image-qanunla-reklam
image-16657261183055817636_1000x669

Ermənilərin bizə “bəxş” etdikləri – 1 milyon qaçqın, 1 milyon mina…

image-lady-day-az

Azərbaycan ərazilərini minalardan təmizləmək üçün 30 il vaxt və 25 milyard ABŞ dolları lazımdır! 42,5 milyard manat! Bunu beynəlxalq mütəxəssislər hesablayıb. Dövlət başçımız da Astanada keçirilən sammitdəki çıxışında bu faktı diqqətə çatdırıb.

Xatırladım ki, Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi təqribən 30 milyard civarındadır. Deməli, təkcə indiki şərtlər çərçivəsində Azərbaycan dövləti xalqa çatası il yarımlıq vəsaitlərini erməni faşistlərinin basdırdıqları minaların təmizlənməsinə sərf etməlidir! Görün bu qədər vəsaitlərlə nələr edə bilərdik. Yeni bir şəhər salmağa, paytaxt tikməyə kifayət edəcək vəsaiti təkcə minaların təmizlənməsinə sərf edəcək dövlətimiz!

Bu mənada Ermənistanın işğal dövründə Azərbaycana vurduğu zərər barədə danışarkən işlədilən 50 milyard dollar rəqəmi heyrət doğurur. Nə 50 milyard?! Təkcə mina çirklənməsinə bu qədər vəsait xərcləyəcəyiksə, deməli, söhbət yüz milyardlarla dollarlıq təzminat tələbindən getməlidir! İmkanları yoxdur? Bəs onları kim vadar etmişdi Azərbaycan torpaqlarını zəbt eləsinlər, sərvətlərimizi talasınlar, qəbirlərimizi, evlərimizi dağıtsınlar, yeraltı-yerüstü ehtiyatlarımızı tarmar eləsinlər, rədd olub gedəndə də mina düzsünlər ayağımızın altına?! Ermənilər azı bir əsr Azərbaycana təzminat ödməlidirlər ki, bir də bizə qarşı xam xəyala düşməsinlər!

Ölkə başçısı onu da deyib ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Sitat: “İlkin hesablamalara görə, Ermənistan işğal zamanı bir milyondan çox mina basdırıb”.

Təsəvvür edin, erməni qaniçənlərin 30 il ərzində basdırdığı minaları Azərbaycan bundan sonra daha 30 il ərzində təmizləməlidir! Ermənistanın işğalı nəticəsində 1 milyon azərbaycanlı evindən, yurdundan didərgin salındı, məşəqqətli ömür yaşadı illər uzunu, yurdunun həsrətilə dünyadan köçənlərimizin niskili də bir ayrı dərd. Və 1 milyonumuzu evindən perik salmasının əvəzində Ermənistan faşist ordusu bizə 1 milyon mina qoyub getdi!!! Sanki kod işarədir, ermənilər hər qaçqın-köçkün üçün 1 mina hesablayıblar, soyqırım başqa necə olur ki?!

İşğaldan azad olunmuş ərazilərimizdə hətta elə yerlər var ki, bir kv.metrdə piyada əleyhinə 10 mina basdırılıb! Ədalət olsaydı, təkcə bu fakta görə Ermənistana, erməni faşistlərinə yaşamaq haram edilərdi. Amma bu günədək bir erməni qaniçəni beynəlxalq məhkəmə qarşısında dayanmayıbsa, nə ədalət?!

 

Elyurə Məmmədova-Zərdab Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki