image-qanunla-reklam
image-tia_268399d77f38aac7b83cc9b0c27ee930_7mp6azsk15gbcrtox8f3-637x336

ATƏT-in Minsk qrupunun vasitəçilik missiyasına ehtiyac yoxdur

image-lady-day-az

Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclası keçirilib. Bu mötəbər tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyev iclasda çıxış edib. Öz çıxışında bir sıra məqamlara toxunan ölkə başçısı 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan vəziyyət, bu ilin sentyabrda Azərbaycan-Ermənistan sərhədi ərazisində silahlı toqquşmalar və onların səbəbləri, bir sıra dövlətlərin ölkəmizin haqq işinə biganəliyi, işğalçı dövləti açıq-aşkar müdafiə etmələrindən danışmışdır. Bildirilmişdir ki, 28 il ərzində ATƏT-ni Minsk Qrupunun fəaliyyəti sıfıra bərabər olub.Bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi. Belə münasibətlə razılaşmayan Azərbaycan münaqişəni özü həll edib.

Azərbaycan və Ermənistan arasında danışıqlar Avropanın, eləcə də Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin üstünlüyü və vasitəçiliyi ilə keçirilirsə, deməli, Minsk Qrupuna, doğrudan da, ehtiyac yoxdur. Prosesin bu cür davam edəcəyi gözlənilən idi. Həmçinin, bu məqamda Minsk Qrupunun həmsədrliyində təmsil olunan dövlətlərə diqqət etmək lazımdır. ABŞ ilə Rusiyanın istər daxili, isrərsə də xarici siyasətdə eyni nöqtəyə vurması qeyri-mümkündür, Fransa isə Qərbi dəstəkləyir. Minsk Qrupu, faktiki olaraq, artıq yoxdur və hüquqi cəhətdən də missiyasını itirib. İnandırıcı deyil ki, Minsk Qrupu bundan sonra hansısa fəaliyyəti ilə yadda qalsın. Məlumdur ki, həmin qurum konkret hansısa işin icrasında öz funksiyasını yerinə yetirə bilmədi.

ATƏT-in Minsk Qrupu 30 ilə yaxın bir dövrü əhatə edən vasitəçilik missiyası uğursuzluğa düçar oldu. Azərbaycan dövlət başçısı və digər rəsmi şəxslər Minsk qrupunun yarıtmaz fəaliyyəti barədə dəfələrlə iradlarını bildirib və hətta həmsədrlərin dəyişdirilməsi məsələsini gündəmə gətirsələr də bu təkliflər nəticəsiz qaldı. Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Torpaqlarımızı işğal altında saxlayan Ermənistan, eləcə də bəzi beynəlxalq güclər zaman keçdikcə millətin bu işğalla barışacağını düşünür, fəaliyyətsiz mövqe sərgiləyirdilər. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və milləti öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların fəaliyyətini reallığa çeviririk. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq-ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Minsk Qrupu tərəfsizliyin üstündən xətt çəkərək Ermənistanın yanında yer aldı.

İkinci Qarabağ müharibəsinə qədər dövlət başçımız bu təşkilatın fəaliyyətsizliyi ilə bağlı dəfələrlə çıxışlar etmiş, bəyanatlar vermişdir. Amma Minsk qrupu bütün bunlardan heç bir nəticə çıxarmayıb və öz bildiyini edib. Nəhayət, Azərbaycan dövləti BMT Təhlükəsizlik Şura¬sının 30 ilə yaxın müddətdə icra olunmayan 4 qətnaməsini, həmçinin ATƏT-in Minsk qrupunun yerinə yetirmədiyi öhdəliyi özü yerinə yetirdi. Azərbaycan torpaqlarını işğaldan azad edərək, ölkəmizi bütövləşdirdi və Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi.

 

Zərdab rayon Salahlı kənd tam orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki