image-qanunla-reklam
image-2cbeba4d813eb75d93b59400ab5b763e

Münaqişənin həlli iki cür olur-dinc yolla və qeyri-dinc yolla

image-lady-day-az

Münaqişənin həlli iki cür olur-dinc yolla və qeyri-dinc yolla

Martın 9-da Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə  “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu öz işinə başladı.  Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq mərkəzə çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır.

Forumda 4 ölkənin Prezidenti, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq Prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edib. Martın 11-dək davam edən Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə bir daha diqqət yönəldilərək görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.

Keçirilən hər bir Forum müzakirəyə çıxardığı məsələlər ətrafında fikir mübadiləsinin aparılması ilə yanaşı, eyni zamanda, əlaqələrin daha da yaxınlaşmasında öz sözünü deyir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşür, populizmin və ekstremizmin mənbəyini araşdıraraq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirirlər.

Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında qeyd etdi ki, bu gün biz «soyuq müharibə»nin bitməsindən sonra bugünədək baş vermiş bəlkə də ən ciddi Şərq-Qərb qarşıdurmasının şahidi oluruq. Qoşulmama Hərəkatı körpülərin salınmasında, münaqişələrin həllində yeni yanaşmaların formalaşdırılması və Qoşulmama Hərəkatının təməl prinsiplərinin – Bandunq Prinsiplərinin təmin edilməsində mühüm rol oynaya bilər və oynamalıdır. Həmin prinsiplər – sülh, əməkdaşlıq, ərazi bütövlüyünə və suverenliyə hörmət, habelə sərhədlərin toxunulmazlığından ibarətdir.

Prezident İlham Əliyev  iştirakçıların diqqətini bir daha son illərdə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən tədbirlərə yönəltdi. Qoşulmama Hərəkatının koronavirus infeksiyası ilə bağlı Zirvə görüşündə quruma üzv dövlətlərin yekdil qərarı əsasında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsinin zəruriliyi bildirildi. 2020-ci ilin dekabrında Xüsusi Sessiya keçirildi. Ümumilikdə həm X Qlobal Bakı Forumu, həmçinin Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü hazırkı dövrün reallıqları fonunda  dünya düzəninin yenidən formalaşdırılmasının vacibliyi məsələsini, həmçinin yeni çağırışları özündə ehtiva edir. Tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə yeni reallıqların  zərurətə çevirdiyi  çağırışların həyata keçirilməsi istiqamətində Azərbaycanın böyük səylər göstərməsi dünyanın diqqətindən kənarda qalmır. BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatının bu gün qlobal mövzuların müzakirəsi üçün siyasi mərkəzə çevrilməsində də Azərbaycanın rolu inkaredilməzdir.

Dövlət başçısı İlham Əliyev  X Qlobal Bakı Forumunda bildirdi ki,  «Mən isə öz təcrübəmizlə bağlı fikirlərimi bölüşə bilərəm. Münaqişələrin həlli iki cür olur – dinc yolla və qeyri-dinc yolla. Biz Ermənistanla münaqişəni dinc yolla həll etməyə çalışırdıq. Baxmayaraq ki, Ermənistan tərəfindən işğal Azərbaycanda humanitar fəlakətə səbəb olmuşdur. İşğal nəticəsində bir milyondan artıq azərbaycanlı yurdsuz qalmış, qaçqın və məcburi köçkünə çevrilmişdir.»

Azərbaycan 30 il münaqişənin sülh danışıqları əsasında çözülməsinə səy göstərdi. Ermənistan havadarlarının dəstəyi ilə bu  danışıqlara yalnız imitasiya naminə qatılaraq məsələnin həlli prosesinin uzanmasına, yeni ərazilər uğrunda mübaribə planları hazırlamasına vaxt qazanmaq imkanı əldə etdi.  Münaqişəni dinc yolla həll etmək və erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etmək üçün Ermənistanı inandırmaq cəhdlərimizə baxmayaraq, Ermənistan, sadəcə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı və beynəlxalq hüquqa, beynəlxalq ictimaiyyətə hörmətsizlik göstərdi. 1992-ci ildə münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə  keçmiş ATƏT-in Minsk qrupunun yaradılmasına baxmayaraq qurum 28 ildə heç bir nəticəsəyə nail olmadı.  Onlar bu münaqişəni daimi dondurmaq istəyirdilər. Azərbaycan  özünümüdafiə hüququmuzdan, BMT-nin Xartiyasından, xüsusən də onun 51-ci maddəsindən istifadə edərək  öz ərazilərimizi güc tətbiq etməklə azad etdi. Bu, bizim legitim hüququmuz idi. Dövlət başçısı İlham Əliyev postmünaqişə dövründə bu ərazilərimizə səfər edən xarici qonaqların ermənilərin törətdikləri vəhşilikləri gözləri ilə gördüklərini diqqətə çatdırdı.

Hazırda  işğaldan azad edilmiş bütün torpaqlarımız quruculuq meydanını xatırladır. Bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. 2023-cü ildə işğaldan azad olunan ərazilərdə həyata keçirilən tikinti-quruculuq işlərinin miqyası, dinamikası daha da artacaq. Atılan addımlarda məqsəd Böyük Qayıdışın sürətləndirilməsi, bu torpaqlarda yeni həyatın başlanması, mövcud resurslardan səmərəli istifadə edilərək ölkənin dayanıqlı inkişafına davamlı töhfələrin verilməsidir.

 

Ağayev Allahşükür

Saatlı rayonu Əhmədbəyli kənd tam orta məktəbin müəllimi

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki