image-qanunla-reklam
image-349796564_3345620192366017_7651495892377345693_n

Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın yeni mərhələsi

image-lady-day-az

Qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın yeni mərhələsi

Son illər Azərbaycanla İsrail dövləti arasında qarşılıqlı münasibətlər intensiv şəkildə inkişaf etməkdədir. İsrail Azərbaycanın 1991-ci ildə bərpa etdiyi dövlət müstəqilliyini ilk olaraq tanıyan ölkələrdən biridir. İki ölkənin diplomatik münasibətləri 1992-ci ilin aprelində qurulub, Bakıda onun səfirliyi fəaliyyətə başlayıb. Azərbaycanın bu dost ölkəyə münasibəti hər zaman loyal olsa da, Yaxın Şərqdə baş verən məlum geosiyasi problemlər səbəbindən son zamanlaradək İsraildə rəsmi Bakının diplomatik nümayəndəliyinin təsis edilməsi müəyyən maneələrlə üzləşirdi. Lakin rəsmi Yerusəlimin Ermənistan tərəfindən ərazilərimizin işğalı nəticəsində yaranmış Qarabağ probleminə münasibətdə hər zaman Azərbaycanın yanında olduğunu nümayiş etdirməsi, beynəlxalq təşkilatlarda haqq səsimizi dəstəkləməsi və nəhayət, 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanla çətin günün dostu olduğunu sübut etməsi,  eləcə də qardaş Türkiyə ilə münasibətlərin müsbət məcraya yön alması sonda beynəlxalq dəyərlər sistemi kontekstində, həm də milli maraqlar baxımından Azərbaycan-İsrail qarşılıqlı münasibətlərinə yeni baxışın zərurətini ortaya qoydu. Beləliklə, bu ilin aprel ayında ölkəmizin İsraildə səfirliyinin açılması ilə bu münasibətlər daha sürətli inkişaf yoluna qədəm qoymuşdur.

30 may tarixində İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun Azərbaycana rəsmi səfəri və bu çərçivədə bir sıra görüşlərin keçirilməsi, “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” Planının imzalanması, kibertəhlükəsizlik, turizm, irriqasiya və kənd təsərrüfatı, ticarət dövriyyəsinin şaxələndirilməsi və bir çox digər istiqamətlərdə qarşılıqlı fayda əsaslanan əməkdaşlığın perspektivləri ətrafında məhsuldar müzakirələr bu münasibətlərin inkişafına mühüm töhfədir.

Dövlətimizin başçısı cənab İlham Əliyev Prezident İsxak Hersoqla görüşlərdən sonra onun ölkəmizə ilk səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatda bu tarixi hadisənin Azərbaycanla İsrail Dövlətinin sıx tərəfdaşlıq əlaqələrini nümayiş etdirdiyini bildirmiş və bu istiqamətdə yeni hədəfləri göstərmişdir: “Həyata keçiriləcəyini planlaşdırdığımız birgə layihələr nəticəsində bizim daha balanslaşdırılmış ticarət dövriyyəmiz olacaq və o, təkcə enerji amilindən asılı olmayacaq… İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur”.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir

Azərbaycan Prezidenti həm də İsrailin müsbət təcrübəsindən bəhrələnməklə ixrac bazarını şaxələndirmək niyyətini ifadə etmişdir. Kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq  formatının yaradılması ölkələrimizin milli təhlükəsizliyinin mühüm hissəsinə çevriləcəkdir. Azərbaycanın İsraillə müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur ki, bu da bizə müdafiə qabiliyyətimizi gücləndirmək üçün vacib amildir və dövlətçiliyimizi, ərazi bütövlüyümüzü müdafiə etməyə kömək edir.

Cənab İlham Əliyev bildirib ki, bizim qarşılıqlı dəstəyə söykənən dostluğumuzun əsrlər boyu davam edən tarixi var: “Müstəqil ölkə olaraq Azərbaycanın sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var və Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşlar və bu gün də belə olmaqda davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir”. Həqiqətən də, yəhudi icması Azərbaycan cəmiyyətində böyük nüfuza malikdir, onun üzvləri tamhüquqlu Azərbaycan vətəndaşları kimi hər iki Qarabağ müharibəsində hamı ilə çiyin-çiyinə ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda vuruşmuşlar, bu gün də respublikanın inkişafına töhfələr verməkdə davam edirlər. Ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayan İsraildəki Azərbaycan diasporunun üzvlərinin əksəriyyətinin yəhudi mənşəli olması diaspor hərəkatının tarixində unikal nümunədir. Respublikamızın müxtəlif bölgələrində 10-dək sinaqoq tam təhlükəsizlik şəraitində aktiv fəaliyyət göstərir ki, bu da dünyaya nümunə olan Azərbaycan tolerantlığının təcəssümüdür.

Bu gün Milli Məclisdə yəhudi icmasının nümayəndəsi təmsil olunur, Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Prezident İshaq Hersoqun ölkəmizə rəsmi səfəri çərçivəsində Milli Məclis rəhbərliyinin, dövlət və hökumət nümayəndələrinin, din xadimlərinin, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun əməkdaşlarının və tanınmış ictimaiyyət nümayəndələrinin iştirakı ilə Heydər Əliyev Mərkəzində İsrailin dövlət müstəqilliyinin 75-ci ildönümü münasibətilə rəsmi qəbulun təşkil olunması da onu göstərir ki, ölkələrimiz qarşılıqlı olaraq bütün sahələrin, o cümlədən, parlament ölçüsünün inkişafına yüksək dəyər verirlər.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Bu səfər Azərbaycan-İsrail münasibətlərinin inkişafına böyük töhfələr verəcək

Azərbaycanın xarici siyasətində İsrail dövləti ilə münasibətlər xüsusi yer tutur. Xalqlarımız həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. Biz ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Bu illər ərzində Azərbaycan və İsrail dövlətlərinin siyasi, iqtisadi, mədəni və hərbi sahələrdə sıx əlaqələri yaranıb. Bu gün qarşılıqlı münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İsrailin Prezidenti İsxak Hersoqun mayın 30-da ölkəmizə səfəri də münasibətlərimizin yüksək səviyyədə olmasını bir daha təsdiqləyir.

Ölkəmiz tarixən dostluq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-İsrail münasibətlərinə xüsusi əhəmiyyət verir. Ötən dövr ərzində qarşılıqlı etimad və dəstək kimi möhkəm təməllər üzərində qurulmuş dövlətlərarası əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək hazırkı səviyyəyə çatması məmnunluq doğurur. İsrail Prezidentinin ölkəmizə səfəri zamanı dövlət başçılarının görüşü zamanı ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Mətbuata birgə bəyanatlar zamanı Prezident İlham Əliyev ölkələrimizin arasında çox fəal siaysi dialoqun olduğunu vurğulayaraq deyib: “Əminəm ki, səfər bizim ikitərəfli əlaqələrimizi gücləndirəcək. Aramızda çox fəal siyasi dialoq var və biz cənab Prezidentlə telefonla əlaqə saxlayırıq. İndi isə, əlbəttə ki, rəsmi səfər zamanı bizim ikitərəfli gündəliyimizdə duran önəmli məsələləri müzakirə etmək üçün daha çox imkanımız var. Bu il İsraildə Azərbaycan səfirliyinin açılması, əlbəttə ki, əlaqələri daha yüksək səviyyəyə qaldıracaq və eyni zamanda, daha sıx qarşılıqlı əməkdaşlıq üçün geniş imkanlar yaradacaq”.

Azərbaycan tarixən müxtəlif millətlərin və fərqli dinlərin daşıyıcılarının dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın hökm sürdüyü ölkədir. Azərbaycanda hər zaman hər bir dinin daşıyıcısına və millətin nümayəndəsinə bərabər münasibət göstərilib və göstərilməkdədir. İstər Birinci Qarabağ müharibəsində, istərsə də sonrakı dövrlərdə ölkəmizdə yaşayan xalqların nümayəndələri Vətən uğrunda canlarından keçiblər. Azərbaycanın Milli Qəhrəmanı, milliyyətcə yəhudi olan Albert Aqarunovun xatirəsi bu gün hamı üçün çox əzizdir. Onun xatirəsi ölkəmizdə əbədiləşdirilib. 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən yəhudilər dövlətimizin, Prezidentimizin ətrafında sıx birləşdilər, torpaqlarımızın erməni işğalından azadlığı uğrunda ortaya qoyulan dəmir iradəni qətiyyətlə dəstəklədilər.

Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsində İsrail dövləti də Azərbaycanın ədalətli mövqeyini dəstəklədi. Ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq sahəsində də yaxşı əlaqələr mövcuddur.

İsrail Prezidenti İsxak Hersoq da bəyanatında əlaqələrimizin dərin köklərinin olduğunu deyərək qeyd edib: “Yəhudilərin bu ölkədəki irsinin kökləri, yeri gəlmişkən, özlüyündə nümunə olan nadir irsi və yəhudi icmalarının 120-130 il əvvəl meydana gəlməsi ilə Azərbaycanın dünyada yazdığı hekayəsinə öz böyük töhfəsini verib. Sülh, ümumi rifah, yaxşı işlərə dair birgə strateji baxışımızla birlikdə, yəhudilərlə müsəlmanlar arasında səmərəli, ədalətli, səmimi, dostcasına dialoq, bizim arzulaya və nümayiş etdirə biləcəyimiz bir baxışdır. Sirr deyil ki, ölkəniz əhalisinin əksəriyyəti şiələr olan müsəlman ölkəsidir. Buna baxmayaraq, millətlərimiz arasındakı sevgi və bağlılıq dünyanı necə dəyişdirə biləcəyimizin və irəli gedə biləcəyimizin nümunəsidir”.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasətdə ikitərəfli münasibətlərə strateji xarakter verib

Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmət və ehtiramla yanaşıblar.

Müstəqilliyimizi tanıdığı 1991-ci il dekabrın 25-dən sonra Azərbaycan ilə bu dövlət arasında münasibətlər həmişə müsbət istiqamətdə inkişaf edib. Amma son bir neçə ildə münasibətlərdə xüsusi dinamika müşahidə olunur: əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı səfərlərin çoxalması, ticarət dövriyyəsinin və investisiyaların artması, qarşılıqlı fəaliyyət üçün yeni sənaye sahələrinin müəyyənləşdirilməsi bunun bariz nümunəsidir.

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoqun Azərbaycana səfəri bir daha göstərdi ki, Azərbaycan-İsrail münasibətləri ildən-ilə genişlənir və əlaqələr möhkəmlənir. İ.Hersoqun Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla İsrail arasında münasibətlərin daha da yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir.

İsrail Prezidenti İsxak Hersoqun yürütdüyü siyasət də ikitərəfli münasibətlərə strateji xarakter verib. Belə ki, onun dövlət başçısı seçilməsindən sonra Azərbaycanla münasibətlər uğurla inkişaf edir. İsrail Prezidentinin 30 il əvvəl formalaşmış münasibətlərin nə qədər möhkəm olduğunu bütün dünyaya nümayiş etdirməsi də sevindirici haldır. Bu səfərdə İsrail prezidenti tək gəlməyib, böyük bir komanda ilə gəlib. Səfər çərçivəsində dövlətlərarası münasibətlərdə, müxtəlif sahələrdə sənədlər imzalandı, əməkdaşlığın, tərəfdaşlığın daha da inkişaf etdirilməsi üçün məsləhətləşmələr aparıldı. Əlbəttə ki, cənab Prezidentin, eləcə də jurnalistlərə bəyanatında İsrail Prezidentinin söylədiyi fikirlər onu deməyə əsas verir ki, bu dövlətlər bir çox beynəlxalq tədbirlərdə, bir çox beynəlxalq tribunalarda bir-birlərinin mövqelərini və bir-birlərinin haqq, ədalət, demokratiya uğrunda apardıqları mübarizəni dəstəkləyirlər. Belə ki İsraillə Azərbaycanın daha da yaxınlaşması hər iki dövlətin və xalqların marağına cavab verir. Bu baxımdan hesab edirəm ki, İsrail dövlət başçısının böyük heyətlə Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşlər keçirməsi əlamətdar haldır.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun iştirakı ilə ilə “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalandı, bu da dövlətlərarası münasibətlərin gələcək inkişafında mühüm perspektivlər yaradacaq. Səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, iki ölkə müdafiə sənayesi sahəsində fəal əməkdaşlıq edir və bu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Xalqlarımızın münasibəti səmimi dostluq və qardaşlıq üzərində qurulub

İsrail Prezidenti ilə görüş çərçivəsində iki ölkə arasında yüksəksəviyyəli dialoq və səfərlərin həyata keçirilməsinin əhəmiyyəti vurğulandı, həmçinin qarşılıqlı maraq doğuran beynəlxalq və regional məsələlər müzakirə edildi. İki dövlət arasında çoxşaxəli əlaqələr mövcuddur. Məsələn, ticarət sahəsində Azərbaycan-İsrail əməkdaşlığı inkişaf edir və onun həcmi ildən-ilə artır. Əvvəllər bu əməkdaşlıq əsasən, neft-qaz sahəsinə yönəlmişdisə, sonradan bu əməkdaşlıq şaxələndirilərək, iqtisadiyyatın digər sektorlarını, o cümlədən kənd təsərrüfatı, yüksək texnologiyalar, səhiyyə, hərbi-texniki tərəfdaşlığı da əhatə edir. İsrail dünya bazarında Azərbaycan neftinin əsas strateji alıcılarından biridir. Uzun illərdir ki, Azərbaycan İsrailə xam neftin etibarlı təchizatçısı olmaqda davam edir və bu da enerji sahəsində sıx əməkdaşlığı nümayiş etdirir. İnterkonnektorların yaradılması və üçüncü ölkələrdə potensial əməkdaşlıq layihələri üçün böyük imkanlar mövcuddur.

Beləliklə, Azərbaycan və İsrail dövlətlərinin rəhbərləri iki ölkənin daha da yaxınlaşmasını hədəfləyən qərarlar verərkən hər iki ölkənin cəmiyyətlərinin istəyinə əsaslanırlar. Çünki xalqlarımızın münasibəti səmimi dostluq və qardaşlıq üzərində qurulub. Yəhudi xalqı tarixən olduğu kimi bundan sonra da Azərbaycan xalqının və dövlətinin yanında olacaq. Hər hansı bir kənar düşmən qüvvə xalqlarımızın bu dostluğunu və qardaşlığını poza bilməz və bu münasibətlər daha da yüksək olacaq. Dövlət başçımızın söylədiyi kimi: “Azərbaycan-İsrail münasibətlərini yüksək qiymətləndiririk”.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki