image-qanunla-reklam
image-yenigundem_a83815c1e81e96287a276e1cc46140f8_pc76hs3trqamb21olieu-620x460

Anar Məmmədov: Ölkəmizdə dil siyasətinin formalaşdırılması Heydər Əliyevin adı ilə bağlıdır

image-lady-day-az

“XX əsrin son 30 ili ərzində Azərbaycan dilinin hərtərəfli inkişafı, onun təkcə sözdə deyil, gündəlik təcrübədə ümumişlək, dövlət dilinə çevrilməsi beynəlxalq münasibətlər sisteminə – diplomatiya aləminə yol açması, zənginləşə-zənginləşə nüfuz qazanması, hətta dünyanın mötəbər kürsülərindən eşidilməsi ümummilli lider Heydər Əliyevin qayğısı və fədakarlığı sayəsində baş verib. Dil xalqın milli sərvətidir. Onunla bağlı müxtəlif qərarlar, fərmanlar imzalamaqda məqsəd bu olub ki, ana dilimiz hərtərəfli inkişaf etsin. Ümummilli lider Heydər Əliyevin hələ sovet dövründə quruluşun müxtəlif təzyiqlərinə, diktələrinə baxmayaraq, Azərbaycan dilinin çiçəklənməsinə, hərtərəfli inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi də birbaşa ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atmış və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalamışdır. Ulu öndərin ana dilimizə bəslədiyi məhəbbət və prinsipiallıq sayəsində 1978-ci ildə Konstitusiyanın 73-cü maddəsinə Azərbaycan dilinin dövlət dili olması barədə xüsusi bir müddəa daxil edildi.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər açılmışdır: “Azərbaycanın ilk Konstitusiya layihəsinin müzakirəsi zamanı ana dili məsələsi ətrafında da geniş diskussiya və müzakirələr aparılmışdır. Məsələ yeni Konstitusiya layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində, müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olunmuşdur. Nəhayət, xalqımız 1995-ci il noyabr ayının 12-də referendum yolu ilə mövqeyini nümayiş etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması müddəasına tərəfdar çıxmışdır. Beləliklə, dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırılmış, onun hüquqları qorunmuş, cəmiyyətdəki mövqeləri bərpa edilmişdir. 2001-ci ilin avqust ayında isə Azərbaycan dili dövlətçiliyin əsas rəmzi kimi qiymətləndirilərək, 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili bayramı kimi qeyd edildi. Ulu öndərə məxsus bir fikir bu gün də bizim hər birimiz üçün istiqamətverici məna daşıyır: “…Musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, Azərbaycan dili olmasa, Azərbaycan dilində mahnılar da olmaz, musiqi də olmaz.”

Deputat vurğulayıb ki, dilin təşəkkülü həmişə müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb bir yol keçmişdir: “Ümummilli lider Heydər Əliyev həmişə məsləhət görürdü ki, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, milli adət-ənənələrini unutmamalıdır. Ulu Öndərin alternativsiz siyasi kursunun müdrik və yaradıcı davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bütün digər sahələrlə yanaşı, Azərbaycan dilinin qorunması və inkişafını daim diqqət mərkəzinda saxlayır, müasir dövrdə dilçiliyimizə böyük qayğı ilə yanaşır. 2012-ci il 23 may tarixli “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələbinə uyğun istifadəsi və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” sərəncamı Azərbaycan dilinə olan qayğının bariz nümunəsidir. 2013-2020-ci illəri əhatə edən bu proqram çərçivəsində bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. Ölkə rəhbərinin 13 noyabr 2017-ci il tarixli sərəncamı isə dövlət dilimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsinə xidmət edir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki