image-qanunla-reklam
image-431477433_966005918212520_7249347912170396401_n

Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik

image-lady-day-az

Altı ay bundan əvvəl cəmi bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində biz öz suverenliyimizi tam bərpa etdik

2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Bu kimi faktlar Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı idi.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə həkk oldu. Məğlubiyyəti isə Ermənistan heç cür qəbul edə bilmədi. Ermənilər Azərbaycanla təkbətək mübarizə aparmaq iqtidarında olmadıqlarını dərk etmələri fonunda separatizmi körükləyərək hər zaman olduğu kimi vaxt qazanmağa çalışdılar. Ermənilərin davam edən təxribatları və xüsusilə mina terrorunun nəticələri Azərbaycanı baş qaldırmağa çalışan separatçılığı bitirməyə vadar etdi. Azərbaycan dövləti antiterror tədbirləri  nəticəsində bu meyllərin can çəkişməsinin belə, ermənilərin heç zaman reallaşmayacaq arzuları olduğunu nümayiş etdirdi. 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam bərpa etmişdir, işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılması təmin edilmişdir, düşmən ordusu məhv edilmiş, düşmənin hərbi texnikası məhv edilmiş və ya qənimət kimi götürülmüşdür. Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salınmışdır və onlar ikinci dəfə kapitulyasiya aktına imza atmağa məcbur olmuşlar. Bununla da Azərbaycan ərazisində separatizmin kökü kəsildi. Bununla da Azərbaycan həm öz ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam bərpa etdi.

Sentyabrın 19-da keçirilmiş antiterror əməliyyatında Azərbaycan Ordusu  peşəkarlıq və fədakarlıq göstərərək qısa müddət ərzində düşməni təslim olmağa məcbur etdi. Separatçıların 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə tamamilə xitam verildi. Beləliklə, Azərbaycan tarixi ədaləti yenidən  bərpa etdi. Cənab Prezident İlham Əliyevin dediyi kimi, “8 noyabr kimi, 20 sentyabr 2023-cü il də bizim tariximizdə daim qalacaqdır.”

Bu gün Azərbaycanın ərazi bütövlüyü tamamilə təmin edilmişdir .Torpaqlarımıza  Böyük Qayıdış,   Azərbaycan xalqının  sabahına açılan əbədi  günəş, bükülməz qolumuz, cənab  Prezident İlham Əliyevin qüdrətinin , düşmənin başı üstündə olan dəmir yumruğunun gücüdür.

Çinarə Pirməmmədova- Zərdab rayon Hüseynxanlı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Bərpa-quruculuq işləri davamlı olaraq aparılır

İkinci Qarabağ müharibəsindən qalib çıxmağımız tarixə qızıl hərflərlə həkk oldu. Bu müharibə də Azərbaycan Ordusu işğala son qoydu. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad  edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. “Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar birliyini və qarşılıqlı inamı nümayiş etdirmişdi.

Bu gün Azərbaycan tam müstəqildir. Cənab Prezident İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəqiq və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan tarixi Qələbə qazandı. Ölkə başçımızın prosesi yüksək peşəkarlıqla, çevikliklə idarə etməsi, zəruri müdaxilələri  diplomatik masada da bizi düzgün hədəflənmiş uğura doğru aparırdı. Ölkənin potensialı bütün platformalarda Ermənistanın işğalçılıq siyasətinin ifşa edilməsinə yönəldildi. Dövlət başçımız tərəfindən düşünülmüş bu siyasətin nəticəsidir ki, Ermənistan heç bir perspektivi olmayan dalan dövlətə çevrildi. Cənab Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasət nəticəsində münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı hüquqi baza yaradıldı, dünyada Azərbaycan haqqında obyektiv fikir formalaşdırıldı.

Bu  gün azad olunmuş bütün torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük, nə qədər vətənpərvər xalqdır. 30 ilin əziyyəti, əzabları xalqımızı sındırmadı. II Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda böyük şücaət göstərdilər. Gücümüz cəmiyyətin və xalqın birliyindədir, bu birlik olmasaydı, biz heç vaxt müharibəni uda bilməzdik. Bu Zəfəri şərtləndirən xalqın ruhu idi və əsgəri önə doğru  göndərən də xalqın ruhu idi, onun tərbiyəsi idi.

Qeyd edək ki, illərlə əsl sahibinə həsrət qalan torpaqlarımızda infrastruktur yenilənir, dədə-baba yurdlarına qayıdacaq soydaşlarımız üçün dünyanın ən müasir imkanlarını yaradır, onların rahat yaşaması, işlə təmin olunması, təhlükəsizliyi, istirahəti üçün hər cür şərait qurulur. İşğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri bütün dünyaya nümunə olan Qalib Azərbaycan güclü siyasi iradə nümayiş etdirir. Artıq keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdıb və bu il bu proses öz sürətilə davam edəcək.

Dilarə Məmmədova- Zərdab şəhər 2 saylı körpələr evi-uşaq bağçasnın müdiri

 

 

Elə bir gənc nəsil yetişdirildi ki, bu gənc nəsil bizim xalqımız üçün əbədi qürur mənbəyi olacaq və bütün dünyaya Azərbaycan xalqının böyüklüyünü nümayiş etdirmişdir

Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə və başqa ölkələrdə özlərini tam sübut edirlər, doğruldurlar.

Müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir. Cənab Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır.

Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Cənab Prezident İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir.

Bu gün cəmiyyətimizin ayrılmaz hissəsi olan Azərbaycan Ordusu sıralarında Vətənin müdafiəsi kimi müqəddəs bir vəzifəni şərəflə yerinə yetirən şəxsi heyətin böyük əksəriyyətini gənclər təşkil edir. Azərbaycan gənclərinə günü-gündən artan dövlət qayğısı nəticəsində bu gün orduda vətənpərvər, mənəviyyatca saf, fiziki cəhətdən sağlam gənclər xidmət edirlər. Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda, onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Xankəndi qədim Azərbaycan torpağıdır, Pənahəli xan tərəfindən salınmışdır

Xankəndi qədim Azərbaycan torpağıdır, əsası Pənahəli xan tərəfindən qoyulmuşdur. Ancaq əfsuslar olsun ki, keçən əsrin 20-ci illərinin əvvəllərində tamamilə əsassız, heç bir hüquqi, siyasi və demoqrafik əsası olmadan burada muxtar vilayət yaradılmışdır və ondan sonra xalqımızın problemləri də başlamışdır.

Nəticə etibarilə keçən əsrin 80-ci illərinin sonlarında Ermənistan bizə qarşı müharibə elan edərək, separatçı qüvvələri dəstəkləyərək, xalqımıza qarşı soyqırımı və digər qanlı cinayətlər törədərək, əfsuslar olsun ki, o vaxt öz çirkin arzularına çata bilmişdir. Tarixə nəzər yetirsək oradan bizə aydın olar ki, Qarabağ əzəldən Azərbaycan torpağıdır. Erməni qəsbkarları qanunsuz şəkildə torpaqlarımızı zəbt etmişdir. Azərbaycan xalqı öz yurd-yuvasından didərgin düşmüşdür. Bütün bunlara baxmayaraq  Azərbaycan xalqı əzmlə, səbrlə, durmadan çalışaraq, öz dövlətini gücləndirərək tarixi anın yetişməsini, bu möhtəşəm xəbəri gözlədi. Torpaqlarımız işğaldan azad olundu. Heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə olan inamını sarsıtmadı, Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycanın liderinin iradəsinə təsir göstərmədi. Azərbaycan xalqı heç vaxt öz ərazi bütövlüyünün pozulması ilə barışmadı, torpaqlarında ikinci erməni dövlətinin yaranmasına yol vermədi. Azərbaycan xalqı Liderinin, Ali Baş Komandanının ətrafında hər gün daha sıx birləşdi, birliyimiz hər gün daha da möhkəmləndi. “Qarabağ Azərbaycandır!” ifadəsi bizim milli mübarizəmizin rəmzinə çevrildi. Bu birlik bizi Qarabağa qaytardı.

Vətən müharibəsində misilsiz şücaət göstərən qəhrəman Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu il sentyabr ayının 19-20-də birgünlük antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. 24 saat ərzində Qarabağdakı qanunsuz hərbi birləşmələr məhv edildi, separatçılar silahı yerə qoyaraq təslim oldular. Yüksək peşəkarlıqla aparılan, yalnız legitim hərbi hədəflərin məhv edildiyi antiterror tədbirlərində mülki əhaliyə və obyektlərə zərər dəymədi.

15 oktyabr 2023-cü il tarixi bir gündür. 15 oktyabr tarixində Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Azərbaycan Respublikasının Prezidenti bir daha sübut etdi ki, bu xalqı öz arzusuna gedən yolda heç bir qüvvə çəkindirə bilməz.

Bu gün biz azad edilmiş Qarabağda başımızı dik tutaraq yaşayırıq. Bu il Xankəndiyə və digər şəhərlərə, o cümlədən Xocalıya, Şuşaya, Cəbrayıla, Kəlbəcərə keçmiş köçkünlər qayıdacaqlar və həyat qaynayacaq.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki