Sahibə Qafarova: “Parlamentin gücü onun kollektiv zəkasındadır, bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər”
VII çağırış Milli Məclisin payız sessiyası spiker Sahibə Qafarovanın sədrliyi ilə 30 sentyabrda öz işinə başladı. Deputatların və Məzahir Pənahun rəhbərliyi ilə Mərkəzi Seçki Komissiyasının üzvlərinin iştirak etdiyi iclasda əvvəlcə Dövlət Himni oxundu. Spiker Sahibə Qafarova payız sessiyasının ilk iclasında giriş nitqi ilə çıxış edərək bildirdi ki, 7-ci çağırış Milli Məclisin birinci sessiyasına başlayarkən mən ilk növbədə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə bir daha hamımızın minnətdarlığını bildirmək istərdim: “Sentyabrın 23-də Milli Məclisin birinci iclasında söylədiyi dərin məzmunlu nitqində dövlət başçısı yaxın illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən etməli olan strateji hədəfləri və milli prioritetləri elan etdi. Parlament üzvləri olaraq, biz möhtərəm Prezidentin irəli sürdüyü vəzifələrin konkret qanunvericilik tədbirlərində təcəssümünü tapması üçün məsuliyyət daşıyırıq. Biz təmin etməliyik ki, dövlətimizin qanunvericilik bazası həm milli prioritetlərimizə uyğun olsun, həm də xalqımızın və dövlətimizin inkişafı üçün möhkəm təməl yaratsın. Birinci iclasda etdiyim çıxışda mən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin parlamentin fəaliyyəti barədə fikirlərinə əsaslanaraq yeddinci çağırış Milli Məclisin qarşısında dayanan vəzifələr barəsində baxışlarımı bölüşmüşdüm. İndi isə qısa olaraq bir daha qeyd etməliyəm ki, biz ölkəmizin tarixinin tamamilə yeni bir mərhələsinə qədəm qoymuşuq. Xalqın təmsilçiləri kimi biz sürətlə dəyişən dünyada Azərbaycanın xoşbəxt gələcəyini təmin edə bilən dəyərləri rəhbər tutmalıyıq”.
S.Qafarova bildirdi ki, parlamentin gücü onun kollektiv zəkasındadır: “Bizim birgə ahəngdar fəaliyyətimiz ən mürəkkəb problemlərin həllinə yol aça bilər. Eyni zamanda Milli Məclisin ayrılıqda hər bir üzvünün fəaliyyəti bu gün çox böyük əhəmiyyətə malikdir. Qeyd etmək lazımdır ki, müasir dünyanın mürəkkəb şəraiti bizdən hər bir məsələyə milli və beynəlxalq reallıqları dərindən başa düşməklə və onları nəzərə almaqla yanaşmağı tələb edir. Mən bu fikirlərimi sizinlə bölüşərək, əmin olduğumu bildirmək istəyirəm ki, biz birlikdə elə fəaliyyət göstərəcəyik ki, möhtərəm cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinin qanunvericilik bazasını möhkəmləndirmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirsin”.
S.Qafarova daha sonra deyib ki, payız sessiyası Azərbaycan tarixinin ən şərəfli dövrləri ilə üst-üstə düşür: “Dörd il bundan əvvəl, 2020-ci ilin payızında, eləcə də ötən ilin sentyabr ayında müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızın 30 illik işğalına son qoyub. Üç gün öncə, sentyabrın 27-də dövlət başçısının iştirakı ilə keçirilən Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin, qətlə yetirilmiş mülki vətəndaşlarımızın və itkin düşmüş soydaşlarımızın xatirəsi dərin ehtiramla yad edildi. Azərbaycan düşmən üzərində tarixi qələbələri xalqımıza bəxş edən müzəffər sərkərdəmiz İlham Əliyevə, cəsur əsgər və zabitlərimizə əbədi olaraq minnətdardır”.
Spiker qeyd etdi ki, artıq Milli Məclisdə gözəl bir ənənə yaranıb. O da ondan ibarətdir ki, hər çağırışın birinci sessiyasının əvvəlində millət vəkillərinə deputat vəsiqələri təqdim edilir: “Bu gün Mərkəzi Seçki Komissiyasının sədri hörmətli Məzahir Pənahov və hörmətli komissiya üzvləri buradadırlar. Siz, hörmətli həmkarlar, siyahı üzrə buraya dəvət edilib deputat vəsiqələrinizi təhvil alacaqsınız”.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov çıxışında bildirdi ki, Azərbaycanda parlament seçkiləri yüksək səviyyədə keçib, səsvermə günü bütün proseslər şəffaf şəkildə reallaşıb. M.Pənahov qeyd etdi ki, seçkilərlə bağlı səsvermə günü heç bir beynəlxalq müşahidəçidən MSK-ya hər hansı pozuntu ilə əlaqədar müraciət daxil olmayıb. MSK sədri əlavə edib ki, Azərbaycanda seçkilər günü min məntəqədə vebkameralar vasitəsilə seçkilərin bütün dünyadan izlənilməsinə imkan yaradılıb: “Seçkilər müasir dövrün tələblərinə uyğun keçirilib”. M.Pənahov xatırlatdı ki, seçki məntəqələrində kameraların quraşdırılması ilə bağlı tapşırığı dövlət başçısı verib.
MSK sədri deputatlara uğurlar arzuladıqdan sonra deputat vəsiqələrini bir-bir təqdim etdi.
Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Milli Məclisin payız sessiyasının ilk iclasının gündəliyində 17 məsələ var idi. İlk 15 məsələ parlament komitələrinin üzvlərinin təsdiqlənməsi oldu. Sədr Sahibə Qafarova komitə üzvlərini təbrik edib, uğurlar. Bildirdi ki, artıq komitələr tam gücü ilə fəaliyyətə başlaya bilər.
Daha sonra Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında məsələ müzakirəyə çıxarıldı.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Zəfər salnaməsindən sonra keçirilən prezident və parlament seçkiləri bütün namizədlərin və milyonlarla seçicinin son bir əsrdə məcburi köçkün və işğal, Dağlıq Qarabağdan deyil, Böyük Qayıdış və yeni siyasi hədəflərdən danışdığı ilk tarixi hadisədir: “Prezident İlham Əliyevin Milli Məclisin açılış və andiçmə mərasimlərində iştirakı və çıxışı mühüm dövlətçilik ənənəsi olmaqla hakimiyyətin vahidliyini göstərir, Ulu öndərin qanunverici orqandan başlayan siyasi kursunu davam etdirir. Gəlin birlikdə xatırlayaq: 90-cı illərdə məhz Ali Sovetdən Milli Məclisə çevrilən parlament dövlətçiliyimiz üçün əsil minaya çevrilmişdi. Bütün çevriliş cəhdləri, hərbi-silahlı toqquşmalar və etnik separatizm, hakimiyyət uğrunda qanlı mübarizələrin baş ünvanı məhz bu bina idi. Çevrilişin ləkəsi hələ alkoponların altından silinməyib. Ulu öndər Heydər Əliyev ölkədə sabitliyi və əmin-amanlığı birinci olaraq, Milli Məclisdən başladı. Azərbaycan tarixində Xankəndidə hərbi parad keçirib gəlib Məclisin tribunasından Qələbə nitqi söyləyən tək lider İlham Əliyevdir. Bakı və Xankəndi indiki qədər vahid siyasətin, idarəçiliyin, quruculuğun və bir millətin-azərbaycanlıların əlində olmayıb”.
Z.Oruc dedi ki, ikinci məsələ qanunvericilik sistemimizdə Qarabağın azadlığından sonrakı vəziyyətlə, obrazlı desək, qanunlarımızı işğalın mirasından azad etməkdir: “Ölkəmizin tərəfdar çıxdığı beynəlxalq normalara qoşularkən həmin ərazilərdə beynəlxalq hüquq və prinsiplərin, tərəfdar çıxdığımız konvensiyaların müddəalarının məhdud çərçivədə yerinə yetirilməsinə dair dövlət tərəfindən xüsusi qeyd-şərtlər və bəyanatlar verilib. Həmçinin, Azərbaycan Respublikasının qanunvericilik aktlarında, o cümlədən bir sıra dövlət orqanlarının və qurumlarının nizamnamələrində ”Dağlıq Qarabaq”, “işğal edilmiş ərazilər” və s. ifadələr, adlar hələ də qalmaqdadır. Ərazilərin işğaldan azad olunmasından və Azərbaycanın bütün ərazilərində de-fakto yurisdiksiyasının bərpasından sonra həm Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq normalarla bağlı bəyanat və qeyd-şərtlərin (işğal olunmuş ərazilərə münasibətdə) ləğvi və milli qanunvericilik aktlarında, qeyri-normativ hüquqi aktlarda düzəlişlərin edilməsi zərurəti vardır. Onların ləğv edilməsi ilə bağlı qanun layihələrini hazırlayaraq, Milli Məclisə təqdim etməsi məqsədəuyğundur. Azərbaycan Respublikasının de-fakto yurisdiksiyası tam təmin olunduğu və şəraitin əsaslı surətdə dəyişməsini nəzərə alaraq, müvafiq beynəlxalq razılaşmalarla bağlı verilən bəyanat və qeyd-şərtlərə dair qanunlara yenidən baxılması zəruridir”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışını müəllimləri müdafiə üzərində qurdu: “Müəllimlərin hüquqları müdafiə olunmalıdır. Hərə bir telefon götürüb müəllimi çəkir. Ola bilsin ki, müəllimlərin də arasında pisləri olsun. Amma müəllim şagirdə söz deyəndə valideynin onun üstünə hücum çəkməsi, müəllimin cəzalandırılması halları olmamalıdır. Onlar xalqın övladlarına dərs verir, öyrədir. Ola bilər ki, müəllim hansısa ifadəni düz demir, amma onun hüquqları müdafiə olunmalıdır”. Deputat Seçki Məcəlləsinə müvafiq dəyişikliklər edilməsini də təklif etdi: “Bələdiyyə seçkiləri digərlərindən fərqlənməlidir. Yəni bir kəndin bələdiyyə seçkilərində, dairə seçki komissiyası namizədlərdən prezident seçkilərində olduğu kimi eyni sənədləri tələb etməməlidir”.
Son olaraq Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında qanun layihə müzakirə olundu. Spiker Sahibə Qafarova qanun layihəsini təqdim edərkən bir sıra vacib məqamlara toxundu: “Biz hamımız yaxşı xatırlayırıq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev Milli Məclisin ilk iclasında etdiyi çıxışın önəmli bir hissəsini müəyyən xarici dairələrin ölkəmizə qarşı hazırladığı planlara, onların apardığı qarayaxma, iftira, böhtan kampaniyalarına, ideoloji təxribatlara həsr etmişdi”. Spiker qeyd etdi ki, ideoloji təhlükəsizlik məsələləri dövlətimizin ərazi bütövlüyü və suverenliyi bərpa edildikdən sonra xüsusi aktuallıq kəsb edib: “Xalqımızın tarixi qələbəsi ilə barışa bilməyən qüvvələr Cənubi Qafqaz bölgəsinə daxil olmaq və burada möhkəmlənmək, Azərbaycanın işlərinə qarışmaq cəhdlərindən əl çəkmirlər. Bu səbəbdən ölkəmiz mürəkkəb xarakterli təhlükələrlə üzləşir. Ənənəvi çağırışların qalmaqda davam etdiyi bir şəraitdə yeni, daha məkrli müdaxilə formaları da ortaya çıxır. Bu cür hərəkətlər dövlətimizi daxildən zəiflətməyə, ictimaiyyətin dövlət institutlarına etimadını sarsıtmağa və nəticə etibarı ilə milli maraqlarımıza xələl gətirməyə, müstəqilliyimizi və ictimai-siyasi sabitliyimizi təhlükə altına almağa yönəlib. Onu da deyim ki, bir sıra hallarda biz üstüörtülü təhdidlər və müdaxilələr ilə qarşılaşırıq, cəmiyyətimiz və dövlətimiz ilə manipulyasiya etmək cəhdləri çoxgedişli təbliğat kampaniyaları – onu biz hamımız yaxşı bilirik – saxta şüarlarla pərdələnir. Bu baxımdan hesab edirəm ki, komissiyanın fəaliyyəti çevik, aktiv və preventiv xarakter daşımalıdır”.
Məsələnin müzakirəsində Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, komitə sədrləri Arzu Nağıyev, Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Ramid Namazov, Kamran Bayramov, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev və Mübariz Qurbanlı çıxış etdilər. Deputatlar vurğuladılar ki, 44 günlük Vətən müharibəsində beynəlxalq hüququn və tarixi ədalətin bərpasına, möhtəşəm qələbəmizə dostlarımız sevinsələr də, görünən odur ki, bizi istəməyən qüvvələr ölkəmizin daxili işlərinə müdaxilə cəhdlərini daha da artıracaq, məkrli fəaliyyətlərini hibrid təhdidlər formasında genişləndirəcəklər. Ona görə də biz qarşımızda duran bütün təhdid və çağırışlara hazır olmalıyıq. Deputat Ramid Namazov komissiyanın sədri seçildi.