image-qanunla-reklam
image-369628283_857112072435239_8850878990383986414_n

Laçın rayonunun işğaldan azad olunması

image-lady-day-az

Laçın rayonunun işğaldan azad olunması.

Dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur Azərbaycanın malik olduğu imkanların, ən əsası xalqımızın nə qədər qurucu, yenilməz, məğrur xalq olduğunu təsdiqləyir. Ümumilikdə regionların inkişafı dövlətin siyasətinin əsasıdır. Dövlət başçısı cənab İlham Əliyev çıxışlarında, müsahibələrində bu mühüm məqamı daim bildirir ki, əsas hədəf işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasıdır. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır.

Dövlət başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 25-də Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Səfərin gundəliyinin zənginliyi tədbirlərin sıxlığında özünü daha qabarıq şəkildə büruzə verdi. Bir mühüm məqamı nəzərə alaq ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Kəlbəcər və Laçın rayonlarına səfəri Laçın Şəhəri Gününə təsadüf etdi. Məlumdur ki, dövlət başçısı İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq 26 avqust Laçın Şəhəri Günüdür. Ötən il həmin tarixdə Prezident İlham Əliyev özünün «Twitter» səhifəsində belə bir paylaşımı etdi: “Bu gün, avqustun 26-da biz – azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bütün laçınlıları və Azərbaycan xalqını bu münasibətlə təbrik edirəm. Yaşasın Laçın! Yaşasın Azərbaycan!”

Yaşanan hər bir sevincli gün tarixi Zəfərimizə gedən yola qısa nəzər salmağı bir zərurət kimi qarşımıza qoyur. Dövlət başçısı cənab İlham Əliyevin hər bir çıxışı çoxəsrlik tariximizin Zəfər səhifəsinin indiki və gələcək nəsillərə təqdimatıdır. Bu baxımdan cənab İlham Əliyevin sözügedən çıxışı həm həqiqətlərimizin təbliğində əhəmiyyətli rol oynadı, həm də bu ünvandan, işğalçı Ermənistanın həmişəlik özünə aid torpaq bildiyi Laçından mesajların ünvanlanması ilə yadda qaldı. Reallıq budur ki, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olduğunu təsdiqlədi. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixdə Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladığı Bəyanatın müddalarına uyğun olaraq ermənilər noyabrın 15-də Kəlbəcəri, 20-də Ağdamı və dekabrın 1-də isə Laçını təhvil verməli idi. Kəlbəcərin boşaldılması noyabrın 15-i üçün nəzərdə tutulsa da Ermənistan Rusiya Prezidentinin vasitəçiliyi ilə Azərbaycandan əlavə vaxt istədiyi üçün noyabrın 25-də təhvil verildi. Azərbaycan humanist dövlət olduğunu sözdə deyil, əməldə bir daha təsdiqlədi. Digər tərəfdən, Azərbaycan dövləti hər zaman bu xatırlatmanı da edir ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrini 44 gündə təkbaşına icra etdiyimiz kimi, Bəyanatdan irəli gələn vəzifələrin də yerinə yetirilməsinə nail olmaq imkanında olduğumuz unudulmasın. Bunun nəyə işarə olduğu aydındır. İlk növbədə, dövlət başçısı İlham Əliyev bütün çıxışlarında bu məqamı bəyan edir ki, biz nəyi nə zaman etmək lazım olduğunu bilirik. Digər çağırış isə Vətən müharibəsinin rəmzinə çevrilən Dəmir yumruğun yerində olmasıdır. Azərbaycan istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmədir. 30 ildə həqiqətləri görməzdən gələn dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar 44 gündə ölkə Prezidentinin 30-a yaxın müsahibəsi əsasında bu reallıqları öyrənməyə məcbur oldular. Hazırda yaşadığımız postmünaqişə dövrünün reallıqları da dünya gücləri tərəfindən qəbul edilir və fəaliyyətlərini bu istiqamətdə qururlar.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi- Mayisa Xəlilova

 

 

Ermənistan 30 il ərzində torpaqlarımızı işğal altında saxlayıb.

Ermənistan hərbi birləşmələri tərəfindən Laçının işğalından sonra ermənilər nağıl dünyalarına qapanaraq özlərində belə bir inam yaratmağa çalışdılar ki, bu yerlərdə əbədi yaşayacaqlar, Qarabağın yeni sahibi onlardır. Bu, mənfur düşmənin 44 günlük İkinci Qarabağ müharibəsinə qədər özləri üçün qurduqları xəyallar idi. Baxmayaraq ki, Vətən müharibəsinə qədər Azərbaycan Ordusu 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında Ermənistana dərs vermişdi. Amma bu və ya digər dövlətlərin maraqlarının həyata keçirilməsində bir vasitə kimi istifadə edilən ermənilər görünür aldıqları dərslər tez unutmaq məcburiyyətində qalırlar. 44 günlük İkinci Qarabağ müharibəsində isə Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinə tarixdə heç zaman unuda bilməyəcəkləri dərsi verdi və hər dəfə bu çağırış səsləndirilir ki, işğalçı dövlətdə baş qaldırmaq istəyən qüvvələr «dəmir yumruğ»un yerində olduğunu unutmasınlar.

Bir mühüm məqamı da qeyd edək ki, Laçın Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri olan bir humanitar dəhliz kimi təqdim edilirdi. Çünki bu dəhlizdən gələn dəstəklər nəticəsində “Dağlıq Qarabağ”dakı ermənilərin hərbi imkanları dəfələrlə artmışdı. Amma bu gün Laçını Qarabağ ermənilərinin blokadadan çıxması üçün zəruri bir humanitar dəhliz gözündə görən ermənilərin ümidlərinə son qoyuldu. Avqustun 26-da azərbaycanlılar Laçın şəhərinə qayıtdılar. Azərbaycan Ordusu Laçın şəhərinə yerləşdi. Zabux və Sus kəndləri nəzarətə götürüldü. Lakin bu məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan Ermənistandan fərqli olaraq ermənilərə Qarabağda, xüsusilə də Laçında qalıb yaşamaları üçün qaydaları açıqladı. Dövlət başçısı cənab İlham Əliyev daim bu çağırışı edir ki, əgər Qarabağda kimsə yenə də hansısa populizm naminə, yaxud da kimdənsə qorxduğu üçün hansısa statusdan, müstəqillikdən söhbət aparırsa, bilmək lazımdır ki, o, erməni xalqının birinci düşmənidir. Çünki Qarabağda yaşayan ermənilərin nə statusu olacaq, nə müstəqilliyi olacaq, nə də ki, hansısa xüsusi imtiyazı. Azərbaycan vətəndaşları necə, onlar da elə. Azərbaycan vətəndaşlarının hüquqları necə qorunursa, onların da elə. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Yol ancaq budur. 10 noyabr üçtərəfli Bəyanatdan irəli gələrək Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdıqları şəraitdən, göstərdiyi humanizmdən bəhrələnərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər revanşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı şahidi olduğu dağıntılardan bəhs edərkən hər zaman bildirir ki, dünya bu günədək necə vəhşi ilə üz-üzə olduğumuzu görsün. Kəlbəcərin və Laçının boşaldılması zamanı edilən vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Reallıq budur ki, Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməlləri həyata keçirmişdir. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susması artıq Azərbaycan ictimaiyyəti tərəfindən təəccüblə qarşılanmadı. Çünki 28 ildən artıq dövrdə ikili siyasətin nəticələrini yaşamışıq, işğala məruz qalan Azərbaycan olsa da Ermənistanın başına çəkilən sığallardan sanki belə qənaət yaranırdı ki, dünya ümumiyyətlə, hüquq anlayışından xəbərsizdir. Lakin bütün hallarda Azərbaycan artıq 30 illik işğal dövrünün Azərbaycanı olmadığını ədalətin və beynəlxalq hüququn öndə saxlanılması fonunda həm döyüş meydanında, həm də informasiya cəbhəsində ermənilərə və onlara havadarlıq edən dövlətlərə çatdırdı. Bir daha sübut olundu ki, beynəlxalq münasibətlərdə güc və hüquq anlayışları əsasdır.

Azərbaycan istədiyinə nail olur. Kimin hansı mövqedə olmasından asılı olmayaraq, nail olur və biz bir nöqtəyə vururuq və nəticə də hasil edilir. Ermənilərin vəhşiliklərinə, vandallıqlarına rəğmən biz Laçına qayıtdıq. Hər bir çağırışın real həyatda öz əksini tapması Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Azərbaycan üzərinə götürdüyü bütün öhdəliklərinə sadiqdir. Tarixi Zəfərimizin reallıqları fonunda əldə etdiyimiz hər bir qələbə, uğurlu nəticə harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.

Dəkkəoba kənd tam orta məktəbinin müəllimi-Vəfa Xəlilli

 

 

 Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır.

İşğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Laçın rayonunda da bərpa-quruculuq işlərinin miqyası olduqca genişdir. Dövlət başçısı cənab İlham Əliyev Böyük Qayıdış proqramının uğurlu icrasından bəhs edərkən bu hədəfi açıqlamışdır ki, 2023-cü ildə laçınlılar Laçın şəhərinə qayıdacaq. Laçın şəhərinə soydaşlarımızın qayıdışının ilk mərhələsi 28 May-Müstəqillik Günündə reallaşdı. Qısa zamanda ölçüyəgəlməz bərpa-quruculuq işləri ölkəmizin iqtisadi və maliyyə imkanlarının göstəricisidir. Buna əmin olmaq üçün təkcə dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində atılan mühüm addımların xronologiyasına diqqət yetirmək kifayətdir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında, Kəlbəcər rayonunun Zar kəndinin təməlqoyma mərasimində iştirak etdilər, Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlər ilə tanış oldular. Dövlət başçısı İlham Əliyev Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2”, Laçın rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyalarının açılışında iştirak etdi, Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonuna səfərləri zamanı Laçın Beynəlxalq Hava Limanında tikinti işlərinin gedişi ilə tanış oldular. Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməlqoyma mərasimində, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonunun, “Həkəri Balıq Təsərrüfatı”nın, 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışında iştirak etdilər.

Avqustun 25-də 20 ailə Zabux kəndinə qayıtdı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Laçın rayonunun Zabux kəndində görülmüş işlərlə tanış oldular və burada kənd sakinləri ilə görüşdülər. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Prezidentin Laçın rayonunda xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə Laçın şəhərində Mənzərəli terrasda və Bayraq Meydanının qarşısında keçirilən “Laçın Şəhəri Günü” bayram şənliklərində iştirak etdilər. Dövlət başçısı cənab İlham Əliyev bayram tədbirində bir daha diqqəti ötən ilin sentyabrında Laçın rayonuna səfərini xatırladaraq bildirdi ki, şəhərin mənzərəsi çox acınacaqlı idi, şəhər demək olar ki, dağılmış vəziyyətdə idi. Köhnədən qalan, işğaldan əvvəlki dövrə aid olan bir neçə yöndəmsiz bina mövcud idi. Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm iradəsini, eyni zamanda, bu torpaqların sahiblərinin biz olduğumuzu göstərir.

Cənab İlham Əliyev bu xatırlatmanı da etdi ki, 50 yaşı tamam olanda laçınlılarla Qarabağda, Qarabağın Ağcabədi rayonunda, Taxtakörpü qəsəbəsində görüşmüşdü. Onlara demişdi ki, dövlət sizi daha yaxşı şəraitlə təmin edir. Ancaq torpaqlarımız azad olunandan sonra sizin üçün Laçında daha gözəl şərait yaradacağıq və belə də oldu: «Əlli yaşımı Ağcabədidə laçınlılarla qeyd etmişəm, 60 yaşımı Şuşada qeyd etmişəm, Cıdır düzündə, bu gün də Laçın Şəhəri Günündə sizinlə birlikdə bu bayram tədbirlərində iştirak edirəm. Bu böyük xoşbəxtlikdir, mənim üçün, sizin üçün, hər birimiz üçün. Biz xoşbəxt günləri yaşayırıq və əminəm ki, xalqımız bundan sonra sülh, əmin-amanlıq şəraitində yaşayacaq, öz doğma torpağında qurub-yaradacaqdır. Laçın rayonunun timsalında biz dirçələn Azərbaycan reallıqlarını görürük, dirçələn torpaqları görürük.»

İşğaldan azad edilmiş Füzulidə, Zəngilanda, o cümlədən Laçında beynəlxalq statusa malik hava limanlarının inşası, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi ilə Qarabağın və Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması ölkəmizin həyatında mühüm tarixi hadisələr, bu torpaqların gələcəkdə böyük turizm məkanı kimi mövqeyinin möhkəmlənməsinə xidmət edən mühüm addımlardır. Laçın Beynəlxalq Hava Limanının 2024-cü ilin sonu 2025-ci ilin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.

Heydər Əliyev Mərkəzinin Elmi işçisi – Alagöz Namazova

 

 

 Biz ədalətli müharibə aparmışıq, biz öz torpağımızda vuruşmuşuq, savaşmışıq.

30 ilə yaxın işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və postmünaqişə dövrünün reallıqları Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olduğunu təsdiqləyir. Azərbaycanın bu prinsipləri daim öndə saxlaması müstəqil siyasətinin davamlı uğurlarını şərtləndirir. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycanın dəyişməz mövqeyini, müstəqil siyasət yürütdüyünü əsaslı şəkildə bəyan edir. Bu gün işğaldan azad edilmiş ərazilərimizdən səsləndirilən bu bəyanatlar bir daha təsdiqləyir ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil. 44 günlük İkinci Qarabağ müharibəsində müharibənin dayandırılması ilə bağlı ölkəmizə nə qədər təzyiqlər göstərildi. Lakin Azərbaycan geriyə bir addım da belə atmadı. Müharibəni nə zaman dayandırmağın şərtlərini açıqladı. 10 noyabr 2020-ci il tarixdə imzalanan üçtərəfli Bəyanat bu şərtlərin təsdiqi oldu. Dövlət başçısı cənab İlham Əliyev Laçından ünvanladığı mesajlarında da bu çağırışı xüsusi önə çəkdi ki, heç kim bizim iradəmizə təsir edə bilməz. Bunu müharibə dövründə göstərmişik. 44 gün ərzində ancaq və ancaq irəli gedərək, düşməni məhv edərək, bayrağımızı qaldıraraq göstərmişik. Müharibədən sonra keçən 3 ilə yaxın müddətdə də bunu sübut etməyə məcburuq: «Çünki bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz, bizi yolumuzdan döndərə bilməz. Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Çünki biz qurub yaradan xalqıq.» Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfəri zamanı paylaşdığı fotolar xalqımızda böyük qürur hissi yaradır. Bu baxımdan Kəlbəcər və Laçın rayonlarından fotolar paylaşan Mehriban xanım Əliyeva «Kəlbəcər və Laçında! Allaha min şükür. 25. 08.2023.» fikirləri ilə bir daha tarixi Zəfərimizin, torpaq həsrətinə son qoyulmasının sevincini bölüşdü.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı-İmanova Xanım

 

 

Genişmiqyaslı quruculuq işləri

Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək arxitektura tələbləri əsasında və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır ki, bu da 144 mənzil deməkdir. Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. La­çı­nın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infra­struk­tur yaradılır.Laçın rayonunun sənaye zonasında mebel fabriki də inşa edilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin mayın 28-də Laçına növ­bəti səfəri zamanı aparılan quruculuq işlərindən danışaraq demişdi: “Biz öz doğma torpaqları­mı­zı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.

Zərdab Gənclər evi sosial xidmət müəssisəsinin metodisti – Mecidli Cəlal


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki