image-qanunla-reklam
image-304844025_638685774277871_1335429574185790171_n

Cənab Prezidentin İtalya səfəri çoxlu sayda ikitərəfli sənədlərin imzalanması ilə səciyyələndi

image-lady-day-az

Cənab Prezidentin İtalya səfəri çoxlu sayda ikitərəfli sənədlərin imzalanması ilə səciyyələndi.

Səfər çərçivəsində iki dövlət arasında ümumilikdə 28 sənəd imzalandı. Bu sənədlər siyasi, müdafiə, iqtisadi-ticari, energetika, yüksək texnologiyalar, nəqliyyat, infrastruktur, mədəniyyət, elm, turizm, idman, qida təhlükəsizliyi, paytaxtlar səviyyəsində əməkdaşlıq sahələrini əhatə edir. Onlardan 17-si Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Kontenin iştirakı ilə imzalandı və mübadilə olundu. Digər sənədlər biznes forum çərçivəsində imzalandı.

İmzalanmış sənədlər sırasında “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Sənədin bilavasitə Prezident İlham Əliyev və Baş Nazir Cüzeppe Konte tərəfindən imzalanması bu sənədin siyasi yükünü göstərir. Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən “Böyük Yeddiliyin” və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk belə sənəddir. Bu sənədlə ölkələrimiz arasında münasibətlər yeni, daha yüksək səviyyəyə qədəm qoyur. Belə ki, tərəflər bir-birini strateji tərəfdaş kimi qəbul etməklə yanaşı, bu strateji tərəfdaşlığın bütün istiqamətlərdə daha da gücləndirilməsi istəyini ortaya qoyurlar.

Birgə Bəyannamədə Azərbaycan üçün olduqca vacib məqamlar yer alır. Sənədin preambula hissəsində ikitərəfli münasibətlərin əsaslandığı prinsiplər sadalanır ki, bunlar arasında tərəflərin bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək verməsi xüsusilə qeyd olunmalıdır. Tərəflər beynəlxalq münasibətlərdə təcavüz aktının qəbuledilməzliyini vurğulayırlar.

Birgə Bəyannamədə ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərin birmənalı mövqeyi də əks olunur. Sənədin siyasi hissəsində münaqişənin Helsinki Yekun Aktının təməl prinsipləri, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı, BMT və ATƏT-in müvafiq sənəd və qərarları əsasında nizamlanmasına dair olduqca əhəmiyyətli maddə yer alır.

İtaliya hər zaman münaqişənin həlli prosesində Azərbaycanın haqlı mövqeyini dəstəkləyib və onun səyləri hər zaman Azərbaycan tərəfindən yüksək qiymətləndirilib. İtaliya ATƏT-in Minsk qrupunun üzvlərindən biridir və Minsk prosesi çərçivəsində çox fəal olub. Vaxtilə ATƏM-in Minsk Konfransının və sonradan ATƏT-in Minsk qrupunun ilk sədri də məhz italiyalı diplomat Mario Rafaelli olub. Məhz 1993-cü ildə italyan diplomat Mario Rafaellinin Ağdam şəhərinin işğalından sonra BMT Baş katibinə hazırladığı hesabat əsasında BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi qəbul olunub.

Sənəddə, həmçinin Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri, Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP layihəsi və Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində onların rolu və ölkəmiz üçün digər vacib məqamlar da yer alır. Cənab Prezidentin vurğuladığı kimi, Birgə Bəyannamədə əks olunan istər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, istərsə də digər məsələləri əhatə edən müddəalar Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üçün möhkəm əsas təşkil edə bilər.

Nəticə etibarilə, Azərbaycan və İtaliya siyasi, iqtisadi, ticarət, enerji, mədəni-humanitar və digər sahələrdə strateji tərəfdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək barədə iradələrini ifadə edirlər və bu prosesin irəli aparılması üçün iki ölkə arasında davamlı xarakter daşıyan strateji dialoq mexanizmi yaradılır.

 

 Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki