Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Birləşmiş Krallığın hazırda milli prioritet olan silah və sursat istehsalının artırılması planına nəzarət etmək üçün yeni elçi təyin edəcəyini deyib.
Qanunla.Az xəbər verir ki, nazir bu barədə Ukraynaya səfəri zamanı “Sky News” telekanalına müsahibəsində bildirib. Devid Kemeron dünyanın kritik dönüm nöqtəsinə gəldiyini və Kiyevin qalib gəlməli olduğunu deyib. O qeyd edib ki, Ukraynadakı müharibənin nəticəsi Qərbin təhlükəsizliyi üçün həlledici əhəmiyyət daşıyır.
Bununla belə, Kemeron Fransa prezidenti Emmanuel Makronun Rusiyanın müharibədə irəliləyiş əldə edəcəyi təqdirdə Ukraynaya NATO qoşunlarının göndərilməsi ideyasına qarşı çıxaraq, belə bir addımın təhlükəli eskalasiya olacağını bildirib.
“Məncə, NATO əsgərlərinin rus əsgərlərini öldürməsi düzgün deyil”, – deyə xarici işlər naziri müsahibəsində vurğulayıb.