image-qanunla-reklam
image-bez-nazvaniya

Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır

image-lady-day-az

Azərbaycanın enerji siyasəti regional əməkdaşlığın genişlənməsi üçün etibarlı təminatdır

Azərbaycan uğurlu xarici siyasəti nəticəsində   bütün ölkələrlə, güc mərkəzləri ilə  səmərəli, işgüzar, bərabərhüquqlu münasibətlər  qurub və zaman keçdikcə əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir.  Bu münasibətlər qarşılıqlı inam, hörmət, bir-birinin daxili işinə qarışmamaq prinsipləri əsasında  inkişaf etdirilir.  Hazırda  Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin  yüksələn xətlə inkişafı keçilən yola bir daha nəzər salmağı bir tələb  kimi qarşıya qoyur.  Qurumun tarixi Zəfərimizdən sonra  bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin təmin olunması, Azərbaycanla Ermənistan  arasında münasibətlərin normallaşdırılması istiqamətində göstərdiyi səylərdən, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin  üç dəfə keçirilən  görüşündən, bir sözlə,  hazırda qurumun vasitəçiliyini  neytrallığı  qorumaq şərti ilə həyata keçirməsindən bəhs etmədən öncə  enerji  sahəsində əməkdaşlığımızın dünəninə nəzər yetirmək zərurəti yaranır. Avropa İttifaqı hər zaman  Azərbaycanın iştirakçısı və təşəbbüskarı olduğu, dünyanın enerji xəritəsini yenidən tərtib edən layihələrini dəstəkləyir  və onların uğurlu sonluqla başa çatmasına öz töhfəsini verməyə səy göstərir.  Dövlət başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir, Avropa Komissiyası ilə əməkdaşlığın genişləndirilməsi üçün  böyük potensialın olduğunu vurğulayır. Bu ilin  iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində də Prezident  İlham Əliyev Azərbaycanın enerji sektorunda qazandığı nailiyyətlərdən, Cənub Qaz Dəhlizinin uğurlu sonluqla başa çatmasından geniş bəhs edərək bildirmişdir ki,  Azərbaycan və Avropa Komissiyası arasında məhsuldar əməkdaşlıq mövcuddur.  Bu da Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm rol oynayıb və gələcək planlarımızın reallaşdırılmasına öz müsbət təsirini göstərəcək. Azərbaycan daim  Avropa Komissiyası ilə  təmasdadır.  Avropa İttifaqı və Azərbaycan arasında enerji dialoqu yaradılıb. Buraya neft və qaz kimi ənənəvi sahələr, həmçinin  elektrik enerjisi, bərpaolunan enerji, hidrogen və enerjinin səmərəliliyi məsələləri də daxildir.

Bu gün Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Uğurlarımızın davamlılığı öz növbəsində beynəlxalq əməkdaşlığın inkişafına da öz müsbət təsirini göstərir.  Bu baxımdan Azərbaycanla Avropa İttifaqı arasında 2018-ci ildə  imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi ikitərəfli tərəfdaşlıq əlaqələrinin  inkişafı üçün yeni imkanlar açdı. Avropa İttifaqı əlverişli geostrateji mövqeyə malik olan Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin və mühüm enerji layihələrinin həyata keçirilməsində rolunu yüksək qiymətləndirir. Qeyd olunan sənəddə Azərbaycanın yerləşdiyi coğrafi məkanın  rolu da əsaslı şəkildə təhlil edilib. Azərbaycan müxtəlif dinlərin, mədəniyyətlərin qovşağında yerləşən ölkə olaraq  mədəniyyətlər, sivilizasiyalararası dialoqa öz töhfələrini verir. Ölkəmiz, eyni zamanda, tolerant, multikultural cəmiyyətlərin formalaşmasına töhfələr verən ölkə kimi nüfuz qazanır. “Tərəfdaşlıq prioritetləri” sənədi Azərbaycanın bu sahədəki uğurlarına  işıq salır. Belə ki, Avropa İttifaqı Azərbaycanın dünyəvi və müasir cəmiyyət quruculuğu sahəsində müsbət təcrübəsini yüksək qiymətləndirir.

 

Nailə Əliyeva-Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki