image-qanunla-reklam
image-16518278691432348538_1000x669

Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib

image-lady-day-az

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilib

Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub. Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir. 2003-cü il oktyabrın 15-də Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb, ölkəmizin beynəlxalq miqyasda mövqelərini daha da möhkəmləndirib. Müstəqil Azərbaycan Respublikasının müasir inkişafı həm ölkəmizin iqtisadi-hərbi qüdrətinin dönmədən artırılması və həm də müstəqil xarici və daxili siyasətin ardıcıl olaraq uğurla həyata keçirilməsi ilə şərtlənir.

Möhtəşəm Qarabağ Zəfəri, bütün istiqamətlər üzrə inkişaf etmiş və beynəlxalq aləmdə öz sözü olan güclü Azərbaycanın tarixində xüsusi bir İlham Əliyev erasının yaranmasını müəyyən etmişdir. Müstəqil Azərbaycan dövlətinin Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası, Qoşulmama Hərəkatı, Ümumdünya Səhiyyə Təşkilatı və sair mötəbər beynəlxalq qurumlar səviyyəsində qazandığı böyük nüfuz, dünya ölkələri ilə qarşılıqlı əməkdaşlıq sahəsində əldə edilmiş mühüm nailiyyətlər Prezident cənab İlham Əliyevin müstəqil dövlətçilik istedadının parlaq reallıqlarıdır. Böyük qürur hissi ilə demək olar ki, bu gün dünyada Azərbaycan Respublikası qədər hərtərəfli şəkildə inkişaf edən və yüksək beynəlxalq imicə malik olan ölkələr çox deyildir.

Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan xalqının qarşısında ən böyük xidməti bilavasitə onun rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun 44 gün ərzində Vətən Müharibəsində əldə olunan tarixi Zəfər nəticəsində torpaqlarımızın düşmən işğalından azad edilməsidir. Prezident cənab İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafı, xalqımızın firavan həyatı, ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Bu Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsidir.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki