image-qanunla-reklam
image-bakubuildings_40

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir

image-lady-day-az

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində mühüm hadisədir.

Azərbaycan qadını ifadəsi iradə və mərdliyi, saflığı və sədaqəti, zəka və  müdrikliyi təcəssüm etdirir. Azərbaycan tarixində Azərbaycan qadının müstəsna rolu daima mövcud olmuşdur. Belə ki, milli-mənəvi dəyərlərimizin inkişaf etməsində, eləcə də sürətlə inkişaf edən modern və dayanıqlı iqtisadiyyata malik olan ölkə kimi formalaşmaqda qadınlarımızın rolu misilsizdir.

Ümumiyyətlə istənilən cəmiyyətdə sürətli inkişafın təməlini məhz insanların fəallıq dərəcəsi və bunun üçün yaradılan şərait təşkil edir. Respublikamızda bərqərar olan demokratik mühit ölkə qadınlarının zəngin potensialının gerçəkləşdirilməsi üçün əlverişli zəmin yaradır.

Azərbaycanda qadın siyasətinin təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Azərbaycan cəmiyyətində qadın siyasətinin tətbiq edilməsi, dövlətin idarə edilməsində qadınların irəli çəkilməsi ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasətində öz əksini tapmış ən aktual məsələlərdən biri olmuşdur.  Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə  daima böyük hörmətlə yanaşırdı. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırırdı, onların hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradırdı.  1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması və qadınların bu  şurada fəal iştirakı bu siyasətin bariz nümunəsidir. YAP bu baxımdan digər partiyalar üçün bir örnək oldu.

1998-ci il sentyabrın 25-də keçirilmiş Azərbaycan qadınlarının ilk qurultayı dövlət qadın siyasətinin tarixində baş vermiş mühüm hadisədir. Respublikamızda da cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərin gedişində Azərbaycan qadınlarının daim milli dövlətçilik mövqeyindən çıxış etdiklərini nümayiş etdirən qurultayda mühüm məsələlər müzakirə olunmuşdur. 1998-ci ildən etibarən hər beş ildən bir Azərbaycan qadınlarının qurultayları keçirilir. Bu qurultaylar dövlət qadın siyasəti sahəsində ən əlamətdar və böyük hadisələrdən biri kimi qiymətləndirilir.

Bu siyasət Prezident İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir. Azərbaycanda qadınların inkişafı məqsədilə Prezident İlham Əliyevin rəhbərliyi altında çoxlu sayda fərman və sərəncamlar verilib, qanunvericilik aktları qəbul edilib. Prezident İlham Əliyev Azərbaycan qadınının potensialına, onların ictimai-siyasi həyatdakı fəaliyyətinə xüsusi diqqət ayırır.

2006-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. Hazıda Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailə, qadın və uşaq problemləri ilə iş sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Xüsusilə qeyd etmək lazımdır ki, YAP-ın tərkibində fəaliyyət göstərən qadınlarımızın ən nümunəvi örnəyi Mehriban xanım Əliyevadır. Azərbaycan cəmiyyətində qadınların uğurlu fəaliyyətinin sürətli inkişafı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyeva ölkədə müasir Azərbaycan qadınının ən nümunəvi təmsilçisidir. Onun UNESCO-nun və müsəlman aləmini əhatə edən ISESCO-nun sülhməramlı səfiri kimi ölkəmizi həm Şərq və Qərbdə, həm də Asiya və Avropada təmsil etməsi Azərbaycanın “Yumşaq güc” siyasətinin formalaşmasında və uğurla həyata keçirilməsində rolu böyükdür. Mehriban xanımın birbaşa təşəbbüsü ilə Azərbaycan qadınının istedadı bütün dünyada nümayiş olunur.

Azərbaycan qadını qəhrəmanlığı və igidliyi ilə daima seçilmişdir. Öz varlığı ilə cəmiyyətə sevgi bəxş edən, özündə mərhəmət, ləyaqət, ismət və sədaqət sözlərini ehtiva edən  Azərbaycan qadını adı bir o qədər də dərin cəsurluq simvoludur. Azərbaycan qadınları tarix boyu ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, Vətənin müdafiəsində fədakar xidmətlər göstəriblər. Ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edən qadınlarımız Vətənin müdafiəsində də daima fədakarlıq, şücaət göstəriblər. Vətən uğrunda neçə-neçə qadın şəhid olub. Onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Qarabağda davam edən 44 günlük döyüşlərdə Azərbaycan qadını əsgərlərimizin yanında oldu, gecə-gündüz onlar üçün dualar etdi. Yaralı əsgərlərimizə tibbi yardım göstərən həkim qadınlarımız hər bir əsgərimizin qayğısına qaldı. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir və vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər.

Azərbaycan qadınının ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən, sərhəd tanımayan çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur.

Prezident İlham Əliyevin hər il 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına ünvanladığı təbrik dövlət başçısının qadınlara olan diqqətinin və ehtiramının təcəssümüdür. Dövlət başçısı respublikamızın qazandığı uğurlarda qadınların rolunu yüksək qiymətləndirir: “Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Azərbaycan qadınlarının böyük rolu danılmazdır. Qədim zamanlardan bəri Vətənə və torpağa sədaqəti ilə seçilən qadınlarımız milli məfkurəyə sadiq qalaraq bu gün də suveren Azərbaycan Respublikasının güclənməsi naminə töhvələr verirlər. Onlara xas olan işguzarlıq, müdriklik, yüksək daxili mədəniyyət və xalqımızın yüzillər boyu təşəkkül tapmış zəngin milli-mənəvi sərvətlərinə sədaqət müasir Azərbaycan qadınının ictimai həyatımızda mövqeyini və simasını müəyyən edir”.

 

Vəliyeva Südabə Eminağa qızı

Saatlı Dövlət Rəsm Qalereyasının direktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki