image-qanunla-reklam
image-6tygbejtxn_038_

Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr

image-lady-day-az

Ümumilli lider Heydər Əliyevin Azərbaycan iqtisadiyyatı sahəsində verdiyi töhfələr

Ulu öndər Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükünü daşıyan fenomendir. Müstəqil Azərbaycan dövlətinin hər bir atributu Ulu öndər Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu Öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Ulu öndər bütün fəaliyyəti, bu fəaliyyətin hər səhifəsi, hər mərhələsi dövr və zəmanəmizi ifadə edən əzəmətli bir abidədir Ulu öndərin keçdiyi yol isə zəngin bir həyat ensiklopediyasıdır. Ulu öndər Heydər Əliyev təkcə öz ömrünün, bir insan həyatının müdriklik zirvəsində deyil, bütöv bir xalqın tarixinin yüksək zirvəsindədir.
Həyatı daim xalq və haqq yolunda mübarizədə keçən Ulu öndər Heydər Əliyev məhz fitri istedadı, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır.

Azərbaycan xalqının tarixən formalaşmış ənənələri əsasında milli dövlətçilik modelinin yaranması, möhkəmləndirilməsi və ən başlıcası, qorunub saxlanılması yalnız XX əsrin sonlarına doğru – Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərliyi dövründə gerçəkləşmişdir. Bu dövrdən etibarən quruculuq missiyasını cəsarətlə öz üzərinə götürən tarixi şəxsiyyətin xalq təsərrüfatının bütün sahələrində, eləcə də elm və təhsildə apardığı nəhəng islahatlar gələcək uğurlar üçün geniş zəmin və şərait yaratmışdır. Bu gün biz fəxrlə, böyük qürur hissi ilə deyirik ki, memarı Ulu öndər Heydər Əliyevin olduğu milli dövlətçilik bizim ən böyük sərvətimizdir. Xalqımızın əbədi lideri, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə XX əsrin deyil, ümumiyyətlə, Azərbaycan tarixinin yetirdiyi ən böyük dahi şəxsiyyətdir.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

 

“İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” Ümumilli lider Heydər Əliyev

Böyük strateq Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə respublikamızın inkişafı istiqamətində gördüyü işlərlə, qəbul etdiyi cəsarətli qərarlarla, həyata keçirdiyi tikinti-quruculuq tədbirləri, habelə bir neçə onillikdən sonra müstəqillik nemətinə qovuşacaq Azərbaycanın sabahına hesablanmış digər məqsədyönlü addımları ilə özünün Ümummilli Lider obrazını yaratmışdır. Azərbaycan xalqı özünün müstəqil inkişaf yolunda Ulu Öndərin respublikaya rəhbərliyinin ilk dövründə əsası qoyulmuş zəngin iqtisadi-siyasi, mənəvi və intellektual potensiala istinad etmişdir. Bu baxımdan Azərbaycan xalqının müstəqil dövlətdə yaşamaq idealının real, dayanıqlı əsaslar üzərində gerçəkləşərək əbədiləşməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin islahatlar yolu ilə Azərbaycanın milli iqtisadiyyatının formalaşdırılması siyasəti hələ Sovet İttifaqı zamanında – 1969-cu ildən Ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərliyi ilə başlanan böyük tarixi missiyanın əsas istiqamətlərindən idi. O zaman Azərbaycan Sovet İttifaqının tərkibində olsa da, Ümummilli Liderin milli məfkurəyə əsaslanan siyasəti sayəsində sürətli inkişaf yolu keçmiş, bütün sahələr üzrə iqtisadi quruculuğa və yüksək göstəricilərə nail olunmuşdur.

Ulu öndər Heydər Əliyev gələcəyə hesablanmış müdrik siyasət yürüdərək Sovet İttifaqı tərkibində müxtəlif əngəllərə baxmayaraq, milli iqtisadiyyatımızı formalaşdırmağa, inkişaf etdirməyə və ittifaq tərkibində ən öncül yerlərdən birinə yüksəltməyə, güclü iqtisadi baza və infrastruktur, eləcə də bu sahədə güclü milli kadr potensialı yaratmağa nail olmuşdur. Ulu Öndər bu reallığı da yaxşı bilirdi ki, xalqın siyasi müstəqilliyinin təməlini onun iqtisadi azadlığı şərtləndirir. Təsadüfi deyil ki, 1969-1982-ci illərdə iqtisadi həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın şanlı quruculuq salnaməsinin ən dolğun, şərəfli səhifələrini təşkil edir. Azərbaycanın keçid dövrünü başa vuraraq dünya iqtisadiyyatına sürətlə inteqrasiya edən qüdrətli dövlətə çevrilməsinin hazırkı möhkəm təməli də Ulu öndər Heydər Əliyevin respublikaya ilk rəhbərliyi dövründə formalaşdırdığı güclü iqtisadi bünövrəyə söykənir. Ulu Öndər ölkənin gələcəyini, müstəqilliyini düşünərək SSRİ rəhbərliyi qarşısında təkidli tələblər irəli sürmüş, strateji əhəmiyyətli bir sıra sənaye və istehsal müəssisələrinin respublikamızda inşasına nail olmuşdur. Böyük strateqin həmin illərdə Bakı Məişət Kondisionerləri və Dərin Özüllər zavodlarının tikintisi ilə bağlı nümayiş etdirdiyi qətiyyət, prinsipiallıq bunu bir daha təsdiqləyir.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

1969-cu ildən Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə ölkənin iqtisadi inkişafının əsaslarını təmin etmişdir 

Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə məqsədyönlü iqtisadi siyasəti xammal və kənd təsərrüfatı respublikası olan Azərbaycanın qabaqcıl sənaye regionuna çevrilməsi, aqrar sahədə irəliləyişlərə və yüksək göstəricilərə nail olunması, yeni sənaye müəssisələrinin və istehsal sahələrinin yaradılması, qabaqcıl texnologiyaların tətbiqi və s. amillərə görə ittifaq miqyasında uğurlarla fərqlənməsi ilə nəticələndi. XX əsrin 70-ci illərinin  əvvəllərinədək  Azərbaycanın  iqtisadi  və  sosial  inkişafında  həll olunmamış çoxlu problemlər mövcud olmuş, respublikanın malik  olduğu iqtisadi, elmi-texniki və  humanitar potensialdan  tam dolğun və səmərəli  şəkildə  istifadə edilməmiş, bu isə istər-istəməz sosial-iqtisadi  inkişafın ümumi səviyyəsinin ovaxtkı orta ittifaq  göstəricilərindən aşağı olması ilə nəticələnmişdir. Ağır iqtisadi  və sosial  şəraitdə respublikada  rəhbərliyə  gələn Ulu öndər Heydər  Əliyev  həmin  vaxt  üçün  mövcud olan vəziyyəti uzaqgörənliklə düzgün  qiymətləndirmiş,  iqtisadiyyatda, sosial-mədəni  və  mənəvi sahələrdə əsaslı dəyişikliklərin həyata keçirilməsini, iqtisadiyyatın təşkili və inkişafı sahəsində dönüş  yaradılmasını  başlıca  vəzifə kimi  müəyyənləşdirərək çox  qısa zaman  kəsiyində  bütün əsas göstəricilər üzrə Azərbaycanın  keçmiş SSRİ-də  öncül mövqelərə çıxmasını  təmin etmişdir. Bu uğurun təzahürü kimi  iqtisadiyyatın maddi-texniki bazasının  və maliyyə təminatının möhkəmləndirilməsi və buna rəvac verən iqtisadi  proseslərin dinamik  inkişafının  təmin  edilməsi  son  dərəcə gərgin və  ardıcıl  işin,  düzgün və  səmərəli  idarəetmənin  nəticəsi kimi  meydana  çıxmışdır.

Maddi istehsalın bütün sahələrində, xüsusən sənayedə, kənd təsərrüfatında, tikintidə aparılan dərin struktur-keyfiyyət dəyişiklikləri iqtisadiyyatda nəzərəçarpacaq  yüksəlişin əldə olunmasına zəmin yaratmışdır.  1969-1982-ci illərdə Azərbaycanda elektron maşınqayırması, radiosənaye, yüngül və yeyinti sənayesi üçün maşın və avadanlıq istehsalı və digər mütərəqqi sahələr, 1971-1985-ci illərdə isə 581 adda yeni tipli maşın, avadanlıq, aparat və cihaz nümunələri yaradılmışdır. Həmin illərdə yaradılmış modern neft-kimya sənayesi Azərbaycanın sosial-iqtisadi inkişafında mühüm rol oynamışdır. Azərbaycan neft məhsulları və avadanlığı, polad borular, əlvan metallar, sintetik kauçuk, elektrik mühərrikləri, məişət kondisionerləri, mineral gübrələr, xalça və digər istehsal sahələri üzrə Sovet İttifaqında aparıcı respublikalardan biri olmuşdur. Respublikada infrastrukturun yenilənməsinə böyük diqqət yetirən Ümummilli Liderin rəhbərliyi illərində paytaxt və regionlarda yüzlərlə yaşayış binası, mehmanxana, iqtisadi inkişafda önəm kəsb edən iri istehsal kompleksləri, su anbarları, müasir yollar tikilmiş, yaşıllıq zonaları, istirahət ocaqları yaradılmışdır. Bütün bunlar – həyata keçirilən quruculuq siyasəti, yaradılmış infrastruktur, yeni sənaye sahələri, formalaşmış böyük iqtisadi potensial Azərbaycanın müstəqil dövlət kimi gələcək inkişafında mühüm rol oynamışdır.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

“On illər boyu yaranmış iqtisadi-sosial sistemdən sərbəst iqtisadiyyat sisteminə keçmək böyük çətinliklərlə bağlıdır. Bu sahədə son illərdə buraxılan səhvlər vəziyyəti daha da gərginləşdirmişdir. Ancaq biz bu yolla getməliyik, başqa yol yoxdur. Bu iş Azərbaycan Respublikasının iqtisadiyyatına, ənənələrinə uyğun olaraq təşkil edilməlidir. Bu yola keçərkən əlimizdə olan iqtisadi potensialdan səmərəli istifadə etməliyik, onun bundan sonra dağılmasına yol verməməliyik. Çalışmalıyıq ki, bu potensial bütün Azərbaycan xalqının sərvəti kimi bundan sonra da respublikamızın bütün vətəndaşlarının, bütün təbəqələrin həyat tərzinin yaxşılaşması üçün şərait yaratsın.”

1993-cü  ilin  iyununda  xalqın təkidli  tələbi ilə Azərbaycanda siyasi rəhbərliyə qayıdan Ulu öndər Heydər Əliyev yeni tarixi  şəraitdə  iki  mühüm vəzifənin – müstəqil  dövlətimizin  məhv olmaq  təhlükəsinin  aradan  qaldırılması, yəni dövlət  müstəqilliyimizin  qorunub  saxlanması və demokratik  dövlət  quruculuğunun  həyata  keçirilməsi  vəzifələrinin həlli  istiqamətində işlərə  başladı. Ulu Öndərin gərgin əməyi, səriştəsi,  böyük  təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində  tarixən  qısa zaman kəsiyində dövlət  müstəqilliyimizin  dönməz  xarakter alması təmin olundu, demokratik  hüquqi  dövlət  quruculuğunun  möhkəm təməli  qoyuldu, siyasi, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu. Sosial-siyasi vəziyyətin ağır olmasına baxmayaraq, Ulu öndər Heydər Əliyev tərəfindən nəticəsi sonralar bilinəcək tədbirlər görülməyə  başlandı. Ulu Öndər Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran “Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik” sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. “Xalq mənə ümid bəsləyir, mən də bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini də xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram” kəlamı xalqın yaddaşında əbədi həkk olundu. Azərbaycan xalqının özünün xilaskarını ikinci dəfə hakimiyyətə dəvət etdiyi dövrdə – XX əsrin son onilliyində isə Ümummilli Lideri inkişaf etmiş sənaye ölkəsi deyil, siyasi cəhətdən qarışıq, iqtisadi cəhətdən çökmüş, hərbi cəhətdən məğlub bir ölkə, işğal xəbərlərindən və daxili çəkişmələrdən yorulan xalq gözləyirdi. Amma bunlar onu çəkindirmədi və vəziyyəti dəyişmək üçün doğru hesab etdiyi hər addımda qətiyyət nümayiş etdirdi.

Müstəqilliyin ilk illərində Azərbaycanın qarşısında duran ən mühüm və strateji əhəmiyyətli vəzifələrdən biri iqtisadi tənəzzülün və böhran meyillərin qarşısını almaq, maliyyə sabitliyini təmin edərək əhalinin sosial rifahını yaxşılaşdırmaq idi. Buna isə yalnız uzaqgörən, zəngin təcrübəyə, çoxtərəfli biliyə və vətənpərvər, öz fəaliyyətində milli maraqlara söykənən liderin siyasəti sayəsində nail olmaq mümkün idi. Məhz Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan verdi. Bildiyimiz kimi, hər dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı və dövlət idarəçiliyinin ədalətliliyi ilə qiymətləndirilir. Bu mənada Heydər Əliyev ölkəmizdə humanist və ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi sahədə sabit dövlət siyasəti formalaşdırmağa nail oldu. Bu haqda onun özü demişdir: “Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir”.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

“Neft sənayesi Azərbaycan iqtisadiyyatında mühüm yer tutur. Müstəqil Azərbaycanın gələcək iqtisadiyyatının inkişafı neft sənayesindən çox asılıdır. Ona görə də dövlət bu sahəyə xüsusi fikir verir.”

Ümummilli Liderin 1993-cü ilin 15 iyununda Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi ilə müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Bu mükəmməl inkişaf modelinin reallaşdırılması dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların həyata keçirilməsinə möhkəm əsas yaratdı. Hələ 1994-cü il iyunun 21-də respublika iqtisadiyyatının və digər sahələrin cari məsələlərinə həsr olunmuş müşavirədəki yekun nitqində Ulu Öndər demişdi: “Biz respublikamızda hüquqi-demokratik dövlət qurmaq yolu ilə gedirik. Bu, dövlət quruculuğunda, siyasi sahədə strateji yolumuzdur. Bununla çox sıx əlaqədə ikinci sahə iqtisadiyyatın demokratik yollarla idarə edilməsidir, yəni iqtisadiyyatda demokratik islahatlar aparılması, bazar iqtisadiyyatı yoludur. Bütün bunlar kompleks şəkildə respublikamızı gələcəyə aparan yollar, istiqamətlərdir”.

Ulu öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri də Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın yeni neft strategiyasının zirvə sənədi – “Əsrin müqaviləsi” 1994-cü il sentyabrın 20-də imzalanmışdır. Bu müqavilənin hər cəhətdən əsaslandırılmış, milli və  dövlətçilik maraqlarımıza tam uyğun  bir tərzdə işlənib hazırlanmasında Prezidnent cənab İlham Əliyevin də əməyi az olmamışdır. Xarici tərəfdaşlarla aparılmış çoxsaylı danışıqlar, məsləhətləşmə və görüşlər zamanı Prezidnent cənab İlham Əliyevin qətiyyəti və səriştəliliyi Azərbaycan dövlətinin maraqlarını mövcud geosiyasi reallıqlarla uzlaşdırmaqla gələcək konsorsiumun tərkibini, hasilatın pay bölgüsündə tərəflərin iştirak payını qəti şəkildə müəyyənləşdirməyə imkan yaratmışdır. Ümumiyyətlə,  Ulu öndər Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: a) iqtisadiyyatın bütün sahələrində islahatlar  aparmaq və bu  islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; b) mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan  xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına  yönəltmək. Müstəqillik  şəraitində heç kimə ümid olmadan iqtisadiyyatımızı düzgün inkişaf etdirməyi, öz sərvətlərimizdən səmərəli istifadə etməklə dövlətçiliyimizi möhkəmləndirməyi, özü də  təkcə siyasi-mənəvi  deyil, həm də  maddi nəticələr əldə  etməklə insanların həyat səviyyəsini yaxşılaşdırmağı əsas şərt sayan Ulu öndər Heydər Əliyev  deyirdi: “Müstəqillik  ona  görədir ki, biz öz taleyimizin  sahibi olaq, öz  sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

İqtisadiyyat sahəsində bizim yolumuz sərbəst iqtisadiyyat yoludur, iqtisadi islahatlar keçirməklə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatına yaxınlaşdırmaq yoludur.”
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin ilk günlərindən birbaşa göstərişi ilə müvafiq dövlət orqanları tərəfindən təcili olaraq hökumətin iqtisadi proqramı işlənib hazırlanmış və həyata  keçirilməyə  başlanmışdır. 1995-1996-cı illər ərzində  makroiqtisadi  sabitliyin təmin olunması və iqtisadiyyatda struktur dəyişikliklərinin aparılması tədbirlərini nəzərdə tutan iki hökumət proqramı uğurla icra olunmuşdur. Başqa sözlə, Azərbaycanda Ulu öndər Heydər Əliyevin  rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən  özbaşınalıqlara  və  xaosa son qoymuş, sonra ictimai-siyasi sabitlik təmin edilmiş, ölkənin hərtərəfli  sosial-iqtisadi inkişafı  və beynəlxalq  iqtisadi sistemə  inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır. 1995-ci ildən başlayaraq ardıcıl surətdə aparılan düşünülmüş, bir sıra məqamlarda isə hətta  kəskin xarakterli islahatlar nəticəsində iqtisadiyyatın inkişafında ciddi irəliləyiş əldə edilmiş, əksər sahələrdə, xüsusilə makroiqtisadi göstəricilərin artımında yüksək nəticələrə nail olunmuş, bazar münasibətlərinin  dərinləşməsində  və iqtisadi  potensialın formalaşmasında  həlledici  rol oynayan azad sahibkarlığın təməli qoyulmuş və özəl bölmənin,  vətəndaş təşəbbüskarlığının inkişafında əhəmiyyətli  uğurlar qazanılmışdır. Həmçinin əhalinin  rifah halının yaxşılaşdırılması, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan üzvlərinə dövlət qayğısının artırılması istiqamətində mühüm addımlar atılmışdır. Bütün bunlar mövcud imkanlardan  daha  səmərəli  istifadə etməklə Azərbaycanın  iqtisadi  cəhətdən  güclü  dövlətə  çevrilməsi, onun dünya  təsərrüfat sisteminə  inteqrasiyası və bu sistemdə özünə layiq olan yeri tutması, ölkədə  sosial problemlərin həlli və əhalinin güzəranının  daha da  yaxşılaşdırılması  üçün etibarlı zəmin yaratmışdır.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının uğurla həyata keçirilməsi Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırmışdır. Artıq qlobal enerji layihələrinin mərkəzinə çevrilmiş Azərbaycan təkcə özünün deyil, həm də Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatına mühüm töhfələr verir. Böyük tarixi əhəmiyyət kəsb edən, transmilli infrastruktur layihələri olan Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmiryolu dövlətimizin iqtisadi qüdrətini artırmış, geosiyasi mövqeyini xeyli möhkəmləndirmişdir.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

“Bizim iqtisadiyyatımızın, iqtisadi siyasətimizin əsas istiqaməti, ana xətti bütün bu islahatların sosial yönümlüyüdür.”

Bu gün Azərbaycan Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan cənab Prezident cənab İlham Əliyev “Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu öndər Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm” söyləmiş və vədini real işlərlə doğrultmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Bu model beynəlxalq aləmdə böyük maraq doğurur və əksər ölkələr üçün örnəyə çevrilir. Hamının marağına səbəb olan inkişafın, dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritetləri birləşdirir. Bu prioritetlər ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tətbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafıdır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur. Prezident cənab İlham Əliyev: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

Əlihüseyn Rəsullu-Zərdab rayon Hüseynxanlı kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki