Gündəlikdə olan məsələlər kifayət qədər konkret xarakter daşıyır
Xarici siyasətində ikitərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycanın tarixi Zəfərimizdən sonra bu istiqamətdə qazandığı uğurların miqyası genişliyi ilə diqqətdədir. Möhkəm təməl üzərində qurulan əlaqələrin inkişafı üçün yeni imkanlar açılır. Hazırkı dövrdə ölkəmizin əsas hədəflərinin regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması məsələsidir. Bu gün Azərbaycan Avropa dövlətlərinin əksəriyyəti ilə ikitərəfli əlaqələr qurur. İkitərəfli əlaqələrin inkişafı mövcud sahələrdə olan imkanlarla yanaşı, bu məsələlərə də xüsusi diqqət göstərməsi diqqətdən kənarda qalmır. Bu əlaqələrdən ən mühümü də Belarus Respublikası ilə qurulan əlaqələrdir.
Azərbaycanla Belarusun bir-birinə daha yaxın olmasına və xalqlarımızın daha da sıx dostluq etməsinə nəinki şərait yaradır, eyni zamanda, gələcək böyük uğurların təməlini qoyur: Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürü idi. Səfər çərçivəsində Belarus Prezidentinin Azərbaycan Prezidenti ilə ikitərəfli, eləcə də hökumət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə görüşlər keçirməsi artıq hər iki müstəqil dövlətin münasibətlərində yeni bir dövrün başladığını ortaya qoyur. Aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir.
Belarus Cənubi Qafqazda söz sahibinə çevrilmiş Azərbaycanla bu günə qədər formalaşmış qarşılıqlı etibar, hörmət və strateji dostluq əlaqələrini, həmçinin iqtisadi-ticari münasibətləri daha dərindən inkişaf etdirməyi hədəfləyir. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə doqquz dövlət əhəmiyyətli sənədin imzalanmışdır.
Belarus dövlət rəhbərinin ölkəmizə səfəri, imzalanmış sənədlər münasibətlərimizin gələcəkdə daha da dərinləşdirilməsi üçün möhkəm hüquqi baza formalaşdırır. Sağlam və səmimi təməllərə söykənən Azərbaycan-Belarus əməkdaşlığı hər iki qardaş xalqın rifahına xidmət edir.
Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri
Gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətlərini görəcəyik
Azərbaycanla Belarus dövlətləri arasında münasibətlər dərin tarixi köklərə malikdir və hər iki ölkə müstəqilliyini elan etdikdən sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasındakı ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu münasibətlərin formalaşmasında və inkişafında dövlətlərimizin başçıları arasında səmimi dostluq münasibətləri, yüksək səviyyəli dialoq və qarşılıqlı anlaşma mühüm rol oynayır.
Azərbaycanla Belarus arasında getdikcə genişlənən münasibətlərdən bəhs edərkən ilk növbədə siyasi dialoqun, qarşılıqlı etimadın yüksək səviyyəyə çatdığını qeyd edə bilərik. Yüksək səviyyəli siyasi dialoq digər istiqamətlərdə əməkdaşlığa da güclü impuls verir. İki ölkə arasında diplomatik münasibətlər 11 iyun 1993-cü ildə yaradılıb. 2006-cı ildə qarşılıqlı olaraq Bakıda və Minskdə səfirliklər açılıb. Ötən dövrün ən mühüm nailiyyətlərindən biri ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çıxarılması olub. Bu gün Azərbaycanla Belarus arasında münasibətlər daha da genişlənib. Belarusla Azərbaycan arasında demək olar ki, bütün sahələrdə inkişaf mövcuddur. Hərbi-sənaye kompleksində, kənd təsərrüfatında, nəqliyyatda əlaqələrində əməkdaşlıq məsələləri ölkələrimizin iqtisadiyyatının inkişafı üçün praktiki əhəmiyyət daşıyacaq bütün məsələləri əhatə edir.
Müəyyənləşdirilən hədəflərdən aydın görmək mümkündür ki, gələcəkdə münasibətlərimizin yeni hüdudlarını, yeni müəssisələri, yeni iş yerlərini, həmçinin əməkdaşlığın yeni istiqamətləri müşahidə olunacaq. Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etməyə dəvət olunub. Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri geniş miqyasdadır.
Qeyd edək ki, hər iki ölkənin Prezidentlərinin işğaldan azad edilmiş ərazilərimizə-Şuşaya və Füzuliyə səfərləri oldu. Belarus Prezidenti bu torpaqlarda törədilən dağıntıları gördü. Tarixi Zəfərimizdən ötən qısa müddətdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa işləri ilə tanış oldu. Belarus Prezidenti Aleksandr Lukaşenko mətbuata bəyanatında bu məqamı xüsusi qeyd etdi ki,” Azərbaycan son illər böyük nailiyyətlər əldə edib. Hər şeydən əvvəl özünün əsas problemini – uzun müddət səhraya çevrilmiş torpaqların qaytarılmasını həll edib”. Bu Azərbaycanın ən böyük uğurudur.
Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri
Obyektiv həqiqət
Azərbaycan ilə Belarus arasında münasibətlər dostluq, qarşılıqlı anlaşma, dəstək və məqsədyönlülük kimi təməllər üzərində formalaşıb. Məlum olduğu kimi, vaxtilə hər iki ölkə keçmiş SSRİ tərkibində müttəfiq respublikalar olublar. Bu münasibətlər müstəqillik illərində daha da inkişaf edib. Əlbəttə ki, ölkələrimiz və xalqlarımız arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında olan səmimi münasibətlər xüsusi rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. Belarus Prezidentinin ölkəmizə dövlət səfəri də iqtisadi əlaqələrin daha yüksək səviyyədə inkişafına güclü təkan verəcək. Prezident cənab İlham Əliyevin mətbuata bəyanatında qeyd olunduğu kimi, bu gün ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Aparılan müzakirələr, imzalanmış sənədlər isə ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcək.
Azərbaycan və Belarus prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi önəm kəsb edir. Bu gün dünyada gedən geosiyasi proseslər davamlı olaraq yeni münaqişə ocaqlarının yaranmasına səbəb olur. Prezident cənab İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəmində yaranan münaqişələr isə bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorumaqla Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü ölkədir.
Bütün bunlarla yanaşı, əlaqələrimizin dərinləşməsində hökumətlərarası və humanitar komissiyaların rolunu xüsusilə qeyd etmək lazımdır. Ölkələrimiz arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin inkişaf dinamikası davam edir. Münasibətlərimiz milli maraqlara uyğun gəlir. İnanırıq ki, əlaqələrimiz bundan sonra da inkişaf edəcək və dərinləşəcək.
Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri
Dostluq münasibətləri
Azərbaycan Respublikasının xarici siyasətində Şərqi Avropa ölkələri ilə ikitərəfli qarşılıqlı əlaqələrin qurulması xüsusi yer tutur. Ölkəmizin sürətli iqtisadi inkişafı, Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfələr Azərbaycanı dünyada tanıdır. Aparılan ardıcıl və məqsədyönlü multiregional xarici siyasət kursunun nəticəsi olaraq beynəlxalq miqyasda ölkəmizin dostlarının sayı getdikcə artır. Ayrı-ayrı dövlətlər respublikamızla həyatın müxtəlif sahələrində sıx, bərabərhüquqlu partnyorluq münasibətləri qurmağa böyük önəm verirlər.
Azərbaycanla siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətlərini dərinləşdirən dövlətlərdən biri də Belarus Respublikasıdır. Ölkələrimizin rəhbərləri arasında etimada əsaslanan münasibətlər bütün digər dövlət qulluqçularına impuls verir ki, onlar, həmçinin öz aralarında ünsiyyət saxlasınlar, çalışsınlar, dostluq etsinlər, öz ölkələrinin rifahı və ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi naminə fəaliyyət göstərsinlər.
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri ölkələrimiz arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının növbəti təzahürüdür. Bu səfər çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanmışdır.
Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların mənşəyinin sertifikatlaşdırılmasının elektron sisteminin qarşılıqlı tətbiqi haqqında Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol”, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi ilə Belarus Respublikasının İdman və Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair 2024-2025-ci illər üzrə Tədbirlər Planı”, “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Belarus Respublikasının Antiinhisar Tənzimləmə və Ticarət Nazirliyi arasında rəqabət siyasəti, dövlət satınalmaları, istehlakçı hüquqlarının müdafiəsi və reklam fəaliyyəti sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə Belarus Respublikasının İqtisadiyyat Nazirliyinin “İnvestisiya və Özəlləşdirmə Milli Agentliyi” Dövlət Müəssisəsi arasında Anlaşma Memorandumu” və digər sənədlər imzalandı. Bütün bu imzalanmış sənədlər hər iki ölkə arasındakı əlaqələrin sıx və möhkəm olmasını özündə tərənnüm edir.
Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri