Güney Azərbaycanın “Ata” aviaşirkətinin sahibi Məhəmmədrza Zunuzi Tehran-Təbriz aviareysində təyyarə bələdçisinin sərnişinləri “xoş gəldiniz” ifadəsi ilə qarşılamasının siyasiləşdirilməsini və bunun separatçılıq aktı olmasını iddia edənləri tənqid edib.
Qanunla.Az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
O, aviaşirkətdə separatçılığın başlaması iddiasının mediada belə işıqlandırılmasına toxunaraq deyib:
“Separatçı sizsiniz və sizin əcdadınızdır. Nə baş verib? Yalnız tapşırılıb ki, qonaqlara fars və ingilis dilləri ilə yanaşı, türk dilində də “xoş gəldiniz” deyilsin. Bunun harası separatçılıqdır, konstitusiyada qeyri-fars dillərdən istifadə hüququ yer almayıb? Tarixi oxuyun və görün nə olub. İranın ali rəhbəri, prezident türk dilində danışmır? Öz şəhərimizdə, Təbrizdə də türk dilində danışmamalıyıq? Bu nə qanundur?” – Zunuzi əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə panfars sosial media fəalı Əmir Seyidin X hesabında paylaşım edərək, “xoş gəldin” ifadəsinə etiraz edib.