Zərdab rayon Heydər Əliyev Mərkəzinin təşkilatşılığı ilə şəhid anaları ilə görüş keçirilib.
02.03.2023-cü il tarixdə keçirilən “Zəfər gününün qadın qəhrəmanları” başlıqlı tədbirdə müəssisə rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Qanunla.Az xəbər verir ki, tədbirdə Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova açaraq tədbirin məqsədi haqqında məlumat verib.O,şəhidlərimizin qəhrəmanlığının təbliği və xatirəsinin əbədiləşdirilməsinin əhəmiyyətini vurğulayıb.
Dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb. O, bildirib ki, şəhid ailələrinə göstərilən diqqət və qayğı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun mühüm istiqamətlərindən biridir.
Görüş zamanı şəhid anaları səmimi söhbət edərək dərdlərini bölüşmüş, bir-birlərinə bu ağır və çətin günlərdən çıxmaq üçün məsləhətlər vermişlər.
Həmçinin Şəhid anaları övladlarının keçdiyi şərəfli döyüş yolundan bəhs ediblər.
Şəhid anaları onlara daim qayğı ilə yanaşan ölkəmizin başçısına minnətdarlıq ediblər, ölkə rəhbərliyi və dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını bildiriblər.
Şəhid anaları da bu formatda keçirilən görüşlərdən sonra özlərini daha yaxşı hiss etdiklərini ifadə etmiş, bu kimi görüşləri təşkili etdiyi üçün Zərdab rayon Heydər Əliyev Mərkəzinin kollektivinə öz minnətdarlıqlarını bildirmişlər.
Mərkəzi Kitabxananın direktoru Nailə Əliyeva, Tarix-diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva, H.B. Zərdabi muzeyinin direktoru Vəfa Bayramova, Mədəniyyət Mərkəzinin direktoru Elyura Məmmədova çıxış edərək bildiriblər ki, Azərbaycan xalqı bu gün də şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbəni böyük qürur hissi ilə söyləyir və həmin qələbə ilə fəxr edir. Bu, o Qələbə idi ki, hər kəs Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı “Dəmir yumruq” əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfərə imza atmasının şahidi oldu. Dövlət və xalq olaraq Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan İlham Əliyevin yorulmaz, məntiqli, cəsarətli, uzaqgörən və dəyanətli iradəsi nəticəsində bərpa olundu. Şanlı Azərbaycan Ordusunun gücünü, qüdrətini görən Ermənistan məğlubiyyət sənədinə imza atmağa məcbur qaldı. Düşmənin ağır məğlubiyyəti rayon və şəhərlərimizin azad olunması, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Könül Rəhimova son olaraq çıxış edərək adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin Zərdab rayon Heydər Əliyev Mərkəzində daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayıb, vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid analarına minnətdarlığını bildirib. İgid, cəsur, vətənpərvər övladlar yetişdirən bütün şəhid analarına təşəkkür edib. Nə qədər ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var, şəhidlərimiz də yaşayacaq və xatırlanacaq”, – deyə o, çıxışında vurğulayıb.
Tədbirin sonunda 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə Zərdab rayon Heydər Əliyev Mərkəzi tərəfindən şəhid analarına, ailələrinin üzvlərinə hədiyyələr təqdim olunub.
Vüqar Rəhimov