Nizami Gəncəvinin müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir
Azərbaycanın dahi şairi Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. O, Gəncədə doğulub böyüdüyünə görə Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınıb. Şairin əsl adı İlyasdır. Nizami hələ uşaq ikən atasını, sonra da anasını itirib. Onun tərbiyə və təhsilini dayısı Xacə Ömər öz üzərinə götürüb, böyüdüb. Böyük şair “Leyli və Məcnun” poemasının müqəddiməsində atası ilə anasını, sonra da dayısını itirməsindən kədərlər içərisində bəhs edir. Nizami Gəncəvi dayısının himayəsində tək deyil, öz qardaşı Qivami Mütərrizi ilə birlikdə yaşayıb. Bu gənc qardaşlar, uğradıqları fəlakətə baxmayaraq, öz zamanlarına görə yüksək təhsil alıb, yaxşı yetişiblər. Nizaminin yüksək təhsil alması ona “müdrik” ləqəbinin verilməsindən aydın olur. Onun müdrikliyini, islam alimləri ilə yanaşı, tanınmış yunan filosoflarını “İsgəndərnamə”də danışdırması, onların dünyanın yaradılışı haqqındakı fikir sistemlərini özünəməxsus şeir dili ilə xülasə etməsi təsdiq edir. Bundan əlavə, şair öz şeirlərində tarixə, müqəddəs dinə, hikmətə, riyaziyyata, astronomiyaya dair geniş məlumata sahib olduğunu göstərib.
Nizaminin əsərlərinə yazdığı müqəddimələrdən çıxan məlumatlardan onun qədim dillərdən pəhləvi, nəsturi, yəhudi dillərini də bildiyini öyrənirik. O öz poemaları üçün topladığı materialları adi və geniş yayılan sadə mənbələrdən deyil, qeyd edilən qədim dillərdəki məxəzlərdən dəqiq tədqiqatlar vasitəsilə əldə etdiyini anlatmışdır.
Nizaminin dini mövzuda anlatdıqları da çox önəmlidir. Onun dövründə islam cəmiyyəti bir tərəfdən şiəlik və sünnilik məzhəbləri arasında gedən mübarizə, digər tərəfdən isə sufilər və şəriətçilər arasındakı mübahisələr içərisində çalxalanırdı.
Nizami Uca Allaha inanan, peyğəmbərə bağlı olan sadiq bir müsəlman idi.
O, islam cəmiyyətini bu gün belə parçalayan məzhəb və firqələrin apardığı mübarizənin fövqündə duran dar fanatizm, səbrsizlik və təmkinsizlikdən uzaq kamil bir təbiət və əxlaq sahibi idi. Atamız Nizami israfdan və dünya nemətlərindən sui-istifadədən, bəd əməllərdən və hər cürə düşkünlüklərdən özünü qorumaqla bərabər, həyatı sevir, həyat sevgisində özünəməxsus bir gözəllik tapır, gözəl və mənalı yaşamağı ürəkdən diləyirdi.
Dahi şairimiz Nizaminin həyatı doğulduğu Gəncə şəhərində keçib. O, təvazökarlıq və qənaətə riayət edərək zahidanə sadə bir həyat tərzilə yaşayıb. Təvazökarlıq Nizami həyatının ana xətti olub. Təvazökarlıqla eyni mənbədən gələn gözütoxluq şairə məxsus olan bir məziyyətdir. Onun nəzərində hər bir adam ancaq öz gözütoxluğu ilə əsl böyüklüyünü tapır və yalnız xalqa möhtac olmadıqca azadlığın həqiqi zövqünü dadır. Nizami Gəncəvi dövrünün şairlərindən fərqli olaraq hökmdarların qapılarından uzaqlaşıb təvazökar bir həyat tərzində yaşayıb
Beləliklə, dünyanın ölməzləri sırasına girən Nizami, həyatında arzu etdiyi kimi, ömrünün sonuna qədər özünə sadiq qalan şəxsiyyəti ürfan əhlinin mənəvi ziyarətgahı olub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova