Xarici işlər naziri Ceyhun Bayramov Qırğız Respublikasına rəsmi səfəri çərçivəsində Prezident Sadır Japarov tərəfindən qəbul edilib.
Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş zamanı Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşüldüyü Qırğız Respublikası ilə Azərbaycan arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin və məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb:
“Ölkələrimiz arasındakı fəal siyasi dialoqun ticarət-iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə ikitərəfli uğurlu əməkdaşlığımızı şərtləndirdiyi diqqətə çatdırılıb. Orta dəhlizin tranzit imkanlarından Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qırğızıstanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd olunub. Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatının bu ilin iyul ayında Şuşada, oktyabr ayında isə Qırğızıstanda keçiriləcək qeyri-rəsmi və rəsmi sammitlərin önəmi diqqətə çatdırılıb”.
Görüş çərçivəsində Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə Azərbaycanla Qırğızıstan arasında fəal əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.
“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə danışan Ceyhun Bayramov Ağdamın Xıdırlı kəndində orta məktəbin inşası qərarı ilə bağlı Qırğız Respublikasına təşəkkür edib. Prezident Sadır Japarov son illər dövlətlərarası münasibətlərimizin daha da dərinləşdiyini və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın fəaliyyətindən məmnun olduğunu bildirib. Dinamik şəkildə inkişaf edən və möhkəmlənən ikitərəfli əlaqələrimizin parlamentlər, hökumətlər və sahə nazirlikləri arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb. Tərəflər Qırğızıstan Prezidentinin ölkəmizə qarşıdan gələn səfəri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar”,- məlumatda qeyd edilib.