image-qanunla-reklam
image-_1707928769

Azərbaycanın mövqeyi ədalətli mövqedir

image-lady-day-az

Azərbaycanın mövqeyi ədalətli mövqedir.

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirir, əməkdaşlığı genişləndirir, bugünkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir. 2020-ci il sentyabrın 27-də işğalçı Ermənistan tərəfindən başlanılan və noyabrın 10-da Azərbaycanın parlaq qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq aləmdəki reytinqi daha da yüksəldi. 44 günlük müharibə Azərbaycanın həm iqtisadi, həm də hərbi gücünü dünyaya nümayiş etdirdi. Artıq Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin, eləcə də, beynəlxalq təşkilatların sayı getdikcə artır. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, müstəqil dövlətimiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur. Təxminən üç onilliyi əhatə edən zaman kəsiyində Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti regionda sabitliyə və təhlükəsizliyə ciddi təhdidlər yaradırdı. Azərbaycan 44 günlük müharibədə qazandığı şanlı Zəfər sayəsində özünün ərazi bütövlüyünü təmin etməyə və regionda yeni reallıqlar yaratmağa nail oldu. Azərbaycan 30 ildir ki, haqlıdır, Azərbaycan 30 ildir ki, ədalətlidir. Bu zəfərin, bu növbəti diplomatik qələbənin də memarı Azərbaycanın Prezidentidir. Bu qəbildən olan diplomatik qələbələrdə heç vaxt bir şəxs, bir amil əsas rol oynamır. Belə qələbələr dövlətin, xalqın və cəmiyyətin ortaq əməyinin nəticəsi kimi meydana çıxmaqdadır. Azərbaycanın istər Qoşulmama Hərəkatında fəaliyyəti, istər etibarlı enerji təminatçısı kimi dünyada mövqeyi və əlbəttə dəmir iradəsi nəticəsində belə bir zəfər reallaşdı.

Azərbaycanın mövqeyi ədalətlidir və öz ərazilərini işğaldan azad etmək üçün mübarizə aparır. Hər bir əsgər, zabit döyüş meydanlarında düşmənlə ölüm-dirim savaşına bu ədalət üçün çıxır. Ölkə rəhbəri ilə səngərdəki əsgər eyni düşüncədə, eyni əhvalda, eyni amaldadır.

Azərbaycan müharibəni yalnız döyüş meydanında qazanmadı, o həm də informasiya müharibəsində qələbə əldə edərək reallıqları dünya ilə paylaşdı. Həqiqəti qəbul edənlər Azərbaycanla dost oldular. Azərbaycan cəmiyyəti, xüsusi ilə fəal gənclər öz sosial şəbəkə platformalarını yaradaraq, orada birləşərək dünyanı Azərbaycan həqiqətlərinə inandıra bildilər.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı bir daha Silahlı Qüvvələrimizin gücünü göstərdi.

Vətən müharibəsindən ötən son üç il ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi.

Nəhayət, 2023-cü ilin sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı. Nəticədə düşmənin pozuculuq fəaliyyətinin önlənməsi, eyni zamanda bölgədə davamlı şəkildə törədilən təxribatlara cavab olaraq, ölkəmiz öz suveren əraziləri daxilində – Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinə qarşı məhdud və lokal xarakterli legitim antiterror tədbirləri həyata keçirməyə başladı. Antiterror tədbirləri çərçivəsində rəşadətli Azərbaycan Ordusu yüksək həssaslıq və peşəkarlıq nümayiş etdirərək qanunsuz erməni silahlı birləşmələrini atışlı zərbələrlə neytrallaşdırdı. Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular.

Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi uğurlu antiterror tədbirlərini həzm edə bilməyən qüvvələr hər vəchlə ölkəmizi ağızlarında saqqız halına çevirdikləri “soyqırım” iddiaları ilə şərləməyə cəhd etdilər. Lakin gün kimi aydın idi ki, Azərbaycan Ordusu antiterror tədbirləri zamanı ləyaqətli şəkildə, beynəlxalq səviyyədə qəbul edilmiş mövcud hərbi qayda və qanunlar çərçivəsində davranaraq heç bir halda mülki əhalini hədəfə almamışdı. Əksinə, istər antiterror tədbirləri çərçivəsində, istərsə də sonrakı dövrdə qadınlara, uşaqlara, qocalara, fiziki məhdudiyyətli şəxslərə, xəstələrə, hətta yaralı silahlılara belə, zəruri tibbi və digər yardımlar göstərilmiş, dövlətimiz tərəfindən onlar içməli su və ərzaqla təmin olunmuşdular. Həmçinin mülki əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri də yaradılmışdı.

Regionda baş verən son hadisələr fonunda ölkəmizə qarşı qərəzli mövqe sərgiləyərək onu haqsız şəkildə qınayanlar anlamalıdır ki, həyata keçirilmiş bu cür lokal xarakterli antiterror tədbirləri məhz Ermənistan tərəfindən 10 noyabr 2023-cü il tarixdə imzalanmış Üçtərəfli Bəyanatın 4-cü bəndinin tələblərinin kobud şəkildə pozulmasının əməli nəticəsidir və bütün bunlara yalnız Ermənistan hökuməti məsuliyyət daşıyır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

 İyirmi ildən çoxdur ki, Azərbaycan xalqı Prezident İlham Əliyevə öz dəstəyini göstərir.

20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək, Ulu Öndərimizin siyasi kursunun və dahi şəxsiyyətinin layiqli davamçısı İlham Əliyevə səs verdi. Ötən hər il xalqın öz seçimində yanılmadığını təsdiqlədi. Bu 20  ildə Prezident cənab İlham Əliyevin qətiyyətli iradəsi, cəsarəti və məqsədyönlü siyasəti Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu illər ərzində ölkəmizin keçdiyi yol xalqımız üçün azadlıqdan, dövlət müstəqilliyindən, sarsılmaz birlikdən dəyərli heç nə olmadığını göstərdi. Güclü ordumuz və Azərbaycan xalqının birliyi, əzmi, həmrəyliyi sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Biz həqiqətən tarixi günlər yaşadıq və yaşayırıq. Prezident seçkiləri bir dövrün yekunu, yeni bir dövrün başlanğıcı sayılır. Ötən ilin sentyabrında suverenliyimiz tam bərpa olundu, Qarabağda separatçı rejimin mövcudluğuna birdəfəlik son qoyuldu. Bununla da Azərbaycan tarixinin çox mühüm dövrünə yekun vuruldu. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli sərkərdəliyi, öz müdrik siyasəti ilə xəyal kimi görünən arzularımızı həqiqətə çevirdi. İndi isə yeni bir dövr başlayır, bu dövrün başlanğıcı məhz prezident seçkiləri ilə qoyulur.

Hər bir Azərbaycan vətəndaşı, dünyada yaşayan hər bir azərbaycanlı şanlı Qarabağ Zəfərinin sevincini yaşayır, haqlı qürur hissi keçirir. Azərbaycanın çoxəsrlik tarixində heç vaxt buna bənzər qələbə olmayıb. Xalqımız öz prezidenti ilə fəxr edir, ona qələbə sevinci yaşadan, başucalığı gətirən liderinə böyük dəstək verir. Prezident seçkiləri bunun daha bir bariz təcəssümü oldu. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmazdı, xalqımız, dövlətimiz hansı təhlükələrlə üzləşəcəkdi. Bu, bir daha təsdiqləyir ki, güclü lider və düşünülmüş siyasət olmadan istənilən ölkənin, xüsusilə Azərbaycan kimi gənc müstəqil ölkənin özünü təsdiqləməsi, irəliləməsi və beynəlxalq aləmdə nüfuz qazanması mümkünsüzdür. Xalq Prezident cənab İlham Əliyevə inanır, öz taleyini ona etibar edir. Məhz bu inam sayəsində xalq-iqtidar birliyi həlledici amilə çevrilib.

Bugünkü Azərbaycan dünya miqyasında güclü ölkələr sırasındadır. Azərbaycan həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə sayılır, özünəməxsus inkişaf modelləri ilə tanınır. Son 20 ilin mənzərəsi göstərir ki, həm siyasi və hərbi müstəvidə, həm də ölkəmizdə gedən proseslər baxımından sentyabra qədər getdiyimiz yol düzgün yoldur. Sözsüz ki, müdrik xalqımız bu yolun davam etməsini istəyir və 7 fevral seçkilərinin nəticəsi bunu əyani şəkildə təsdiqlədi.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Xalq bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi.

90-cı illərin əvvəlləri Azərbaycan tarixin ən çətin dövrünü yaşayırdı. O dövrdə cəmiyyətimiz ağır durumda olan Azərbaycanın nicatının Heydər Əliyev ideyalarında olduğunu aydın dərk edirdi. 1993-cü ildə xalqın təkidli tələblərindən sonra ikinci dəfə ölkədə hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın inkişafı üçün böyük əmək sərf etdi. Xalq bir yumuruq kimi birləşər 3 oktyabr 1993-cü il tarixində öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. 1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevi xilaskar lider kimi Bakıya dəvət edib özünə rəhbər seçən xalq, 2003-cü ilin oktyabrın 15-də ölkədə keçirilən prezident seçkilərində etdiyi seçimində də yanılmadı. 20 il öncə xalqın mütləq əksəriyyətindən etimad mandatı alan cənab İlham Əliyev adını Azərbaycan tarixinə qurucu, islahatçı, humanist Prezident və Müzəffər Sərkərdə kimi yazdırdı. Son 20 ilin tarixi göz qabağındadır. Biz hamımız bu dövrdə baş vermiş misilsiz inkişafın canlı şahidləriyik. Azərbaycanın haradan haraya gəlib çıxdığını öz gözlərimizlə görmüşük. Bu dövr ölkə iqtisadiyyatının dinamik inkişafı, insanların rifah halının durmadan yaxşılaşması, bütün sahələrdə köklü islahatlarla yadda qalıb.

Cənab İlham Əliyevin Azərbaycana Prezidentlik etdiyi 20 il ölkəmizin tarixinə yüksəliş dövrü kimi daxil olub. Prezident İlham Əliyev ötən 20 ildə verdiyi hər bir vədi yüksək səviyyədə yerinə yetirib. Əsrə bərabər 20 ilin zirvəsində təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə əbədi yazıldı. Otuz ilə yaxın işğal altında qalmış torpaqlarımız 44 gün ərzində azad olundu. BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalmış qətnamələrini Azərbaycan özü icra etdi. Beləliklə, Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu Qələbə sayəsində regionda yeni reallıqlar yarandı.

Şanlı Vətən müharibəsi Prezident İlham Əliyevin daha bir liderlik keyfiyyətini – sərkərdəlik məharətini üzə çıxardı. Qələbəni şərtləndirən mühüm amillərdən biri də Azərbaycan Prezidentinin diplomatiya müstəvisində çevik siyasəti oldu. Müharibə dövründə dövlətimizin başçısı xarici KİV-ə otuzadək müsahibə verdi ki, bu da münaqişə və Qarabağla bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı.

2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri hərb tariximizə daha bir parlaq səhifə kimi yazıldı, qarşıya qoyulan hədəflərə 24 saatdan da az müddətdə nail olundu. Bu, eyni zamanda, Prezident cənab İlham Əliyevin qətiyyətinin, siyasi iradəsinin müdrik qərarlarının məntiqi nəticəsi olmaqla, öz lideri ətrafında “dəmir yumruq” kimi birləşmiş xalqımızın gücünü və qələbə əzmini nümayiş etdirdi.

Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

 

 

Yeni dövr başlayır.

Hər birimizin bildiyi kimi Azərbaycan daha bir möhtəşəm tarixi hadisəyə şahidlik etdi. Növbədənkənar prezident seçkilərində seçicilərin mütləq əksəriyyətinin səsini qazanaraq qalib gəlmiş Prezident cənab İlham Əliyevin andiçmə mərasimində məzmunlu çıxışı geniş ictimai marağa səbəb oldu.  Cənab Prezident nitqində önəmli mesajlar səsləndirməklə Azərbaycanın inkişafı üçün bundan sonra da əlindən gələni əsirgəməyəcəyini qətiyyətlə vurğuladı. Bədxahlara, ölkəmizin uğurlarından narahat olanlara isə ciddi xəbərdarlıqlar göndərdi – Azərbaycanın haqq işinə haram qatmaq istəyən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkum olacaq.

Xalqın böyük etimadını qazanmış İlham Əliyevin Prezident səlahiyyətlərinin icrasına başlaması ilə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoydu.

Azərbaycan liderinin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq və firavan həyatını təmin etmək üçün verdiyi bütün vədləri yerinə yetirməsi İlham Əliyevə ümumxalq dəstəyini daha da gücləndirdi. Seçicilərin 92,12 faizi İlham Əliyevi dəstəkləməklə Azərbaycanın növbəti uğurlarına təminat sənədi almış oldular.

Prezident cənab İlham Əliyevin prezidentliyi dönəmində Azərbaycan bir sıra qabaqcıl ölkələrin keçdiyi inkişaf mərhələsini 20 ildə sürətlə qət etməyi bacarıb. Ötən dövr ərzində Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi dünya birliyində öz mövqelərini daha da möhkəmləndirib. Beynəlxalq aləmdə qarşılıqlı faydalı və bərabərhüquqlu əməkdaşlığa, geostrateji maraqların həyata keçirilməsinə, terrorizmə qarşı mübarizəyə, vətəndaşlarımızın firavan və təhlükəsiz şəraitdə yaşamasına yönəlmiş uzaqgörən xarici və daxili siyasət həyata keçirilib. Ən əsası, otuz ildir həll olmayan Qarabağ münaqişəsi məhz Prezident İlham Əliyevin hərbi-siyasi iradəsi ilə həll olunub, ərazi bütövlüyümüz tam bərpa edilib, azad edilmiş ərazilərimizə həyat yenidən qayıdıb.

İndi Azərbaycanın yeni dövrə qədəm qoyub. Prezident cənab İlham Əliyevin andiçmə mərasimində dediyi kimi, xalqımız bu dövrə alnı açıq, üzü ağ, başı dik daxil olur. Prezident nitqində bu dövrün böyük nailiyyətləri olacağının anonsunu da verməyi unutmadı. Qarşıya qoyulan bütün vəzifələrin icra edildiyini xatırladan dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan cəmiyyətində hökm sürən çox müsbət ab-hava bizi daha da gücləndirir. Bu amil qarşıdakı illərdə də uğurların əldə edilməsinə imkan yaradacaq.

Dövlətimizin başçısı nitqində ordu quruculuğu və xarici siyasət məsələlərinə də toxunaraq növbəti illərdə də bu prosesin davam etdiriləcəyini bildirdi. Azərbaycanda çox güclü hərbi sənaye kompleksinin yaradıldığını vurğulayan Prezident cənab İlham Əliyev nitqində bu sahədə ikinci, daha genişmiqyaslı mərhələnin başlanacağının anonsunu verdi. Bu isə o deməkdir ki, Azərbaycan bundan sonra da regionun ən güclü dövləti olaraq qalacaq və milli maraqlarının müdafiəsini daha yüksək səviyyədə təmin edəcək.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

Seçkilər bir dövrə yekun vurdu.

2024-сü ilin 7 fevralı müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri – birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib.

Artıq xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövrün başlanğıcıdır. Prezident cənab İlham Əliyevin ölkəmizə növbəti yeddi ildə rəhbərliyi ilə bizi ötən 20 ildə əldə edilmiş nailiyyətlərin davamı ilə yanaşı, fəth ediləcək daha uca zirvələr, böyük hədəflər gözləyir. Bu, indikindən də qüdrətli, bütün sahələr üzrə hərtərəfli inkişaf etmiş, güclü iqtisadiyyata sahib müstəqil Azərbaycan olacaq. Cənab İlham Əliyev nadir tarixi şəxsiyyətlərdəndir ki, xalqına verdiyi bütün vədləri tam şəkildə və vaxtında yerinə yetirib. O, dövlətimizi ağır sınaqlardan, mürəkkəb proseslərdən üzüağ çıxarıb, dünyanı bürüyən və ağır fəsadlar törədən dərin böhranları ölkəmizə buraxmayıb. Vaxtilə haqqı tapdanan, səsi eşidilməyən, hərbi təcavüzə məruz qalan, torpaqları işğal edilən Azərbaycan bu gün regionun lideri, dünyanın strateji əhəmiyyətli ölkəsidir. Odur ki, xalqımızın daha xoşbəxt, səadət dolu günləri, dövlətimizin ən əzəmətli, güclü illəri hələ qarşıdadır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Vüsal Rəhimov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki