image-qanunla-reklam
image-a8c610043ae3cefddffd033694c42074_2369983

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi

image-lady-day-az

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi

 Azərbaycan xalqının taleyində mühüm əhəmiyyət kəsb edən elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən önəmli başlanğıcların əsası qoyulub.

Belə mühüm günlərdən biri də oktyabrın 15-nə təsadüf edir.

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Azərbaycan xalqı 2003-cü ildə İlham Əliyevi Prezident seçməklə öncə Heydər Əliyevin siyasi kursuna səs verdi. O kursa sadiqliyini nümayiş etdirən xalqımız Ümummilli Liderə sevgisini və inamını bir daha sübut etdi. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Xalqın iradəsi yerli və xarici ekspertlərin də diqqətini cəlb etdi. Amerika Birləşmiş Ştatları, Türkiyə, Rusiya, Fransa və digər ölkələr İlham Əliyevin növbəti dəfə Prezident seçilməsini çox uğurlu addım kimi qiymətləndirdilər və onunla rasional əməkdaşlığa hazır olduqlarını bəyan etdilər. Zəngin və qüdrətli Azərbaycan uğrunda çağırışı ilə milyonları öz ətrafında toplayan İlham Əliyevin yürütdüyü siyasət nəticəsində tezliklə Azərbaycanda demokratik, hüquqi dövlət quruculuğu prosesi uğurla həyata keçirilməyə başladı.

Xalqın bu ümummilli hədəflərə çatmaq arzusu İlham Əliyevin növbəti prezident seçkisindən də qalib çıxmasını şərtləndirdi. 2008-ci ilin oktyabrında xalq yenə də “Bizim uğurlarımızın əsas mənbəyi Azərbaycan xalqının fəaliyyətidir, Azərbaycan xalqının iradəsidir”, – deyən Prezident İlham Əliyevə səs verdi. 2008-ci ilin prezident seçkiləri ölkədə və dünyada böyük rezonans doğurdu. Çünki xalqın yenidən İlham Əliyevə etimad göstərməsi onun həyata keçirdiyi siyasətin uğurları ilə bağlı idi. İkinci müddətə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin fəaliyyəti, əslində, müasir Azərbaycanın inkişafına, tərəqqisinə yönələn fəaliyyətin konsepsiyasına çevrildi.

2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərində xalq öz seçimini etmək üçün kütləvi şəkildə yenidən məntəqələrə axın etdi. Vətəndaşların səsvermədəki fəallığı seçkiləri müşahidə edən xarici ekspertlərin diqqətindən yayınmadı. Müşahidəçilərin hamısı bu amili yüksək qiymətləndirərək İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə demokratik proseslərin geniş vüsət aldığını və budəfəki prezident seçkilərinin də demokratiyanın inkişafı istiqamətində mühüm addım olduğunu bildirdilər.

Ötən dövr Azərbaycanda bütün istiqamətlərdə böyük inkişafın müşahidə edilməsi, ölkəmizin bölgədə və dünyada mövqelərini gücləndirməsi ilə müşahidə olundu. Müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində isə Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayandı. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayını artırdı. Azərbaycan beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirdi. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, həm də bölgədəki əməkdaşlığın inkişafına xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Bununla belə, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində Ermənistanın apardığı etnik təmizləmə və işğal siyasəti nəticəsində doğma torpaqlarından qovulan bir milyon insanın həyat şəraitinin yaxşılaşdırılması, yeni qəsəbələrin salınması diqqətdə saxlanıldı.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi.

Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Dağlıq Qarabağın Azərbaycandan qoparılması ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi, xalqımızı ordumuzun etibarına inandırdı. Azərbaycanda güclü müdafiə sənayesi quruldu.

Bu dövrdə Azərbaycanın iqtisadi uğurları daha da böyüdü, iqtisadi nailiyyətləri ilə hər zaman diqqət mərkəzində olan ölkəmizin valyuta ehtiyatları, o cümlədən Azərbaycana qoyulan sərmayələrin həcmi artdı, güclü sahibkarlıq sinfi yarandı. Regionların sosial-iqtisadi inkişafına dair həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü, Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı.

Ölkədə qeyri-neft sektorunun inkişafı neft siyasətinin məntiqi davamı oldu. Güclü iqtisadiyyatın hər bir ölkənin inkişafında mühüm amil olduğunu bəyan edən Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələrinin, Olimpiya İdman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına mühüm töhfələr verdi. Yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafını göstərdi. Ölkədə minlərlə məktəb tikildi, təhsil müəssisələrinin maddi-texniki bazası gücləndirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Bütün bunların təməlində isə uğurlu enerji siyasəti dayandı.

Ötən illərdə Azərbaycan, həm də Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi, Oğuz-Qəbələ-Bakı su kəmərinin və Taxtakörpü su anbarının istifadəyə verilməsi kimi nəhəng layihələrin icrasına nail oldu.

Azərbaycançılıq fəlsəfəsi İlham Əliyev siyasətinin mənəvi dayağına çevrildi. Milli ləyaqət, milli qürur uğurlarımızın əsas şərtləri oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.

Bu etimadın nəticəsidir ki, 2015-ci ildə ölkəmiz tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarını yüksək səviyyədə qəbul etdi. İctimai-siyasi sabitliyin, iqtisadi inkişafın hökm sürdüyü Azərbaycan cəmiyyətinin tolerantlığı belə mühüm tədbiri həyata keçirmək üçün siyasi iradəyə, iqtisadi qüdrətə və zəruri infrastruktura malik ölkəmizin sahib olduğu güclə vəhdət təşkil etdi. Azərbaycan qədim və zəngin mədəniyyətini, modern və sivil ölkə olduğunu təqdim etmək üçün mühüm beynəlxalq arena qazandı. Əhalisinin mütləq əksəriyyətinin müsəlman olduğu Azərbaycan Avropa dəyərlərini özündə ehtiva edən, həmçinin müasir dünyaya açıq olan ölkə olduğunu sübuta yetirdi.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu

2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları da Azərbaycanın gücünü, onun müsəlman dünyasında oynadığı rolu göstərdi. Bu oyunlar ölkəmizin müasir tarixində şanlı hadisə kimi qaldı və müsəlman ölkələri üçün idman bayramı olmaqla yanaşı, həm də İslam dininə etiqad edən xalqlar arasında əlaqələrin və ümumbəşəri dəyərlərin möhkəmlənməsinə şərait yaratdı. Azərbaycanın bu addımı həmrəylik, əməkdaşlıq və qarşılıqlı anlaşma ruhunun daha da möhkəmləndirilməsinə yönəldi.

Azərbaycanın idman sahəsində daha bir uğuru bu ilin mayında reallaşdı. Belə ki, Bakı Olimpiya Stadionu UEFA Avropa Liqasının final matçına yüksək səviyyədə ev sahibliyi etdi. Bundan əlavə, Azərbaycan paytaxtı 2020-ci ildə futbol üzrə Avropa çempionatı oyunlarının keçiriləcəyi 13 şəhərdən biridir.

Prezident İlham Əliyevin apardığı sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlətimizin başçısının iqtisadiyyatın inkişafı və insanların sosial rifah halının yüksəldilməsi istiqamətində atdığı ardıcıl və effektiv addımlar bunu bir daha təsdiqləyir. Təkcə son bir il ərzində Azərbaycan Prezidentinin imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən iki böyük sosial paket vətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Birinci və ikinci dəfə 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə artırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin 300 mindən çox əlilliyi olan şəxsin, 500 minə qədər məcburi köçkünün, 100 mindən çox tələbə və gəncin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb. İlk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunmağa başladı və bu da 1 milyondan çox insanı əhatə edir. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.

Beləliklə, güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müstəqil və müasir Azərbaycanın qüdrətinə çevrildi, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu.

Məhz görülən işlərin nəticəsidir ki, Azərbaycan xalqı ötən il keçirilən prezident seçkilərində də İlham Əliyevə etimad göstərərək onu növbəti dəfə dövlət başçısı seçdi.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Xalq ona qələbə hissləri yaşadan Müzəffər Ali Baş Komandana öz sevgisini nümayiş etdirir

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın 10-da tarixi qələbəmizlə başa çatdı. Döyüş meydanında darmadağın edilən Ermənistan ordusunun artıq təslim olmaqdan başqa yolu yox idi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin imzaladıqları bəyanatla ordumuzun hərbi cəbhədəki qələbəsi diplomatik cəbhədə də rəsmiləşdirildi. 30 ilə bərabər 44 gün xalqımızın illər uzunu davam edən torpaq həsrətinə son qoydu, ədalət bərpa olundu. Artıq öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır, aranlı-dağlı Qarabağa yeni nəfəs gəlir. “Mən artıq köçkün deyiləm” ifadəsi daha çox səslənən və sevincimizə sevinc qatan fikir kimi hər birimizi qürurlandırır.

44 günlük Vətən müharibəsinin yekununda dövlətimizin başçısı İlham Əliyev qalib sərkərdə, Azərbaycan Ordusu ən güclü ordu, xalqımız isə ən böyük, məğrur, yenilməz xalq olduğunu bir daha təsdiqlədi. Noyabrın 16-da Füzuli rayonuna səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün avtomobilini saxlayaraq düşən Prezident İlham Əliyevin əhali tərəfindən xüsusi coşqu, izdihamla, sonsuz sevinc hissi ilə qarşılanması da xalqın Müzəffər Ali Baş Komandanına hüdudsuz sevgisinin və ehtiramının təcəssümü idi. Həmin məqamda xalq ona qələbə sevincini yaşadan Prezidentinə, Müzəffər Ali Baş Komandanına sonsuz sevgisini bir daha nümayiş etdirdi. Prezident İlham Əliyev hər zaman çıxışlarında bu reallığı önə çəkir ki, daim xalqa arxalanır, ondan güc alır, qəbul etdiyi qərarlarda Prezident-xalq birliyi əsas yer tutur. Təbii ki, hər zaman dövlətinin, xalqının bu gününü və gələcəyini düşünən, qətiyyətli mövqeyi ilə işğalçı Ermənistana və onun havadarlarına tarix, hüquq və milli qürur dərsi keçərək 30 ilin işğalına son qoyan ölkə Prezidentinə milyonların sevgisi şəksizdir. Qələbədən sonra bölgələrə ilk səfərini edən Prezident İlham Əliyev əslində böyük zəfərdən doğan sevinc hisslərini öz xalqı ilə bölüşmüş oldu.

“Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük!” şüarı bu gün xalqın qalib ruhunun güzgüsüdür”, – söyləyən baş redaktor vurğulayıb ki, xalqın orduya inamı və dəstəyi, həmçinin ölkədə hökm sürən milli və siyasi həmrəylik şanlı qələbəmizin ideoloji əsasıdır. O deyib: “Hər zaman Prezidentinin ətrafında sıx birləşən, həyata keçirdiyi siyasətə dəstək olan, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyən xalqımız 44 gündə daha möhkəm yumruq kimi birləşdi. Dövlətimizin başçısı İlham Əliyevin mövqeyindən bir addım belə geri çəkilməməsi, 44 gündə xarici mediaya verdiyi 30-a yaxın müsahibəsində işğalçı dövlətə və onun havadarlarına ünvanladığı sərt mesajlar artıq ədalətin bərpa olunması zamanının çoxdan keçməsinə, amma hələ də dünyanın yalanları ilə münaqişənin həllini uzatması cəhdlərinin qəbuledilməzliyinə işarə idi.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Dövlətimizin başçısı İlham Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının həyatiliyini artıq reallıqda işğalçı Ermənistana, ona dəstək olan aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi

Dövlətimizin başçısı xalqa hər müraciətində haqqa, ədalətə söykənərək işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük inamla bildirirdi. Bu Qələbə ulu öndər Heydər Əliyevin siyasi kursunu son 17 ildə bütün sahələrdə uğurla davam etdirən, Azərbaycana ən möhtəşəm uğurlar qazandıran Prezident İlham Əliyevin ata vəsiyyətini yüksək səviyyədə yerinə yetirdiyinin xalqımıza təqdimatı idi. Dövlətimizin başçısı Qarabağın tacı, ürəyi olan Şuşamızın işğaldan azad edilməsi müjdəsini Şəhidlər xiyabanından xalqa çatdırarkən bu fikri xüsusi vurğuladı: “Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”.

Dövlətimizin başçısı İlham Əliyev “Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatının həyatiliyini artıq reallıqda işğalçı Ermənistana, ona dəstək olan aparıcı dövlətlərə və nüfuzlu beynəlxalq təşkilatlara sübut etdi. “Bu gün bu fikri böyük qürurla qeyd edə bilərik ki, dövlətimizin başçısı İlham Əliyevin Füzuli və Cəbrayıl rayonlarına səfəri qələbənin nidasıdır. 44 günlük müharibənin yol açdığı tarixi qələbə münaqişə tərəfləri arasında köklü fərqi bütün sahələrdə dünyaya çatdırdı. Ermənistan heç zaman Azərbaycanla hansısa sahədə rəqabət aparmaq imkanında deyildi. İşğalçı dövlətin baş naziri Nikol Paşinyan münaqişənin diplomatik yolla həllinin mümkünsüzlüyünü bəyan edib, ordusu haqqında güclü imic yaratmağa çalışsa da, 44 günlük müharibənin gedişində ortaya çıxan reallıqlar onun hər bir bəyanatının xülya olduğunu təsdiqlədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini diz çökdürdü. Saysız-hesabsız hərbi texnikalarını məhv etdi və qənimət kimi götürdü. Müharibənin fərqli nəticələrindən biri də budur ki, Ermənistanda ola-ola öz xalqından gizlənən məğlub Paşinyanı gördüyümüz zaman Azərbaycanda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev rəşadətli Ordumuzla qələbə bayramlaşması üçün Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. “Qarabağ Azərbaycandır və nida” deyən Prezident İlham Əliyev Füzuli və Cəbrayıl rayonlarına səfəri ilə həmin nidanı qoymuş oldu. Siyasətdə və müharibə meydanında, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu zəfərin müəllifidir. Prezidentin 16 noyabr səfəri qalib xalqın qəhrəman Ali Baş Komandanının səfəridir. Bu, tarixi bir səfərdir.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

Azərbaycan etibarlı tərəfdaş kimi nüfuz qazanıb

Son 19 ildə həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Dövlət başçısı İlham Əliyevin  yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrliyi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Dünyada sülhü və konstruktiv əməkdaşlığı tərənnüm edən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüm əhəmiyyət kəsb edir. Belə ki,  Azərbaycanın təşəbbüsü ilə 2013-cü ildə BMT tarixində ilk dəfə olaraq “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda iclas təşkil edilmişdir. Qoşulmama Hərəkatının sədri qismində Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş Xüsusi Sessiyası keçirildi. 18 noyabr 2021-ci il tarixində BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə quruma üzv dövlətlərin  adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.

Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının ən fəal və nüfuzlu üzvlərindən biridir. Ölkəmiz son illərdə  İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir.

Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarından birinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalq tərəfdaşlarının sayının artmasına səbəb olmuşdur. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir.

Son iki ildə tarixi Zəfərimizin yaratdığı reallıqlar Azərbaycanın sözü ilə imzası arasında heç bir fərqin olmadığını təsdiqləyir. Bu reallıqların, yeni əməkdaşlıq formatlarının, sülh gündəliyinin müəllifi Azərbaycandır. Müzəffər Ali Baş Komandanın qətiyyəti ilə qazanılan bu möhtəşəm Zəfər Azərbaycanın qarşısında yeni imkanlar yaradır. Böyük qürur hissi ilə qeyd edirik ki, son iki ildə azad Qarabağımız, azad Şuşamız diplomatik mərkəzə, müxtəlif beynəlxalq əhəmiyyət daşıyan tədbirlərin keçirilməsi məkanına çevrilib. Beynəlxalq əməkdaşlığın yeni formatı və etibarlılıq nümunəsi günümüzün reallıqlarında özünün aydın ifadəsini tapıb. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il  iyunun 15-də iki ölkənin dostluğunun, qardaşlığının, müttəfiqliyinin  rəsmi təsdiqi olan sənədi imzaladı. Azərbaycan -Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu. Ümumilikdə türk dünyasının birliyinin möhkəmləndirilməsi günümüzün əsas çağırışları sırasındadır. Dövlət başçısı İlham Əliyevə ötən il Türk Dünyasının Ali Ordeninin təqdim edilməsi türkdilli dövlətlərin birliyinə, həmrəyliyinə verdiyi töhfələrin təqdimatı oldu.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq

Azərbaycanın dövlət müstəqilliyinin bərpası Azərbaycan dövlətçiliyində yeni bir mərhələ oldu. 71 il çə­kən ilhaqa son qoyuldu.

Azərbaycanda hakimiyyət boşluğu, separatçılıq dövlətçiliyə böyük təh­lü­kə yaratmışdı. Xalq həmin vaxtlarda Naxçıvan Milli Məclisinin sədri olan böyük tarixi şəxsiyyət Heydər Əliyevi təkidlə hakimiyyətə dəvət etdi. Azərbaycanın dövlət müstəqilliyi labüd təh­lü­kə­dən xilas oldu.

İlham Əliyev yeniyetməliyini də, ilkin gəncliyini də, Bakıda 6 saylı orta məktəbdə oxuduğu, Moskva Beynəlxalq Əlaqələr İnsti­tu­tunda təhsil aldığı illəri də “Mən həmişə fəxr etmişəm, indi də fəxr edirəm ki, mən azərbaycanlıyam” qürurunun işığında yaşayıb.

Moskva Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasını bitirən, 1985-ci ildə namizədlik dis­­­­seratsiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi alan, orada dərs deyən İlham Əli­­yev bir həyat amalı ilə yaşayıb: ata yolunun layiqli davamçısı olmaq. Bu amal xalqa sevgi idi. Xal­qa sevgi ilə yaşanılan illər xalq üçün yaşanılan illərdi.

Dünya siyasətçilərinin böyük siyasi nüfuz sahibi adlandırdıqları cənab İlham Əliyev hazırda siyasi elmlər doktorudur, neçə-neçə universitetin fəxri doktorudur.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə xarici iqtisadi əlaqələr üzrə vitse-prezidenti, sonra isə  birinci vitse-prezidenti olan İlham Əliyev Ulu Öndərin neft strategiyasının həyata keçirilməsində fəal iş­ti­­rak edib. Bu iştirak təkcə vəzifə borclarının məsuliyyətlə, sədaqətlə yerinə yetirilməsi ilə məh­dud­laşmayıb, bu iştirak böyük azərbaycançılıq sevgisi ilə yerinə yetirilib.

Böyük tarixi şəxsiyyət Heydər Əliyev oğluna – İlham Əliyevə inanırdı, güvənirdi. 2003-cü il  prezident seçkilərində xalqa müraciətlə demişdi ki, mən namizədliyimi İlham Əliyevin xeyrinə olmaq etibarilə geri gö­tü­rürəm. Xalq Ulu Öndərin istəyini böyük duyğusallıqla dəyərləndirdi, İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.

2005-ci ildə Yeni Azərbaycan Partiyasının sədri seçilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndərin siyasi kursunu bü­tün istiqamətlərdə uğurla davam etdirdi. Uğurlu xarici siyasəti Azərbaycan gerçəkliklərinin dün­ya ictimaiyyətinə çatdırılmasını təmin etdi. Ölkə başçısı münaqişənin sülh yolu ilə həlli istiqa­mə­tində apa­rı­lan danışıqlarda da Azərbaycanın bəşəri mövqeyinin dönməzliyini qətiyyətlə bildirdi.

Azərbaycanda gənclər siyasəti də, idman-Olimpiya hərəkatı da, gənclərin və yeniyetmələrin milli-mənəvi dəyərlərə sədaqət ruhunda formalaşması da Azərbaycanın dünyəvi dövlət olduğunun təsdiqi kimi yaşanılırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərən­cam­la­rı ilə ədəbiyyat, incəsənət, mədəniyyət sahələrində neçə-neçə gərəkli işlər görüldü. Şuşada Tür­ki­yə ilə ikitərəfli Bəyannamənin imzalanması da Azərbaycanın dövlətçilik tarixində dünənlərə ehtiram, sabahlara inam kimi qəbul edildi.

2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatı kimi başlayan İkinci Qarabağ müha­ri­bəsi cənab İlham Əliyevin sərkərdəliyi ilə Zəfərlə başa çatdı. Cənab İlham Əliyev 28 il davam edən işğalı sonlandıran Ali Baş Komandan oldu. Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq. Azərbaycana sevgi, Azərbaycanın sevgisi budur!

2020-ci ilin noyabrın 8-də qazanılan Zəfər tarixi Zəfər oldu. Bu Zəfər Azərbaycan Ordu­su­nun qüdrətinin, xalqın Prezidenti ətrafında sıx birliyinin, xalqın müharibəsində Ali Baş  Koman­da­nın Müzəffər sərkərdəliyinin Zəfəri oldu.

Tarixin bir günü – 1961-ci ilin 24 dekabrı hər birimiz üçün əzizdir.

Cənab Prezidentimiz tarixdə Müzəffər sərkərdə kimi qalacaq…

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Güclü xalq, güclü dövlət, güclü Lider vəhdəti

Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində bu çağırışı etmişdir: “Üzümü Sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.”

Bu çağırışdan, eyni zamanda, cənab İlham Əliyevin xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildiyi 2003-cü il prezident seçkilərindən 19 ildən artıq vaxt keçib. Bu illərin Azərbaycanın həyatında hansı yeniliklərə imza atdığını, hansı mühüm hadisələri çoxəsrlik tariximizə yazdığını dünyaya səs salan inkişaf modelimiz təqdim edir. Qazanılan uğurlar, Azərbaycanın ən yüksək zirvələri fəth etməsi, xalqımızın xoşbəxt xalqlar sırasında qərarlaşması 2003-cü ildə etdiyi seçimdə yanılmadığını, cənab İlham Əliyevin ətrafında sıx birləşərək gələcəyə inamla irəlilədiyini nümayiş etdirir.  Məhz bu illər ərzində güclü xalq, güclü dövlət, güclü lider vəhdəti müasir müstəqil Azərbaycanın qüdrətinə çevrildi.

2003-cü ilin 15 oktyabr tarixində keçirilmiş seçkilərdə xalq öz səsini ulu öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verdi. Cənab  İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi.

Milli qürur uğurlarımızın əsas şərtlərindən oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.  Azərbaycan multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi nüfuz qazanıb. Dövlət başçısı İlham Əliyevin Sərəncamları əsasında 2016-cı il ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci il isə “İslam Həmrəyliyi İli” elan edildi. Azərbaycan yerləşdiyi coğrafi məkana görə daim müxtəlif xalqları, dövlətləri bir araya gətirən körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyev düşünülmüş və gələcəyə hesablanmış siyasəti ilə Azərbaycanın bu rolunu daha da möhkəmləndirir.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Müzəffər Ali Baş Komandan xalqın dəstəyi ilə  yeni böyük uğurlara imza atacaq

Prezident İlham Əliyev hər zaman xalqının yanındadır. Xalqa arxalanır, xalqdan güc alır. Onun irəli sürdüyü hər bir təşəbbüs xalq tərəfindən dəstəklənir. Məhz bu birlik, həmrəylik, Prezidentinə güvən, inam 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizə yol açdı. “Dəmir yumruq”  müharibənin rəmzinə çevrildi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 illik işğala 44 gündə son qoyan Azərbaycan Ordusu milli qürurumuzu, kimliyimizi özünə qaytaran Qələbəyə imza atdı. Cənab İlham Əliyev adını tariximizə qalib Sərkərdə kimi qızıl hərflərlə yazdı. Qürurvericidir ki, Prezident İlham Əliyev son iki ildə əlamətdar günləri, tarixi hadisələri, özünün doğum gününü işğaldan azad edilmiş ərazilərimizdə qeyd edir. Doğum günlərində  adətən  şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, habelə yeni salınmış köçkün qəsəbələrində insanlarla görüşən, 50 illiyini məcburi köçkünlərlə bərabər Ağcabədidə qeyd edən Prezident İlham Əliyev  ötən il 60 illiyini  azad  Qarabağda – Şuşada keçirdi. Cıdır düzündəki çıxışında  “Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, – əgər belə demək mümkündürsə, – öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim” fikirlərinin davamı olaraq Müzəffər Ali Baş Komandan bu əminliyi ifadə etdi ki, bundan sonra da eyni əzmkarlıqla, qətiyyətlə ölkə maraqlarının keşiyində duracaq, xalqın dəstəyi ilə  yeni böyük uğurlara imza atacağıq.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc

 

Regionların inkişafına yönəldilmiş dövlət proqramları ölkənin sürətli tərəqqisinə mühüm stimul yaradır

Azərbaycanın müstəqilliyinin bərpa olunmasından sonra əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan strategiyanın həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunmuş, iqtisadiyyatın bütün sahələrində köklü islahatlar aparılmış, dinamik sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılmışdır. İqtisadi inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət başçısının müvafiq sərəncamları ilə 2004-cü ildən etibarən davamlı olaraq regionların hərtərəfli inkişafına yönəldilmiş dövlət proqramları qəbul edilmişdir. Bu proqramlar ölkənin sürətli inkişafına stimul yaratmışdır. Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görülmüş, böyük infrastruktur layihələri icra edilmiş və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qaldırılmışdır.

2004-2008, 2008-2014 və 2014-2018-ci illər üzrə dövlət proqramları ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə, iqtisadi sabitliyin təmin olunması, regionlarda sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni müəssisələrin və iş yerlərinin açılması, irimiqyaslı infrastruktur layihələrinin icrası və bunun nəticəsi olaraq, əhalinin rifah halının daha da yaxşılaşdırılmasında və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynamışdır.

Ölkə başçısı cənab İlham Əliyevin  sərəncamı ilə “Azərbaycan Respublikası regionlarının 2019 – 2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqramda  regionların  iqtisadi inkişafı ilə yanaşı, sosial sahənin də  tərəqqisinə  xüsusi yer verilmişdir.

Dövlət Proqramına əsasən kənd təsərrüfatı sahəsində inkişaf dinamikası müşahidə olunmaqdadır. Regionlarda aparılan sosial-iqtisadi siyasətin nəticəsidir ki, kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edir.

Dövlət proqramında nəzərdə tutulan yenidənqurma işləri turizmə müsbət təsir göstərən amillərdəndir. Bu tədbirlər ümumilikdə sahibkarlığın inkişafına, yeni otellərin açılmasına, mədəni-kütləvi, istirahət obyektlərinin sayının artmasına şərait yaradır. Bu da özlüyündə artıq turistlərin təkcə paytaxta deyil, bölgələrə də üz tutmasını şərtləndirir. Bölgələrdə aparılan yenidənqurma işləri turizmin inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qeyri-neft sektorunun inkişafı istiqamətində regionlarda turizmin inkişafı əsas prioritetlərdən biri olmuşdur. Bölgələrdə turizm ehtiyatlarının genişləndirilməsi, turizm istirahət mərkəzlərinin və onların müasir standartlara uyğunlaşdırılması, turizmin inkişafı ilə bağlı layihələrin icrası uğurla davam etdirilməkdədir.

Regionlarımızda milli-mənəvi dəyərlərimizin qorunub gələcək nəslə çatdırılması üçün də mühüm tədbirlər həyata keçirilmişdir ki, bunlar da öz müsbət nəticəsini vermişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası və qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı, regionlarda mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi üzrə müvafiq tədbirlər görülmüşdür.

Beləliklə, qəbul edilmiş dövlət proqramları sayəsində həyata keçirilən bütün bu tədbirlər ölkəmizi dünya miqyasında stabil, dayanıqlı inkişaf dinamikasına malik ölkə kimi tanıtmış, dövlətlərin ən yüksək beynəlxalq iqtisadi meyarları təyin edən qurumlarının reytinqində yüksək mövqelər tutmuş və beynəlxalq donorların və investorların ölkəyə marağı xeyli artmışdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki