rəhbər seçildi.  Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilmişdir.  Cənab Prezident tərəfindən aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verməkdədir.  Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərini aydın göstərir. Təkcə dövlət büdcəsinin xərclərinin 30 dəfə artırılması yetərli faktır. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılmışdır.  Ümumilikdə, son 20 ildə respublika üzrə ümumi gücü 4 min MVt olan 71 yeni elektrik stansiyası istismara verilmişdir. Hazırda ölkədə ümumi gücü 8 min MVt olan 93 elektrik stansiyası mövcuddur. Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlər  həyata keçirilmişdir. Cənab İlham Əliyev prezidentlik dövrünün 17 ilini torpaqlarımızın azad olunması məqsədilə hazırlıq işlərinə yönəltmiş, ordumuzu Qələbəyə hazırlamış, diplomatik cəbhədə üstünlüyümüzü təmin etmək üçün ən yüksək tribunalardan haqq səsimizi dünyaya çatdırmışdır. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır.  Bu tarixi hadisələrin əhəmiyyəti milli inkişafımızın yeni bir mərhələsinin başlanması ilə əlamətdardır.  Qalib xalqın Qalib Prezidenti, Müzəffər ordunun Ali Baş Komandanı, dünya azərbaycanlılarının Lideri İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan qarşısında daha geniş üfüqlər açılmışdır.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.

XX əsrin 80-ci illərinin sonları-90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Həmin dövrdə Azərbaycanda hökm sürən hərc-mərclikdən istifadə edən Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş, Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. 2019-cu ildən etibarən isə Ermənistan hərbi-siyasi rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuşdur. Ermənistanın qəbul etdiyi təcavüzkar və hücum xarakterli milli təhlükəsizlik strategiyası işğal edilmiş ərazilərdə qeyri-qanuni məskunlaşdırma siyasətini genişləndirməsi, “yeni ərazilər uğrunda yeni müharibə” çağırışı, mülki şəxslərdən ibarət “könüllü dəstələri” yaratmaq qərarı, 2020-ci il iyulun 12-də Ermənistan–Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində təxribat törətməsi, eyni zamanda, bütövlükdə qoşunların təmas xəttində gərginliyi artırması, cəbhə xəttinə yaxın ərazilərdə qoşunlarını cəmləşdirməsi, böyük həcmdə silah-sursat toplaması Ermənistanın genişmiqyaslı hücuma hazırlaşdığını göstərirdi. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanı ilə 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan edilmiş, 28 sentyabr 2020-ci il tarixli Sərəncam ilə Azərbaycan Respublikasında qismən səfərbərlik elan olunmuş, hərbi əməliyyatlara hazırlıq və onların keçirilməsinə dair qərarlar qəbul edilmişdir. İlk gündən Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən başlanılmış əks-hücum əməliyyatları nəticəsində Azərbaycan Respublikasının bir neçə rayonunu, eləcə də strateji əhəmiyyətli digər əraziləri işğaldan azad edilmişdir. Vətən torpaqlarını işğaldan azad edən rəşadətli və müzəffər Ordumuzun həyata keçirdiyi uğurlu hərbi əməliyyatlar nəticəsində Ermənistan Respublikasının silahlı qüvvələri darmadağın edilərək, canlı qüvvə və texnika sarıdan böyük itkilər verərək geri çəkilməyə məcbur olmuşlar. Beləliklə bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın edildi və erməni ordusunun əslində  qorxaq və təslimçi ordu olduğusübuta yetirildi.

 Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev

 

 

Antiterror əməliyyatı qaçılmaz idi.

İkinci Qarabağ – Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” öhdəliyi icra edilmədi. Vətən müharibəsindən ötən son illər ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Nəhayət, bütün bu qanunsuz əməllərin qarşısının alınması üçün ölkəmiz tərəfindən bu ilin aprel ayının 23-də Laçın rayonunda Həkəri çayının üzərində “Laçın” sərhəd-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda humanitar məqsədlə paralel olaraq, Ağdam-Xankəndi yolunun təklif edilməsi Ermənistan tərəfinin bütün xain planlarını alt-üst etdi. Öz çirkin məqsədlərinə çata bilməyən düşmən bölgədə erməni sakinlərinə qarşı “soyqırım”, “blokada” və “humanitar böhran”ın aparılması barədə yalan və əsassız iddialarla çıxış etməklə, humanitar yardım prosesini beynəlxalq müstəvidə siyasiləşdirməyə, ölkəmizə qarşı qarayaxma kampaniyası aparmağa başladı. Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrinin ön xətt və dərinliklərdə olan mövqelərini, uzunmüddətli atəş nöqtələrini, döyüş vasitələrini, bir sözlə, yalnız legitim hərbi obyektləri və infrastrukturu hədəfə alaraq nöqtə atışlı zərbələrlə neytrallaşdırdı. Bu davranış ordumuzun arsenalında müasir tipli silahlara və yüksək texniki imkanlara malik olmasına rəğmən, ümumilikdə ölkəmizin yüksək humanizm prinsiplərinə sadiqliyini və zəngin mənəvi keyfiyyətlərə sahib olduğunu əyani şəkildə nümayiş etdirdi. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Veteran müəllim, rayon ağsaqqalı- Vəfadar Niftəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki