Ermənistan Azərbaycanın 2020-ci ildən başlayan xəbərdarlıqlarından nəticə çıxarmadı.
Ölkəmiz dövlətimizin başçısının rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Bəli, Qarabağdakı antiterror tədbirləri Azərbaycan dövlətinin və xalqının maraqlarına tam uyğundur, legitimdir. Bu tədbirləri gözləmək olardımı? Bəli! Çünki 2020-ci ildən başlayaraq, Ermənistan Azərbaycanın xəbərdarlıqlarından nəticə çıxarmadı. Qarabağda qeyri-qanuni hərbi birləşmələr, hərbi texnika, qurğu, silah və sursat saxladı. Üstəlik, müxtəlif yollarla əraziyə əlavə hərbi vasitələr cəlb etdi, şəxsi heyətin rotasiyasını həyata keçirdi, ərazilərimizi minaladı və sair yolverilməz hərəkətlər reallaşdırdı ki, bunların hamısı ölkəmizin konstitusion quruluşuna ziddir, dövlət suverenliyimizə təhdiddir.
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal antiterror tədbirlərinin başlanması gözlənilən idi. Belə ki, Ermənistan, xüsusilə son dövrlərdə həm informasiya cəbhəsində, həm də hərbi müstəvidə Azərbaycana qarşı çeşid-çeşid, sistemli və ardıcıl şəkildə təxribatlar həyata keçirməkdə idi. Azərbaycana qarşı həyata keçirilən təxribatçı addımların qarşılığında Azərbaycan tərəfi hər dəfə Ermənistan tərəfinə bununla bağlı xəbərdarlıq etmişdir. Lakin bütün bunara baxmayaraq Ermənistan həm şərti sərhəddə, həm də Qarabağ iqtisadi rayonunda separatist qüvvələrlə birgə təxribatlara son vermədi.
Nailə Əliyeva – Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru
Sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu.
Bakı 30 ilə yaxın bir müddətdə BMT-nin məlum 4 qətnaməsinin həyata keçirilməsini gözlədi. Lakin bu gözləmə və aparılan danışıqların səmərəsizliyi 2020-ci ilin 27 sentyabrında başa çatdı. Daha dəqiq desək, 44 gün ərzində Ermənistanın işğalçı siyasəti darmadağın edildi. BMT-nin qətnamələri məhz Azərbaycan ordusu tərəfindən həyata keçirildi. Lakin sonrakı 3 ildə də Bakı səbir və təmkin nümayiş etdirdi, bir sıra dövlət başçılarının Azərbaycanın ərazi bütövlüyünü tanıması faktoruna qarşılıqlı hörmətlə yanaşdı. Amma son anda Qarabağdakı saxta rejimin qondarma “prezident seçkilərini” keçirməsinə, ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməzdi.Qarabağdakı separatçı rejim bölgənin erməni əhalisini girov saxlayır, onları özünün siyasi avantürizminə alət etmək yolu tutmaqla, ölkəmizin reinteqrasiya çağırışlarına məhəl qoymurdu. Ermənistan hakimiyyəti isə yeritdiyi siyasətlə belə yolverilməz təmayüllərə dəstək göstərir, dünya ermənipərəstlərinin köməyilə həmin rejimi legitim statusa malik dövlət quruluşu qismində təqdim edirdi. Təbii ki, belə “fəaliyyətin” qarşısının alınması üçün qətiyyətli addımlara ehtiyac var idi.
Ermənistan Azərbaycanın haqlı tələblərinə məhəl qoymayaraq, eyni zamanda, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın müddəalarını da pozub. Rəsmi İrəvan ötən müddətdəki fəaliyyəti ilə, eyni zamanda, göstərdi ki, ölkənin baş naziri Nikol Paşinyanın 6 oktyabr 2022-ci il tarixdə Praqada və 14 may 2023-cü il tarixdə Brüsseldə üç tərəfli görüşdə Qarabağ da daxil olmaqla, Azərbaycanın 86,6 min kvadratkilometr ərazidə suveren haqlarını tanımasına dair fikirləri boş söz yığınından başqa bir şey deyildi. Bəli, rəsmi İrəvan davamlı olaraq Qarabağdakı separatçı rejimi müstəqil siyasi hakimiyyət kimi təqdim edir, habelə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi məsələsini Azərbaycanla sülh müqaviləsi müstəvisinə gətirir, bölgə ilə bağlı avantürist planları reallaşdırmaq əzmini göstərirdi. Qarabağda humanitar böhran şousu, bölgənin erməni əhalisinə qarşı etnik təmizləmə və soyqırımı iddiaları da Ermənistanın xarici siyasətinin başlıca istiqamətlərini təşkil edirdi.
Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini
Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi
Qarabağda antiterror tədbirləri başlayandan dünyanın müxtəlif dairələri, o cümlədən ermənipərəstlər bəyanatı bəyanat ardınca sıralamaqdadırlar. Artıq Fransadan, Avropa Birliyindən və digər təşkilatlardan olan “demokratiya carçıları” ortaya çıxıb çağırışlar səsləndirməklə məşğuldurlar. Onların bəziləri bir qədər də “irəli gedərək” ölkəmizi öz qanuni ərazilərində gördüyü tədbirləri pisləmək yolu tuturlar. Bundan əlavə Avropa Parlamentinin xarici məsələlər üzrə komitəsinin bir qrup ermənipərəst üzvləri belə Azərbaycana sanksiyaların tətbiq edilməsi və Azərbaycandan neftin, qazın tədarükünün dayandırılması tələbi ilə çıxış etmişdir. Əlbəttə, belə gedişlərin heç bir xeyri olmadı, ola da bilməzdi.Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. Cari ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir.Bəzi Qərb ölkələrinin dəstəyindən ruhlanan Xankəndində və ətraf qəsəbələrdə mövcud olan qanunsuz erməni silahlı dəstələri regionda sabitliyə ciddi təhlükə idi. Həmin silahlıların dinc yolla zərərsizləşdirilməsi, bölgədə sabitliyin təmin edilməsi məqsədilə aparılan danışıqlar hər dəfə nəticəsiz qalırdı.
Məhz bütün bu məqamları nəzərə alaraq BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş bütün qanuni vasitələrlə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi istiqamətində addımlar atılmalı idi. Artıq həmin addımlar atılaraq lokal xarakterli antiterror əməliyyatı başlanıldı. Unutmamalıyıq ki, qeyri qanuni erməni silahlıları yalnız region üçün deyil, həmçinin Qarabağın sakinləri olan dinc ermənilər özü üçün də ciddi təhlükə mənbəyidir. Bir sözlə regionun gələcəyi, inkişafı separatizmin kökünün birdəfəlik kəsilməsindən asılıdır.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir ki, erməni icması reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa danışıqlara gəlib.
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirilməsinə ehtiyac yaranmışdır. Lokal xarakterli antiterror tədbirləri çox uğurla yerinə yetirilir. Heç bir mülki və sosial infrastruktura zərər vurmadan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Ermənistan Silahlı Qüvvələrdən, xunta rejimindən, Qarabağda məskunlaşan separatçılardan fərqli olaraq Azərbaycan dövləti, Azərbaycan Silahlı Qüvvələri mülki şəxslərin təhlükəsizliyini təmin etdi. Azərbaycanın Müdafiə Nazirliyi yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmışdır. Bu barədə mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərildi. Eyni zamanda səsgücləndirici texniki vasitələrlə əhali xəbərdar edilir və məlumat vərəqələri paylanıldı. Bütün bunlar onu göstərir ki, Azərbaycan öz addımlarını beynəlxalq hüquq norma və prinsiplərinə uyğun olaraq atır. Faktiki olaraq Azərbaycan 10 Noyabr Bəyanatının 4-cü maddəsini özü icra etmək məcburiyyətində qaldı. Vaxtı ilə BMT-nin qəbul etdiyi 4 Qətnamə 28 il kağız üzərində qaldı və bu Qətnamələri də Azərbaycan beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi. Ümumiyyətlə, müstəqillik tariximizdə sentyabr ayının xüsusi yeri var. 29 il bundan əvvəl “Əsrin müqaviləsi” bağlandı. Bu ölkəmizin iqtisadi, siyasi tarixində mühüm hadisə idi. 3 il əvvəl Vətən Müharibəsi başladı və 44 gün ərzində Azərbaycan 30 ilə yaxın davam edən erməni işğalına son qoydu. Təxminən 1 gün ərzində ölkənin bütün ərazisində Konstitusiya qurluşunun bərpa edilməsi üçün lokal xarakterli antiterror tədbirlər apardı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri silahı yerə qoyub və təslim olublar. Sentyabrın 19-u 13:00-da başlayan və sentyabrın 20-də eyni vaxtda bitən bu tədbirin nəticəsində Ermənistan ordusunun qalıqları ölkəmizdən çıxır, erməni terrorçular silahlarını təhvil verir, erməni icması reinteqrasiya məsələlərini müzakirə etmək üçün Yevlaxa danışıqlara gəlir. Bu Azərbaycanın növbəti hərbi-siyasi qələbəsidir. Azərbaycan Prezidentinin siyasi qətiyyəti, diplomatik bacarığı, Silahlı Qüvvələrimizin qəhrəmanlığı və peşəkarlığı sayəsində həllini gözləyən məsələlər nəzərdə tutulduğu kimi yerinə yetiriləcəkdir.
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Azərbaycan bütün addımlara görə həm məsuliyyətlə yanaşır, həm qürur hissi keçirir.
İkinci Qarabağ müharibəsindən sonra məqsədyönlü şəkildə Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardan istifadə olunmuşdur. Laçın sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Terrorçular cəzalandırıldı və bir daha Ermənistana göstərildi ki, onların istənilən təxribatına layiqli cavab veriləcəkdir.Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edilmişdir. Hərbi texnika məhv edilmişdir və sıradan çıxarılmışdır.
Əməliyyat başlamazdan əvvəl bütün hərbi birləşmələrimizə ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır.Aparılmış qısamüddətli lokal xarakterli antiterror tədbirləri nəticəsində, düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Azərbaycan ərazisində qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli nəqliyyat vasitələri, zirehli texnika yerləşdirilmişdir. Radioelektron mübarizə vasitələri yerləşdirilmişdir. İki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdir.Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər və zabitlərimizə şəfa versin. Onlar Vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaqdır.
Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru