image-qanunla-reklam
image-yenigundem_0c41b2798a3bb0dc16d94cdc24c42503_zmouqi6b1prg3s4h8752-1

Sevinc Hüseynova: Ulu öndər Heydər Əliyev müstəqilliyimizi daimi və dönməz etdi

image-lady-day-az

“Tarixi təcrübə göstərir ki, hər bir xalqın taleyində mühüm dönüş nöqtələri – həlledici anlar və məqamlar var. Çoxəsrlik dövlətçilik tarixinə, zəngin milli-mənəvi dəyərlərə, ləyaqətli inkişaf yoluna malik olan Azərbaycan xalqı da bu baxımdan istisna deyil. Bir əsrdə iki dəfə müstəqillik qazanaraq yeni ənənələr və dəyərlər yaradan, yaşadan xalqımız XX yüzilliyin 90-cı illərində daha bir çətin və mürəkkəb sınaqla üzləşdi, tarixi-siyasi missiya və məsuliyyətini şərəflə yerinə yetirdi. Bu reallığı  mümkün edən amil isə lider fenomeni idi. İnkaredilməz həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarix səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyi təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur”.

Bu fikirləri “Yeni Gündəm”-ə açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı zaman Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və  ölkənin o dövrkü rəhbərliyi Ulu Öndəri Bakıya dəvət etməyə məcbur oldu. xalqın təkidli tələbi ilə Bakıya qayıdan Heydər Əliyev 1993-cü ilin 15 iyun tarixində  Azərbaycan Ali Sovetinin sədri  seçildi.  Ümummilli lider Heydər Əliyevin Azərbaycan Parlamentinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın mürəkkəb kataklizmlərlə müşayiət edilən daxili siyasi böhrandan qurtulması məhz bundan sonra mümkün oldu. Belə ki, Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi əsasında atdığı praqmatik addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslərin aradan qaldırılmasına nail olundu. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi.

Deputat qeyd edib ki, ulu öndər Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq  aşkarlıq prinsipinə  üstünlük verdi. Belə ki, Milli Məclisin iclasları, mətbuat  konfransları,  respublika  əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. İctimai-siyasi  həyatdakı  gərginliyin  aradan  qaldırılması  üçün lazımi tədbirlər  görülməyə başlandı. Parlamentin 24 iyun tarixli iclasında isə Milli Məclis Prezident səlahiyyətlərinin Ali Sovetin  Sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul etdi. Bu, artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Bütövlükdə, ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-dən oktyabrın 3-dək Ali Sovetə rəhbərlik etdiyi dövrdə parlamentarizm ənənələri yeni nəfəs, yeni qüvvə  aldı. Ordu quruculuğu sahəsində mühüm qərarlar qəbul edildi.  “Şəhid adının əbədiləşdirilməsi və şəhid  ailəsinə  edilən güzəştlər  haqqında”  Azərbaycan  Respublikasının  Qanunu qəbul olundu. Konstitusiyada  və müxtəlif  hüquqi  sənədlərdə zamanın tələblərinə uyğun dəyişikliklər edildi. Eləcə də, separatçılıq cəhdlərinin və vətəndaş qarşıdurmasının qarşısı alındı. Həmin il avqustun 7-də cənub  bölgəsində “Talış-Muğan Respublikası” elan olunmuşdu.  Bununla əlaqədar Heydər Əliyev avqustun 13-də parlamentdə həmin bölgədən olan deputatlar, ziyalılar, ağsaqqallarla  görüşüb vəziyyəti  müzakirə etdi. Avqustun 17-də isə Milli Məclis  “Azərbaycan  Respublikasının Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarında  yaranmış  vəziyyət haqqında” Qərar  qəbul edərək “Talış-Muğan Respublikası” avantürasına  siyasi qiymət verdi. Tezliklə əhalinin istəyi ilə bu  bədnam iddiaya  son qoyuldu.

“Cəmi 4 ay  Ali Sovetin Sədri  vəzifəsində çalışsa da, Heydər Əliyev bu qısa müddətdə parlamentin ruhunu kökündən  dəyişdi, Milli Məclisə  siyasi mədəniyyət  gətirdi. Ulu Öndərin iclası  aparmaq tərzi, fikirlərini  dəqiq əsaslandırması, çıxışların  məğzini tutmaq bacarığı, qiymətli  fikirləri  ümumiləşdirmək qabiliyyəti  özlüyündə  parlamentin üzvləri  üçün yeni bir örnək, əsl parlamentarizm məktəbi idi. Ümumiyyətlə, Heydər Əliyev hakimiyyətdə qayıtdıqdan sonra dövlət quruculuğu prosesi fonunda müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi, qarışıq seçki sistemi əsasında parlament seçkilərinin keçirilməsi dövlətin hüquqi əsaslarının gücləndirilməsi, başqa sözlə, müasir dövlətçilik sisteminin bərqərar edilməsi üçün möhkəm hüquqi baza yaratdı. Kütləvi informasiya vasitələri üzərində senzura aradan qaldırıldı, insan və vətəndaş hüquq və azadlıqları təmin edildi. Bununla yanaşı, məhkəmə islahatlarının həyata keçirilməsi, Konstitusiya Məhkəməsinin və digər mühüm təsisatların yaradılması ölkədə demokratikləşmə prosesinin irəliyə aparılmasında mühüm rol oynadı. Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruldu, vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində ciddi addımlar atıldı. Ombudsman təsisatının yaradılması, ölüm hökmünün ləğv edilməsi kimi islahat xarakterli addımlar da xüsusi vurğulanmalıdır. Digər tərəfdən, ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən mühüm faktor oldu. Bir sözlə, Ulu öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi. Praqmatik xarici siyasət nəticəsində Azərbaycan nüfuzlu dövlətə çevrildi, ölkəmizin dostlarının və tərəfdaşlarının sayı artdı”, -deyən YAP Təftiş Komissiyasının sədri əlavə edib ki, Ulu Öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan bugünkü yüksəlişə və inkişafa nail olub. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ötən müddət ərzində Azərbaycan iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Ən mühüm məqam isə Ulu Öndər Heydər Əliyevin müəyənləşdirdiyi siyasəti layiqincə həyata keçirən möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən 30 ilə yaxın işğal altında olan torpaqlarımızın 44 günlük Vətən müharibəsində azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunmasıdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo