Azərbaycan xalqı haqq savaşını apardı və parlaq Qələbə qazandı.
Azərbaycan Prezidentinin apardığı güclü və alternativsiz siyasət sülh və humanizm prinsiplərinə əsaslanır. Hər zaman olduğu kimi indi də mənfur siyasətə sadiq qalan Ermənistanı himayə etmək istəyən, əslində cinayətkar olub,mələk pərdəsi arxasında gizlənən qüvvələr 44 günlük Vətən müharibəsində Azərbaycanda Prezident-Xalq-Ordu birliyinin vəhdət təşkil edərək, düşmənin belini qıran “Dəmir Yumruq”, daha sonra “Fərrux” və “Qisas” əməliyyatlarını qəti şəkildə unutmamalıdır.
Ona görə ki, Azərbaycan xalqı haqq savaşını apardı və parlaq Qələbə qazandı. Bütün tarixi faktlar sübut edir ki, Qarabağ və ətraf digər rayonlar Azərbaycanın əzəli dədə-baba yurdudur. Qarabağla bağlı bundan sonra istənilən bir məsələ Azərbaycanın daxili işidir. Güclü dövlətimiz və yenilməz Ordumuz torpaqlarımızın ərazi bütövlüyünü əbədi olaraq təmin etmişdir. Ermənistan tərəfi regionda əgər sülhün tərafdarıdırsa mütləq Azərbaycanın tələblərini icra etməli və acı məğlubiyyəti ilə barışmalıdır.
Təkcə Ermənistan rəhbərliyinə və ordusuna deyil, Vətən müharibəsində Azərbaycan öz gücünü, öz qüdrətini bütün dünyaya göstərdi. Ermənistanın imzaladığı kapitulyasiya aktı məğlubiyyətin sübutudur. Bu kapitulyasiya aktına görə, bir güllə atmadan Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, Azərbaycan bayrağı orada qaldırıldı. Bu, onu göstərir ki, Azərbaycan müharibəni həm döyüş meydanında, həm siyasi müstəvidə uğurla başa vurdu. Bugün Partiyamızın Sədri, dövlətimizin başçısı cənab İlham Əliyevin xüsusi göstərişi ilə işğaldan azad olunan ərazilərimizdə sürətli bərpa-quruculuq işləri həyata keçirilir. Çevik və dinamik şəkildə icra olunan layihələr, genişmiqiyaslı işlər “Böyük Qayıdış”ın başlanığıcıdır. Bütün proseslər onu göstərir ki, yaxın gələcəkdə azad olunan doğma ərazilərdə vətəndaşlarımız əbədi olaraq təhlükəsiz şəraitdə yaşayacaqdır!
Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.
44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli digər Sərancamı ilə Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılması qərara alınmışdır.
Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc