image-qanunla-reklam
image-sevinc-memmedova

Qarabağ iqtisadi rayonunda ekoloji terrorun qarşısı qətiyyətlə alınacaqdır

image-lady-day-az

Qarabağ iqtisadi rayonunda ekoloji terrorun qarşısı qətiyyətlə alınacaqdır

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində-Laçın dəhlizində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə dekabrın 12-dən etiraz aksiyası keçirir. Artıq neçə gündür davam edən etiraz aksiyasına qoşulanların sayı hər keçən gün artır. Aksiyaya qoşulanların sayının artması artıq erməniləri narahat etməyə başlayıb.

Azərbaycan tərəfin- azərbaycanlılar, ictimai fəallar və ayrı-ayrı qurumların nümayəndələrinin aksiyada bu formada iştirakı təqdirəlayiqdir və gözlənilən idi. Yəni, gözümüz görə-görə şərait yarada bilmərik ki, sülhməramlılarla Rusiya tərəfindən bölgəyə göndərilən, cənab Prezidentin də qeyd etdiyi kimi, Rusiya xalqının pulunu oğurlayan bir şəxs indi gəlib Qarabağda azərbaycanlıların pulunu, azərbaycanlılara məxsus qızıl yataqlarını və oradakı sərvətləri oğurlasın. Ona görə, belə aksiyalar önəmlidir. Dövlət öz üzərinə düşəni edir və burada vətəndaş cəmiyyətləri, ictimai fəallar dövlətin yanında olmalı və bu məsələlərə reaksiya verməlidirlər. Azərbaycanda artıq bu ənənələr formalaşır. Bu çox təqdirəlayiq haldır ki, həmin insanlar öz vətəndaş mövqelərini nümayiş etdirirlər və qarşı tərəfin bu addımlarına, təxribatlarına reaksiya verirlər. Ermənistan tərəfi, Qarabağ separatçıları, Rusiya sülhməramlıları da bilməlidirlər ki, Azərbaycan heç zaman öz mövqeyindən geri çəkilmir. Biz sadəcə danışıqlar, sülh yolu ilə münasibətlərin tənzimlənməsinin tərəfdarıyıq. Amma bu kimi halları görəndə, əlbəttə, Azərbaycanın başqa reaksiyaları olacaq. Ona görə də, sülhməramlılar separatçılarla işbirliyinə son qoymalıdır. Eləcə də oradakı separatçılar, təxribatçılar da bilməlidirlər ki, Azərbaycan yenidən bir 30 il də səbr etməyəcək. Dövlətimiz bunun üçün bütün zəruri tədbirləri görəcək.

Ekoterrorizm və ekoloji vəziyyətin günü-gündən pisləşməsi Qarabağ bölgəsində yaşayan əhali üçün ümumi təhlükələr yaradır. Bura meşələrin yandırılması, evlərin dağıdılması, çayların zəhərlənməsi, bioresursların məhv edilməsi və digər amillər daxildir. Ekoloji terrorla bağlı ictimai təşkilat və könüllülərin başladığı etiraz aksiyasının məqsədi ondan ibarətdir ki, sülhməramlılar bizim yeraltı və yerüstü sərvətlərimizi talayan separatçıların məlum vəhşiliyini sübuta yetirmək üçün ekoloji təşkilatların monitorinq keçirmələrinə şərait yaratsınlar. Bununla onlar ermənilərin ətraf aləmə necə zərər yetirdiyini beynəlxalq arenaya nümayiş etdirmək istəyirlər.

Ermənilərin törətdiyi ekoloji terrorla bağlı Azərbaycanın dövlət qurumları, aidiyyəti şəxslər dəfələrlə bəyan ediblər ki, erməni vətəndaşları qaydalara riayət edərsə, onlara humanitar və məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı yardımlar etməyə hazırdır. Hətta bununla bağlı “Azərsu”, “Azəriqaz” və “Azərenerji”nin əməkdaşları Xankəndiyə qədər gedib, onların  məişət vəziyyətini öyrəniblər. Həmin bölgənin qaz, su, enerji təminatı ilə bağlı müəyyən ilkin layihələr belə hazırlanıb. Ancaq erməni separatçıları, xüsusən də psixologiyası pozulmuş həmin ölkənin vətəndaşları Azərbaycan qanunlarına qarşı gedərək bizim haqlı tələblərimizi qəbul etmək istəmirlər. Əlbəttə, biz istəməzdik ki, 44 günlük Vətən müharibəsində olduğu kimi güc strukturları bu məsələni tənzimləsin.  Həmçinin, biz sülhün tərəfdarı olaraq yalnız ictimai diplomatiyanın işə düşməsi nəticəsində bu problemlərin həllini arzu edirik. Təəssüf  ki, erməni tərəfi bunu istəmir və müxtəlif bəhanələrlə əldə edilən sülh sazişini pozmağa çalışır. Bu da, əlbəttə ki, düzgün deyil. Bunun olmaması üçün erməni tərəfi sağlam məntiqli mövqe ortaya qoymalı,  Azərbaycanın Qarabağ bölgəsində – Xankəndi, Xocalı və digər ərazilərdə yaşayan erməni əsilli vətəndaşlar buna müqavimət göstərməlidirlər.

Sevinc Məmmədova,

Salyan şəhər 3 saylı uşaq bağçasının müdiri, YAP fəalı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki