image-qanunla-reklam
image-ilham-eliyev

Ermənistan Azərbaycanın mülki əhalisinə və hərbçilərinə qarşı sistemli şəkildə müharibə cinayətləri törədib

image-lady-day-az

Son bir əsrdə ermənilər tərəfindən Azərbaycan dövlətinin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyi əleyhinə, yerli əhaliyə qarşı saysız hesabsız terror, soyqırımı, insanlıq əleyhinə cinayətlər törədilib. Azərbaycan xalqı hər zaman ermənilər tərəfindən kütləvi qətlə, yaşayış yerlərinin dağıdılmasına məruz qalıblar. 1905-ci ildə ermənilər Cənubi Qafqazın müxtəlif bölgələrində, o cümlədən də Bakı şəhərində kütləvi qırğınlar törədiblər. Çoxlu sayda günahsız Azərbaycanlını qətlə yetiriblər. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində silahlı erməni quldur dəstələri Bakı şəhərində, habelə quberniyaya daxil olan Şamaxı, Quba və digər şəhər, qəzalarda on minlərlə dinc sakini amansızlıqla qətlə yetiriblər. Yaşayış məntəqələrini talan edib dağıtmış, mədəniyyət abidələrini, məscid və qəbiristanlıqları yerlə-yeksan ediblər. Cinayətkar ermənilər Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə də kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu hadisələrin qurbanları yalnız günahsız azərbaycanlılar deyil, bölgədə yaşayan digər xalqların nümayəndələri də olub. Yaşlı, qadın, azyaşlı uşaq xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirilib. Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım siyasəti bununla bitməyib. Postsovet dövründə İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar bir neçə dəfə deportasiyaya məruz qalıblar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı Azərbaycan tarixinə ən dəhşətli, qanlı və faciəli səhifələrdən biri kimi daxil olub. Ermənistanın Azərbaycana qarşı törətdiyi təcavüz və soyqırımlar içərisində Xocalı soyqırımı bu hadisələr arasında xüsusi qəddarlığı ilə seçilir. Xocalı hadisəsi ötən əsrin ən ağır soyqırımı hadisələrindən biridir. Amansızlığına görə dünya tarixində törədilmiş ən qəddar cinayətlər sırasında olan bu faciə zamanı 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150-sinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərdən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. O dövrdə ermənilər yalnız Xocalıda deyil, Başlıbel, Ballıqaya, Ağdaban, Meşəli, Cəmilli, Quşçular, Malıbəylidə də soyqırım, kütləvi qırğınlar həyata keçirdilər. Vətən müharibəsi dövründə də terrorçu Ermənistan öz soyqırım siyasətini, vəhşilik, qəddarlıq və qırğınlarını davam etdirdi. Gəncənin, Tərtərin və digər şəhərlərimizin gecə vaxtı davamlı raket atəşinə tutması nəticəsində onlarla insan həlak olub, yüzlərlə insan müxtəlif bədən xəsarətləri alıblar. Azərbaycan dövləti Ermənistanın törətdiyi soyqırımın, cinayətlərin, vandalizmin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində daim sistemli tədbirlər həyata keçirir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də elan edilən “Xocalıya ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

44 günlük Vətən Müharibəsi nəticəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından azad etdikdən sonra ermənilərin vətənimizdə hansı vəhşiliklər törətdiyinin əyani şəkildə şahidi olduq.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki