image-qanunla-reklam
image-17073706042640342101_1200x630jpg-1707373384

Xalqımız son 20 ildə görülən işlərə öz yüksək qiymətini verdi

image-lady-day-az

Xalqımız son 20 ildə görülən işlərə öz yüksək qiymətini verdi

7 fevral növbədənkənar prezident seçkiləri bir daha Azərbaycanda demokratiyanın təntənəsi olmaqla yanaşı, xalqımızın ulu öndər Heydər Əliyevin siyasətinə inamını, etimadını bir daha nümayiş etdirdi. Xalqımız son 20 ildə görülən işlərə öz yüksək qiymətini verdi. Bu müddətdə Azərbaycanın ayrı-ayrı sahələrdə əldə etdiyi uğurların miqyasına diqqət yetirdikdə harada yaşamasından, siyasi əqidəsindən, milli mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı bundan yalnız və yalnız qürur duya bilər. Ərazi baxımından kiçik olan bir dövlətin bu gün möhtəşəm uğurları ilə dünyanın diqqətində olması, ən əsası inkişafın Azərbaycan modelindən bəhs edilməsi düşünülmüş və məqsədyönlü siyasətin nəticəsidir.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində ötən 20 ili əhatə edən çox geniş, proqram xarakterli dərin məzmunlu nitqində ölkəmizin inkişafı, hədəfləri ilə bağlı mühüm mesajlar verdi. Prezident İlham Əliyev vurğuladı ki, bu seçkilərdə qazandığı qələbə Azərbaycanda xalq-iqtidar birliyinin, xalqımızın dövlət başçısına olan böyük etimad və sevgisinin növbəti parlaq təcəssümüdür. Heç də təsadüfi deyil ki, xalqımızın milli mənəvi dəyərlərini ən yüksək səviyyədə qoruyaraq şərəfli tarixi keçmişimizə böyük ehtiram göstərən, Azərbaycanın bu gününü məharətlə yaradan və parlaq gələcəyimizin uğurlu təməllərini formalaşdıran, ən mürəkkəb şəraitlərdə belə yalnız xalqımızın dəstəyinə güvənən lider kimi onun seçkilərdə qazandığı qələbə hər bir vətəndaşımıza sonsuz sevinc hissi bəxş edib.

Azərbaycan Prezidenti verdiyi vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası olduğunu vurğuladı və andiçmə mərasimində çıxışında bildirdi ki, o vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə andiçmə mərasimində Ermənistan-Azərbaycan münaqişəsinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: “O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik: “O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.Dövlətimizin başçısı bir daha vurğuladı ki, biz onların və on minlərlə Azərbaycan gəncinin şücaəti, fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün azad Qarabağda yaşayırıq, qururuq, ərazi bütövlüyümüzü bərpa edən, öz ləyaqətini bərpa edən xalq kimi qururuq, yaradırıq, şəhər və kəndlərimizi yenidən qururuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

 

Prezident İlham Əliyev bu vədləri verərkən respublikamızın güclü potensialına istinad edirdi

 Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilərkən verdiyi vədlərdən biri Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəyi ilə bağlı idi. O bildirirdi ki, neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizin hərtərəfli inkişafına nail olacağıq. Prezident İlham Əliyev vəd vermişdi ki, xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcək, yeni zavodlar, fabriklər istifadəyə veriləcək. Sahibkarlığın inkişafı üçün tədbirlər planının, Azərbaycanda iqtisadi inkişaf proqramının hazırlandığını deyən İlham Əliyev əminliklə bildirirdi ki, bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcək. Prezident İlham Əliyev bu vədləri verərkən respublikamızın güclü potensialına istinad edirdi. O, bildirib ki, bizdə bütün imkanlar – təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.

Prezident İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimindəki nitqində ölkəmizin hər bir azərbaycanlıda sonsuz qürur və məmnunluq doğuran hazırkı mənzərəsinə diqqət çəkib. Ötən 20 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib. Bütün bunların nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inkişaf edib. Sevindirici haldır ki, hazırda Azərbaycan dünya üzrə iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən azsaylı ölkələr sırasında yer alır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb. Bu gün Azərbaycan heç bir güc mərkəzindən asılı deyil, heç kim ölkəmizlə diktat dili ilə danışa bilməz və danışmır da.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

 

İlham Əliyev bu vədinə də sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti irəli apardı və dövrün dəyişən çağırışlarını nəzərə almaqla onu daha da zənginləşdirdi.

Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Son andiçmə mərasimində həmin vədini xatırladan dövlətimizin başçısı deyib: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.

Vətən müharibəsindən sonra Azərbaycan ötən il sentyabrın 19-20-də təxminən 23 saat davam edən uğurlu antiterror tədbirləri həyata keçirərək Qarabağda özünün suverenliyini tam təmin etdi. Bununla da Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. İlham Əliyev ötən il 15 oktyabr tarixində – ilk dəfə Prezident seçilməsinin 20 ilinin tamam olduğu gündə Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza sonsuz qürur hissi yaşatdı.

Həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror tədbirlərində qazanılan qələbələr son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticələridir. Prezident İlham Əliyev ötən dövrdəki fəaliyyətində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını Azərbaycanın gündəliyinin mərkəzində saxladı. Güclü iqtisadi inkişaf, ölkənin maliyyə imkanlarının artması qarşıda duran bütün vəzifələri icra etməyə qadir olan müasir Ordu qurmağa imkan verdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini məhz hərbi-siyasi yolla təmin etdi. Ordunun möhkəmləndirilməsi qarşıdakı illərdə də ölkəmizin əsas hədəfləri sırasında olacaq.

Ötən dövrün siyasi kataklizmlərinin yaxın regionlarda hansı siyasi-iqtisadi, sosial böhranlara yol açdığı göz önündədir. Milli maraqlara əsaslanan və güclü ideoloji təməli olan dövlət siyasətimizin ardıcıl və qətiyyətli şəkildə həyata keçirilməsi Azərbaycanı nəinki bu kataklizmlərdən qorudu, həm də uğurlu gələcəyə daşıdı. Müstəqilliyimizin qorunmasında, əbədiləşdirilməsində və möhkəm əsaslarının yaradılmasında ən mühüm rola malik Ulu Öndər Heydər Əliyev siyasi kursunun varisliyinin təmin edilməsi bizləri yan fəsadlardan qorudu. Prezident İlham Əliyev 2003-cü ildə ilk dəfə dövlət başçısı kimi and içərkən Azərbaycanın xoşbəxt gələcəyinə, ölkəmizin bundan sonra da inkişaf edəcəyinə, daha da güclənəcəyinə, demokratiyanın, siyasi plüralizmin, söz azadlığının təmin olunacağına, respublikamızın müasir dövlətə çevriləcəyinə  əminliyini bildirirdi. O vurğulayırdı ki, bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir.İlham Əliyev bu vədinə də sadiq qalaraq Ulu Öndərin əsasını qoyduğu siyasəti irəli apardı və dövrün dəyişən çağırışlarını nəzərə almaqla onu daha da zənginləşdirdi. Uğurlarımızın təməlində dayanan əsas amil də məhz budur.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

 

2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu.

Dövlət başçısı İlham Əliyevin fevralın 14-də Milli Məclisdə andiçmə mərasimi keçirildi. Mərasimdə möhtərəm Prezidentimiz yenidən böyük etimad və dəstək göstərdiyinə görə  Azərbaycan xalqına dərin təşəkkürünü bildirərək belə bir əminliyi ifadə etdi ki, bundan sonra da ölkəmizin hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm.

Yeni dövrün hədəflərindən bəhs etmədən öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir müstəqil Azərbaycanın son 20 ildən artıq dövrdə keçdiyi inkişaf yoluna, imza atdığı zəfərlərə diqqət yetirməliyik. Bu gün qalib Azərbaycanın vətəndaşı olmağımız ilə qürur duyduğumuza görə qalib Liderimiz cənab İlham Əliyevə, rəşadətli ordumuza borcluyuq. 2003-cü ildən Heydər Əliyev yolunun uğurlu davamı Azərbaycanı tarixi Zəfərinə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına qovuşdurdu. Cənab İlham Əliyev 2003-cü ildə xalqın 76,84 faiz səsini qazanaraq Prezident seçilməsindən sonra andiçmə mərasimində bu çağırışı etmişdi: “Ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdır. Hamı bilməlidir ki, sülh tərəfdarı olmağımıza baxmayaraq müharibənin yenidən başlanmamasını və bu məsələnin sülh yolu ilə həllini istəməyimizə baxmayaraq, bizim səbrimiz də tükənməz deyildir. Azərbaycan öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun  azad edəcəkdir.”

Dövlət başçısı 20 ildən sonra 2024-cü ilin fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən Zəfər seçkilərində xalqın 92,12 faiz səsini qazandı və andiçmə mərasimində böyük qürur və xoşbəxtlik hissi ilə bildirdi ki, qarşıda duran bütün vəzifələr icra edildi. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər, problemlər olsa da Azərbaycan xalqı bir yumruq kimi birləşərək inkişaf və tərəqqi yolu ilə uğurla gedirdi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun Liderinə göstərdiyi inam və vahid amal ətrafında birləşmə bacarığıdır.

Verilən vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası dayanırdı. Azərbaycan 30 il sülh siyasətinə sadiqlik nümayiş etdirdi, danışıqlar prosesində iştirak etdi, dünya güclərindən ədalətə və beynəlxalq hüquqa söykənən yanaşma gözlədi. Lakin təəssüflər olsun ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadı, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədi. Vəziyyətin bu şəkildə davamı işğalçı dövlətin yeni ərazilər uğrunda müharibə planlarına yol açdı və nəticədə İkinci Qarabağ müharibəsi baş verdi. Dövlət başçısı andiçmə mərasimindəki çıxışında bu məqama xüsusi diqqət yönəldərək bildirdi ki, əgər Ermənistan və onun rəhbərliyi, onun arxasında dayanan qüvvələr beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə əməl, böyük dövlətlər Ermənistana onun işğalçılıq siyasətinə görə sanksiyalar tətbiq etsəydilər, heç olmasa işğalçılıq siyasətini pisləsəydilər bəlkə də müharibəyə ehtiyac qalmazdı. Azərbaycan dövləti uzun illər ərzində təmkin, eyni zamanda, aparılan danışıqlara sadiqlik göstərirdi. Baxmayaraq ki, illər keçdikcə ümidlərimiz də tükənirdi, işğalçı dövlət daha da azğınlaşırdı. Belə hesab edirdi ki, torpaqlarımızı əbədi işğal altında saxlaya bilər.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

 

Ölkəsini daim zirvələrə aparan, müasir tariximizə adını qalib Lider kimi yazdıran Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir.

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz belə yanaşmaların yalnız işğalçı dövlətin xülyası olduğunu təsdiqlədi. Azərbaycan xalqı tam əmin idi ki, geç-tez tarixi torpaqlarına qovuşacaq, ərazi bütövlüyümüz bərpa ediləcək. Dövlət başçısı İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola da bilməz. Bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Bu bəyanatlar sırasında belə bir mühüm məqam da yer tutdu ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Qalib Liderimiz ədalətə və beynəlxalq hüquqa əsaslanan bu çağırışları bəyan etdi və bunu təsdiqlədi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən sonra üç il bu hədəfə sülh yolu ilə nail olmaq üçün addımlar atılsa da Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirmədi, əksinə hərbi təxribatlar törətməkdə davam etdi. Hadisələrin gedişi lokal antiterror tədbirlərinin həyata keçirilməsini qaçılmaz etdi. Dövlət başçısı andiçmə mərasimində bildirdi ki, biz, ümumiyyətlə, heç vaxt mənasız addımlar atmırıq, atmamışıq və atmayacağıq. Bu gün hansı addımlar atılırsa, o addımların hədəfə doğru getmək üçün böyük mənası var. Ölkə Prezidentinin 7 fevral prezident seçkilərində Xankəndi şəhərində səs verməsini şərtləndirən amilləri açıqlaması və onların fonunda “Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi” bəyanatı da Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesaj oldu.

Prezident İlham Əliyev hədəflərimiz sırasında hərbi gücümüzün artırılmasını, xarici siyasətimizin yeni istiqamətlərinin müəyyənləşdirilməsini, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, günümüzün əsas çağırışı olan və böyük ailə kimi dəyərləndirilən Türk dünyasının birliyinin daha da möhkəmləndirilməsini, tarixi Zəfərimizin yeni reallıqları fonunda Qarabağımızın və Şərqi Zəngəzurumuzun bərpası prosesinin sürətləndirilməsini ən vacib amillər kimi diqqətə çatdırdı. Bu məqam xüsusi qeyd olundu ki, biz bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ  gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir.

Prezident İlham Əliyev təkcə cari ilin arxada qalan bir ayının sosial-iqtisadi göstəriciləri əsasında Azərbaycanın davamlı inkişafının qaçılmaz olduğunu təsdiqlədi. Bu inkişaf işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin miqyasında da özünün aydın ifadəsini tapır. Dövlət başçısı İlham Əliyev yeni dövr üçün bu hədəfi açıqladı ki, bu günə qədər təxminən 5400 keçmiş köçkün artıq beş yaşayış məntəqəsinə köçürülüb. Bu il ən azı 20 yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdacaq. Planımız azad edilmiş torpaqlarda ilin sonuna qədər 5 şəhərə və 15 kəndə 20 min keçmiş köçkünü yerləşdirməkdir. Yüzdən çox şəhərin və kəndin baş planları hazırlanıb, təsdiqlənib. Bir çox şəhər və kəndlərdə artıq inşaat işləri başlamışdır.  Böyük Qayıdış Proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq.

Ölkəsini daim zirvələrə aparan, müasir tariximizə adını qalib Lider kimi yazdıran Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın daha möhtəşəm gələcəyinə xidmət edir. İrəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük dəstək qazanır. Yeni dövrə ölkədə prezident seçkiləri ilə başlanması, cənab İlham Əliyevin 92,12 faiz səs qazanaraq Prezident seçilməsi çoxəsrlik tariximizin növbəti möhtəşəm səhifəsi oldu.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki