image-qanunla-reklam
image-military_parade_dedicated_to_3rd_anniversary_of_the_victory_in_the_patriotic_war_was_held_in_city_of_khankendi_21

 Unudulmaz tarix

image-lady-day-az

Unudulmaz tarix

Üç il əvvəl 2020-ci il dekabrın 10-da Bakıda keçirilən möhtəşəm Zəfər paradı ölkəmizin qüdrətini, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun tarixi Qələbəsini bütün dünyaya nümayiş etdirdi. Bu, eyni zamanda, ərazi bütövlüyümüzün bərpasının təqdimatı idi.  Həmçinin, Şuşa işğaldan azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı da parada gətirilmişdir.Məhz dövətimizin, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti, xalqımızın birliyi, həmrəyliyi sayəsində qazanılan Şanlı Qələbədən sonra qələbəmizin təqdimatı olan Zəfər paradı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə bir sıra mesajları çatdırdı. Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişlər.

Qələbə sevincimiz, Zəfər Günümüz çoxəsrlik tariximizin ən yaddaqalan səhifəsi kimi yazıldı. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş edilmişdir. Azərbaycan bu Qələbəsi ilə dünyaya sübut etdi ki, onun uğrunda ölməyi bacaran, azadlığı uğrunda qanını tökməyə hazır olan övladları var. Vətən müharibəsində qazanılan Böyük Qələbə Azərbaycan Prezidentinin Qarabağ uğrunda zəfərlərinin salnaməsidir, parlaq səhifəsidir.

«Biz bu illər ərzində güc toplayırdıq, həm siyasi müstəvidə, beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkə daxilində iqtisadiyyatımızı gücləndirirdik, biz ordumuzu gücləndirirdik. Bunun nəticəsində Azərbaycan son illər ərzində çox uğurlu inkişaf yolu keçmişdir və ildən-ilə bizim üstünlüyümüz özünü daha qabarıq şəkildə büruzə verirdi. Ermənistan bizimlə rəqabət apara bilmədi» söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, son 17 ildə dəfələrlə demişdim ki, Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan işğalçı qüvvələrini çıxarmasa, biz bu məsələni hərbi yollarla həll edəcəyik: «Mən 2003-cü ildə Prezident vəzifəsinə seçiləndə Konstitusiyamıza və müqəddəs Qurani-Kərimə əl basaraq and içmişdim ki, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Bu gün böyük qürur hissi ilə deyə bilərəm ki, Azərbaycan öz istədiyinə nail oldu, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.» Bu fərəhli hadisədən üç il sonra isə 2023-cü il sentyabrın 19-da şanlı ordumuzun Qarabağ bölgəsində həyata keçirdiyi və cəmi bir gün davam edən zəruri lokal antiterror tədbirlərindən sonra düşmən ağ bayraq qaldıraraq təslim oldu, ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrinə tam nəzarətə aldı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaltdı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Üç il fərqlə keçirilən hər iki parad isə Azərbaycan tarixinə əbədi həkk edildi.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Qardaşlıq münasibətlərin rəmzi

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 dekabr 2020-ci il tarixdə Azadlıq meydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradında  söylədiyi “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Paradların birində mən demişdim ki, parada 2016-cı ildə Lələtəpə yüksəkliyində qaldırılmış bayraq gətiriləcək. Demişdim ki, gün gələcək və bu gün işğaldan azad edilən torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və bu gün gəldi. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik” fikirləri həm paradın əhəmiyyətini, həm də hədəfləri açıqladı. Zəfər paradı, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının təqdimatı oldu. Azərbaycan və Türkiyə prezidentlərinin paradı birgə qəbul etmələri dünyaya növbəti mesaj oldu.

Dünya 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin əsl qardaş dəstəyini gördü. İlk gündən dünyaya bu mesaj çatdırıldı ki, Azərbaycan tək deyil. Qardaş ölkə sonadək mənəvi və siyasi dəstəyini göstərdi, Zəfərimizin sevincini bizimlə eyni yaşadı. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradında söylədiyi “Azərbaycanın həm hərbi, həm də diplomatiya sahəsində əldə etdiyi bu uğurda ən böyük paylardan biri şübhəsiz ki, əziz qardaşım cənab Prezident İlham Əliyevə aiddir. Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan Ümummilli Lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, inşallah, dastan yazmaqda davam edəcək” fikirləri də bunun təsdiqidir.

Türkiyə Prezidenti bu fikirlərinin davamı olaraq onu da əlavə etmişdir ki, Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq. Azərbaycan 44 gündə yazdığı tarixlə haqqı-ədaləti, beynəlxalq hüququ bərpa etdi, işğala son qoydu. Azərbaycan Ordusu göstərdiyi şücaəti ilə bir daha işğalçı Ermənistana yerini göstərdi, diz çökdürdü, “məğlubedilməz erməni ordusu” mifini dağıtdı, kimin haqlı, kimin saxta tarix yazaraq yalanları ilə həqiqəti inkar etmək yolu tutduğunu dünyaya nümayiş etdirdi. Tarixi Zəfərimizdən, Zəfər paradından ötən üç ilin hər günü tariximizə  biri-birindən əhəmiyyətli  hadisələri yazıb. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə ardıcıl səfərləri Böyük Qayıdışın daha da sürətlənməsi deməkdir.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Birlik mesajı.

2020-ci il dekabrın 10-da Müzəffər Ali Baş Komandanımız, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradının keçirilməsi Azərbaycanın şanlı qələbəsinin növbəti əzəmətli və təntənəli nümayişi idi. Bakı şəhərində keçirilmiş Zəfər paradı tariximizin qürur səhifələrindən biridir. Zəfər paradı təkcə Azərbaycan xalqı üçün deyil, bütün Türk dünyası üçün mühüm hadisə oldu. Azərbaycan Prezidentinin və Vətən müharibəsində ölkəmizə mənəvi-siyasi dəstək verən qardaş Türkiyənin Prezidentinin qatıldığı paradda “Qarabağ Azərbaycandır!” şüarı bir daha qürurla ifadə olundu. Paraddakı çıxışında Zəfərin qürurunu və sevincini xalqla bölüşən Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan əsgər və zabitləri böyük qəhrəmanlıq, şücaət göstərərək şərəfli missiyanı yerinə yetirdi və öz doğma torpaqlarını işğalçılardan azad etdi.

Azadlıq meydanında bir çox parad keçirilib, amma Zəfər paradı tarixi, siyasi, mənəvi əhəmiyyətinə görə unikal və bənzərsizdir: “Prezident İlham Əliyev paradların birində demişdi ki, gün gələcək, işğaldan azad edilmiş torpaqlarda qaldırılan Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək. O gün gəldi. 2020-ci il dekabrın 10-da keçirilən Zəfər paradına işğaldan azad edilmiş ərazilərimizdə qürurla və əzəmətlə dalğalandırılan üçrəngli bayrağımız gətirildi. Bu, xalqımızın sonsuz qürur və iftixar mənbəyi kimi dövlətçilik tariximizə qızıl hərflərlə əbədi həkk olunan müstəsna hadisədir

Zəfər paradı, həmçinin bir millətin iki dövləti olan Azərbaycan ilə Türkiyənin dostluğunun, qardaşlığının və strateji tərəfdaşlığının rəmzlərindən birinə çevrildi. Prezident İlham Əliyevin paradda çıxışı zamanı vurğuladığı kimi, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Bu o demək idi ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürü idi. “Bir millət, iki dövlət” olan qardaş ölkələrin hərbçiləri yan-yana, çiyin-çiyinə qürurla möhtəşəm qələbə sədaları altında addımladılar. Zəfər paradı həm də Azərbaycan-Türkiyə qardaşlığının dünyaya yeni bir təqdimatı oldu.

Bütövlükdə, Zəfər paradı ölkəmizin gücünü-qüdrətini, şanlı qələbəsini nümayiş etdirməklə yanaşı, bir daha Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını dünyaya nümayiş etdirdi. Prezident İlham Əliyev isə Azərbaycan xalqına Qələbə və Zəfər sevinci yaşadan Müzəffər Ali Baş Komandan və yenilməz Sərkərdə kimi növbəti dəfə şanlı tarix yazdı! Bu möhtəşəm hadisənin üçüncü ildünümündə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizi böyük ehtiramla anır, qazilərimizə cansağlığı arzulayıram. Doğma torpaqlarımızın erməni işğalından azad edilməsi üçün döyüşən ordumuzla, qəhrəman oğullarımızla qürur duyuruq!

Mətanət Ağayeva – Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Hərbi qüdrətin nümayişi.

Azərbaycan ərazilərinin təxminən 20 faizə yaxını 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvələrində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Ermənistan zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayətlər törətmiş , uşaqları, qadınları, qocaları amansızlıqla qətlə yetirmiş, zor tətbiq etmişdir. 1 milyon azərbaycanlı öz dədə-baba yurdundan köç etmişdi. 30 il keçdi . Bu uzun illər ərzində bütün beynəlxalq tədbirlərdə Qarabağ məsələsi dünya ictimaətinin nəzərinə çatdırıldı, çoxlu görüşlər, müzakirələr keçirildi.

Nəhayət, ərazi bütövlüyümüzü 2020-ci ildə, 44 günlük müharibə zamanı bərpa etdik . Azərbaycan 44 günlük Vətən müharibəsində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Azərbaycan Ordusu sayəsində ədalət zəfər çaldı.  Zəfər günümüzü tarixə həkk etdirdi. Belə ki, 2020-ci il dekabrın 10-da Azadlıq meydanında Vətən müharibəsinə həsr olunmuş Zəfər paradı keçirildi .

Paradda 3000 nəfərdən artıq şəxsi heyət , 150-dək hərbi texnika, Azərbaycan Ordusunun düşməndən ələ keçirdiyi hərbi qənimətlətin bir hissəsi nümayiş olundu .Bütün dünya Azərbaycan xalqının böyüklüyünün, əzəmətinin şahidi oldu. Bu Zəfər paradı sübut etdi ki, Azərbaycan xalqı əyilməz , məğrur xalqdır . Onun müqəddəs torpağına yad əllər uzana bilməz. Azərbaycan  xalqı bu qələbəni qəhrəmanlıq, milli ruh hesabına qazandı. Zəfərimiz əbədidir!!!  Zəfərin mübarək , doğma Azərbaycan !

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Paradda qardaş Türkiyə Silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bir əyani nümayişi oldu.

2020-ci  il dekabrın 10-da  Azadlıq Meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı türk əsgər və zabitləri də iştirak etmişdir. Yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələrinin də qatıldığı paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj olmuşdur. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.

Şuşa şəhəri  azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağının ilk olaraq   gətirildiyi Vətən müharibəsində möhtəşəm Qələbəmizə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin, müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistan Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur. Qənimət kimi ələ keçirilmiş düşmənin  hərbi texnikasının bir qisminin Zəfər paradında nümayiş olunması, eyni zamanda paytaxtın Xətai rayonunda yaradılan və 5 hektar ərazini əhatə edən Hərbi Qənimətlər Parkı müharibənin miqyasını, Qələbəmizin isə möhtəşəmliyini göstərir.

Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Orden və medallar.

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə heç də asan başa gəlməyib.  Bunun üçün ölkə başçısı Prezident cənab İlham Əliyev davamlı və effektiv ordu quruculuğu həyata keçirmiş, ölkənin dayanıqlı iqtisadi inkişafın təmin olunması naminə isə düşünülmüş siyasət yürütmüşdür. Müzəffər Ali Baş Komandan, Prezident cənab  İlham Əliyevin özünün də qeyd etdiyi kimi ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə əsas büdcə xərclərimiz hərbi xərclər olmuşdur. Ordunun döyüş qabiliyyəti davamlı olaraq möhkəmləndirilmiş, müasir silah-sursat və texnika ilə təchizatı həyata keçirilmişdir. Bir ölkədən asılı olmamaq üçün silah-texnikanın bir çox mənbələrdən alınması təmin olunmuşdur. Vətən müharibəsi göstərdi ki, Azərbaycanda silahlanma siyasəti düzgün aparılmışdır.

Ümumiyyətlə, Vətən  müharibəsinin aparılması üçün Prezident cənab İlham Əliyev tərəfindən Azərbaycanda böyük hazırlıq işləri görülmüşdü. Siyasi sabitlik, vətəndaş birliyi təmin edilmiş, xalqın dəstəyi ilə çox böyük islahatlar aparılmışdı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edilmişdi. Qələbinin təminatı və rəsmiləşdirilməsi üçün isə siyasi və hüquqi baza yaradılmışdı.Ölkənin iqtisadi qüdrəti qələbəmiz üçün zəmin yaratdı. Əgər ölkədə iqtisadi inkişaf və  iqtisadi müstəqillik olmasaydı, Azərbaycan  lazım olan müasir silahları əldə edə bilməzdi. Prezident cənab İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində Azərbaycan özünün enerji müstəqilliyinə nail oldu və tarixi layihələri həyata keçirdi.   2006-2007-ci illərdə neft-qaz kəmərlərinin inşa edilməsi ilə ölkəyə gələn vəsaitlərin həcmi artmağa başladı və nəticədə iqtisadi müstəqillik təmin edildi. Eyni zamanda, ölkə başçısı bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini Ermənistandan  yan keçirməklə bu ölkəni dalana çevirmək siyasətini həyata keçirdi. Bir sözlə, Azərbaycan inkişaf edərək işğal altında olan torpaqlarını azad etdi və tarixi qələbə qazandı. Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamına əsasən Bakıda Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər muzeyi yaradılacaqdır. Bundan əlavə, Vətən müharibəsində əldə olunmuş qələbədə payı olan hər bir hərbçi və mülki vətəndaş dövlət tərəfindən mükafatlandırılmışdır. Məhz bu münasibətlə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunmuşdur. Prezident cənab İlham Əliyev tərəfindən qələbənin əbədiləşdirilməsinə xidmət edən tədbirlər ölkəmizdə bu gün də uğurla həyata keçirilir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Hərbi Qənimətlər Parkı.

Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən parad əvvəlkilərdən fərqli idi. Bu parad Vətən müharibəsindəki zəfərimizin nümayişi idi. Bu parad döyüşlərdən qalib çıxmış, düşməni dəmir yumruqla əzmiş əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Bu, hər bir azərbaycanlının sevincinin, səbirsizliklə gözlədiyi qələbəmizin paradı idi. Prezident İlham Əliyevin dediyi kimi, bu paradın xüsusi önəmi var: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir”.

Zəfər paradında Azərbaycan Silahlı Qüvvələrinin tərkibindəki bütün hərbi strukturların, ayrı-ayrı qoşun növlərinin, hərbi birliklərin bölmələri, hərbi tədris müəssisələrinin kursantları keçdi. 44 günlük müharibədə qələbənin əldə olunmasında hərbi strukturların hər birinin böyük rolu var. Müdafiə Nazirliyini, Dövlət Sərhəd Xidmətini, Daxili İşlər Nazirliyini təmsil edən qoşunlarımız bu müharibədə qarşılarında duran vəzifələri layiqincə icra etdilər. Dövlət Təhlükəsizliyi Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin bölmələri öz vəzifələrini uğurla yerinə yetirərək Qələbəyə öz töhfələrini verdilər. Təsadüfi deyil ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən onların hər birinin əməkdaşları yüksək orden və medallarla təltif olundular. Bu paradda Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, qənimət götürdüyü düşmənin hərbi texnikaları da nümayiş etdirildi. Ermənistanın 26 ildə möhkəmləndirdiyi istehkamlar, səngərlər, Qarabağda cəmləşdirdiyi yüzlərlə, minlərlə hərbi texnika onu xilas edə bilmədi. Azadlıq meydanına 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülmüş hərbi texnikaların bir qismi gətirildi. Vətən müharibəsi zamanı Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü və sıradan çıxardığı 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan kompozisiya paradda nümayiş olundu. Dağlıq Qarabağ ərazisinin əzəli Azərbaycan torpağı olduğu kompozisiyanın üzərinə həkk olunan “Qarabağ Azərbaycandır!” şüarı ilə bir daha bəyan edilib.

Zəfər paradının diqqəti çəkən əsas məqamlarından biri də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, o cümlədən rəsmi şəxslərinin iştirakı və Türkiyə hərbçilərinin nümunəvi keçidi oldu ki, bunun da siyasi və rəmzi mənası var idi. Türkiyə dövləti, onun siyasi-hərbi rəhbərliyi bu müharibədə birmənalı şəkildə Azərbaycanın yanında oldu, ölkəmizin haqlı mövqeyini, ərazi bütövlüyünü qətiyyətlə dəstəklədi. Türkiyə hərbçilərinin paraddakı keçidi həm də düşmənə verilən növbəti mesaj oldu. Eyni zamanda bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə bundan sonra da bütün məsələlərdə bir-birinin yanında olacaqlar. Qardaş Türkiyə hərbçilərinin paraddan keçidi coşqu ilə qarşılandı və bütün xalqımızı dərindən qürurlandırdı.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki