image-qanunla-reklam
image-2-ci-4859939589

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi

image-lady-day-az

1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi.

1941-ci ilin İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla da sovet xalqları İkinci dünya müharibəsinə qatıldı. SSRİ-nin müharibəyə girməsi ilə İkinci dünya müharibəsinin gedişində yeni mərhələ başlandı. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi. Müharibə ümumxalq xarakteri daşıyırdı. Sovet İttifaqının bütün xalqları, o cümlədən Azərbaycan xalqı Vətən uğrunda müharibəyə başladı. 1941-ci ildə Azərbaycanda hərbi səfərbərlik ümumxalq hərəkatına çevrildi. Minlərlə oğlan və qız hərbi komissarlıqlara ərizə ilə müraciət edərək cəbhəyə getdilər. İlkin dövrdə təqribən 40 min adam könüllü surətdə əsgər köynəyi geyindi, təqribən 200 min adam xalq qoşununa yazıldı. Ümumiyyətlə, müharibə illərində 11 mindən artıq qadın səfərbərliyə alındı, 260 min nəfərə qədər evdar qadın, təqaüdçü, yeniyetmə istehsalata gəldi. Hərbi hissələr üçün 15 min tibb işçisi və sanitar drujinaçısı, 750 rabitəçi, 3 min sürücü hazırlandı. Azərbaycan SSR ərazisində 87 batalyon, 1123 özünümüdafiə dəstəsi, həmçinin 77-ci, 223-cü, 227-ci, 242, 271-ci, 392, 394 396-cı, 402-ci, 414-cü və 416-cı milli diviziyalar formalaşdırıldı.Azərbaycan xalqının ümumilikdə 600 mindən çox oğul və qızı 1941-1945-cı illərdə İkinci Dünya müharibəsində iştirak edib. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 271, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər. Qəhrəman azərbaycanlılar Polşa, Çexiya, Yuqoslaviya və digər ölkələrin azad olunmasında da yaxından iştirak ediblər. Böyük Vətən müharibəsinin cəbhələrində, döyüşlərdə Azərbaycan xalqı nəyə qadir olduğunu bütün dünyaya sübut edib.

Rauf Məlikov- Zərdab şəhər sakini,  Zərdab Peşə liseyinin direktoru

 

 

Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər

1941—1945-ci illərdə Böyük vətən müharibəsində qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. Müharibə Azərbaycandan çox uzaq şimali-qərb regionlarında başlansa da dünya ağalığına can atan Hitler neft Bakısını zəbt etməyi özünün əsas məqsədlərindən biri hesab edirdi. Düşmənin hərbi hissələrinin 1942-ci ilin avqust ayının sonunda Şimali Qafqaza çatması və Qroznı neft rayonunun faşist ordusu tərəfindən zəbt edilməsi Bakı neftinin müharibənin gedişində əhəmiyyətini və rolunu daha da artırdı və onu ön plana çəkdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80%-ni, sürtgü yağlarının 90%-ni Azərbaycan təmin edirdi.

Bütün çətinliklərə rəğmən, neftçilərimiz 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə fədakarlıqla çalışaraq cəbhəni və sənayemizi yanacaqla təmin ediblər. Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə aviasiya benzini almaq üçün yeni texnologiya yaradılıb. 1941-1945-ci illərdə 63 yeni kimya və neft-kimya sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox, 23,5 milyon ton neft istehsal olunmuşdur. Ümumiyyətlə, müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin və başqa neft məhsulları veriblər. Hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi dövründə Azərbaycan alimləri tərəfindən yüksək oktanlı aviasiya yanacağının kəşf olunması amili də xalqımızın Qələbəyə verdiyi əvəzsiz töhfələrindən biridir. Sovet aviasiyası məhz bu yanacağın hazırlanmasından sonra cəbhədə düşmənə ağır zərbələr endirməyə müvəffəq oldu.

Şəhla Eminova – Zərdab şəhər sakini, əməkdar müəllim

 

 

1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi.

Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. 1941-1945-ci illərdə İkinci Dünya müharibənin ilk günlərindən Bakının bütün müəssisələri 12 saatlıq iş gününə keçdi. Respublikanın maşınqayırma müəssisələrinin gücünün 95 faizi hərbi texnika, silah-sursat istehsalına yönəldi. 1941-ci ilin sonunda Azərbaycanda 130 adda silah, sursat, hərbi mərmi və əşya istehsal olunurdu. 1941-ci il noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən zavod yaradıldı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarında Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAK” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində Zaqafqaziya dəmir yolunun Bakı şöbəsi dəmiryolçuların şücaəti nəticəsində cəbhəyə və xalq təsərrüfatının ehtiyacları üçün 1 milyon 600 min vaqon, o cümlədən 480 min vaqona qədər quru yük və 500 min sistern neft məhsulları göndərmişdi. Stalinqrad uğrunda qızğın döyüşlərin getdiyi bir vaxtda Xəzərin kommunikasiya xətləri ilə 434 min 472 nəfər hərbi və mülki şəxs, 96 təyyarə, 791 tank, 346 zirehli maşın, 222 traktor, 173 min 730 baş at, 213 min 257 ton döyüş sursatı və müxtəlif yüklər daşındı.Respublikanın müəssisələri 1419 min ədəd şinel, 4227 min dəst yay geyimi, 3097 min alt paltarı, 1977 min cüt çəkmə, 1417 min patron çantası, 1468 min dəst trikotaj istehsal etmişdi. 1941-1945-ci illərdə Azərbaycan xalq təsərrüfatından orduya 5457 yük, 371 minik maşını və 301 digər avtomobil səfərbər edilmişdi. Azərbaycanın kənd əməkçiləri ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər.

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

 

Müharibə illərində vətənpərvərlik mövzusunda yazılmış Azərbaycan bəstəkarlarının əsərləri

1941-1945-ci illər Böyük vətən müharibənin ilk günlərindən səfərbərliklə əlaqədar keçirilən mitinq və yığıncaqlarda alovlu nitqlərlə çıxış edən yazıçılar faşizmin mahiyyətini başa salır, onların törətdikləri vəhşilikləri göstərərək xalqı mübarizəyə çağırırdılar. Qafqaz uğrunda gedən gərgin döyüşlərdə – 1942-ci ilin payızında S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, M.Hüseyn, Z.Xəlil, Məmməd Əkbər, Ə.Məmmədxanlı döyüşçülərlə birgə idilər. M.Rahim, S.Rüstəm, O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət cənub cəbhəsində – Sevastopol və Kerç müdafiəçilərinin yanında oldular.

Müharibə illərində bəstəkarların amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi. Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi “Sənsiz”, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeydmanla birgə yazdığı “Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsəri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, “Qəzəl”, “Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir. Müharibə illərində Moskva konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəstələdiyi “Vətən operası” əsəri 1946-cı ildə Dövlət mükafatına layiq görüldü.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

 

 

Qəhrəman Azərbaycan övladları

Azərbaycan hərbi əməliyyat meydanına çevrilməsə də müharibənin əvvəlindən axırınadək onda fəal iştirak etdi. Azərbaycanın bütün maddi və mənəvi sərvətləri, insan qüvvəsi faşizmə qarşı müharibəyə cəlb edildi. Müharibənin ilk günlərində Azərbaycanda 4 mindən çox oğlan və qız faşizmə qarşı vuruşmaq üçün könüllü surətdə cəbhəyə getməkdən ötrü hərbi komissarlıqlara müraciət etdi. Avqust ayına qədər təxminən 123 min nəfər xalq qoşunu dəstələrinə yazıldı. 1941-ci ilin sonunda xalq qoşunu dəstələrində 187 min nəfər döyüşçü vardı. Onlardan 30 min nəfərdən çoxu qadınlar idi. 1941-1945-ci illərdə Azərbaycanda Sovet Ordusu sıralarına 640 min nəfərədən çox səfərbər edilib cəbhəyə göndərildi. Onlar da sabiq SSRİ məkanında yaşayan digər xalqların nümayəndələri ilə çiyinçiyinə faşizmə qarşı savaşda iştirak etdilər. Müharibənin ən ağır illərində azərbaycanlı əsgər və zabitlər od, alov püskürən cəbhələrdə, o cümlədən Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Ukrayna, Belorusiya, Baltikyanı respublikaları uğrunda döyüşlərdə cəsarətlə vuruşmuş, faşist ordu hissələrinə mətanətlə müqavimət göstərmiş, onların hərbi texnikasını və canlı qüvvəsini məhv etmiş, işğal edilmiş yaşayış məntəqələrinin azad edilməsində, Berlinin süqutunda fəal iştirak etmiş, bu yolda çoxları ölümləri ilə ölümsüzlüyə, əbədiyyətə qovuşmuşlar.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş həmyerlimiz Həzi Aslanovun, həmçinin İsrafil Məmmədovun, Mehdi Hüseynzadənin, Gəray Əsədovun, komandirinin həyatını xilas etmək üçün sinəsini düşmən gülləsinə sipər edən dənizçi Qafur Məmmədovun, Leninqradın müdafiəsi zamanı 17 ölümcül yara almasına rəğmən təyyarəsini yerə endirən Hüseynbala Əliyevin, qadınlarımızdan təyyarəçi Züleyxa Seyidməmmədovanın, snayperçi Ziba Səlimovanın, gəmi kapitanı Şövkət Səlimovanın və başqa həmvətənlərimizin adları tarixə düşmüşdür. Qafqazın müdafiəsi uğrunda döyüşlərdə Ziya Bünyadovun bölməsi düşmənin xeyli canlı qüvvə və texnikasını məhv etmişdi. 1945-ci ilin yanvarında isə sovet ordusu Polşada döyüşdüyü zaman Ziya Bünyadovun başçılıq etdiyi bölüyün bütün döyüşçüləri Plitsa çayı üstündəki körpü uğrunda qeyri-bərabər döyüşdə göstərdikləri igidliyə görə təltif edildilər. Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Rəşid Məcidov Brandenburq darvazası üzərində Sovet bayrağını dalğalandırmışdır. Faşizmə qarşı mübarizədə 121 nəfər Azərbaycan SSR vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına, 30 nəfər “Şöhrət” ordeninin tam üç dərəcəsinin kavaleri oldu. Azərbaycanlılar Fransa, İtaliya və digər dövlətlərin orden və medallarını almışlar.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

 

Alman komandanlığının Qafqaz uğrunda döyüşlərinin əsas məqsədi Bakı üzərində nəzarəti ələ keçirmək idi

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elminəzəri, siyasi və əməli əhəmiyyətə malikdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev demişdir: “Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir”. Faşist Almaniyasının Şərq siyasətində Qafqaza, o cümlədən Azərbaycana xüsusi diqqət yetirilirdi. Rozenberqin başçılığı ilə təşkil edilən Şərq İşləri üzrə Nazirliyin nəzdində olan strukturlardan biri Qafqaz Komissarlığı idi. Hələ 1941-ci il aprelin 29-da yaradılan Oleburq iqtisadi qərargahı tərəfindən təsis edilmiş planda Qafqazın, ələlxüsus Bakının işğalı mərkəzi yer tuturdu. Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I tank ordusu 1942-ci ilin sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”. Bu məqsədlə Hitler Xəzər boyunca, Qroznı-Maxaçqala-Bakı istiqamətində hücuma keçmək və hərbi təyyarələrdən desant buraxmaq haqqında tank və aviasiya komandanlarına əmr vermişdi. Lakin 1942- ci ilin avqust ayının sonunda faşist ordu hissələri Şimali Qafqazda Terek çayının sahillərinə çıxsalar da, güclü müqavimətlə üzləşib irəliyə doğru hərəkət edə bilmədilər. Buna baxmayaraq 1942-ci il sentyabr ayının 16-da SSRİ-nin Dövlət Müdafiə Komitəsi Bakının müdafiəsi üçün xüsusi qərar qəbul etdi, və bu qərara əsasən 1942-ci ilin sentyabr ayının 24-də Azərbaycanda hərbi vəziyyət elan edildi.

İkinci dünya müharibəsində faşizm üzərində qələbə üçün Azərbaycanın etdiklərini bəlkə də heç bir respublika etməmişdir. 40-cı illərdə SSRİ-də çıxarılan 33 milyon ton neftin 23,5 milyon tonu Azərbaycanın payına düşürdü. Müharibə illərində ölkənin neft və neft məhsulları, təyyarələrin və tankların motor yağı, benzinlə təmin edilməsinin dörddə üçü Azərbaycanın istehsalı idi. İngiltərə hökuməti və Avropanın hərbi dairələri, Amerika Birləşmiş Ştatları rəhbərliyi yəqin etdilər ki, Hitler Sovetlər İttifaqının Urala qədər ərazilərini və Bakı neftini də zəbt edərsə, onun dünya ağalığı ilə mübarizə aparmaq mümkün olmayacaqdır. Bu həqiqətən belə idi. Çünki Avropanın 60-a qədər dövlətinin hərbi texnikası 1941-ci ilə qədər bazalarda hərəkətsiz dayandığı halda müharibə başlanandan sonra bütün cəbhələrdə 20 minə qədər təyyarəsi və o qədər tankı, avtomaşını, motoskleti döyüşlərdə böyük həcmdə yağ və benzin işlədirdi. Elə buna görə də çoxları deyirdilər ki, kim Bakı neftinə sahib olsa o da qalib gələcəkdir.

Cəfərov Səməd – Zərdab rayon Otmanoba kənd sakini, Zərdab rayon Yaşıllaşdırma İdarəsinin rəisi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki