image-qanunla-reklam
image-prezident_konfrans_290422_5

Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi

image-lady-day-az

Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi.

Şuşa şəhərinin təməli 1752-ci ildə Pənahəli xan tərəfindən  qoymuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən, xalqımızın qədimliyini, onun zəngin mədəniyyətini özündə tərənnüm edən qədim və unikal memarlıq abidələri ilə zəngin yurd yerlərimizdən biridir.

Lakin çox təəssüflər olsun ki, bu 30 ilə yaxın davam edən işğal dövründə xalqımıza məxsus tarixi-mədəni irsin məhv edilməsi siyasətini həyata keçirən erməni vandalları tərəfindən yüzlərlə tarixi memarlıq abidəsi məhv edildi.  Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qaldı. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

Nəhayət, dünya birliyi tərəfindən sərgilənən ədalətsiz və haqsız mövqelərə rəğmən məğrur və qürurlu Azərbaycan xalqı işğalla heç vaxt barışmayacağını, ədalətsizliyə boyun əyməyəcəyini ortaya qoydu. Xalqımız üçün mədəniyyət qibləgahı olan müqəddəs Şuşanı 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu. Qalib Azərbaycan əsgəri onun xalqına və dövlətinə qarşı illərdir həyata keçirilən işğalçılıq, talançılıq və soyqırımların qisasını döyüş meydanında və ona yaraşacaq şəkildə – ləyaqətlə aldı. Düşmənin başı xalqımızın birliyinin rəmzinə çevrilmiş Dəmir Yumruqla əzildi, ərazilərimizə soxulmuş qanlı əlləri kəsildi.

44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan əsgəri öz igidliyi, qəhrəmanlığı, vətənə olan sonsuz məhəbbət və sədaqəti ilə bir növ qəhrəmanlıq salnaməsi yazdı. Xüsusilə qədim və doğma yurd yerimiz, mədəniyyət beşiyimiz – Şuşa şəhərinin ciddi zərər görməməsi məqsədilə yüngül silahlarla silahlanmış Azərbaycan oğulları o, hündür, sıldırım Şuşa dağlarını dırmaşaraq düşmənlə üz-üzə, diş-dişə gəldi, qanlı döyüşlə ona məxsus olanı geri aldı. Qalib Azərbaycanın şanlı bayrağını Şuşa Qalasında dalğalandırdı.

İşğaldan azad olunmuş ərazilərdə ilk bərpa və quruculuq işlərinin məhz Şuşada həyata keçirilməsi isə Qarabağın tacı olan Şuşanın xalqımız üçün nə qədər önəmli, müqəddəs və əziz olduğunun göstəricisidir. Çünki Şuşa tarix boyu bütün çətinliklərə rəğmən, hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz bir parçası olmuş və bu cür də qalacaqdır.

Həm Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi, həm də 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Sərəncamlar gələcək uğurlara hesablanmış böyük məqsədləri və amalları özündə ehtiva edən müdrik qərarlar idi. İmzalanmış bu Sərəncamlar Şuşanın əvvəlki statusunu və şöhrətini bərpa etməklə yanaşı, onun tarixi və əzəli Azərbaycan torpağı olduğunu, xalqımızın bu ərazilərdə çox əsrlik mədəniyyətə sahib olduğunu, milli-mədəni və tarixi irsimizin dərin köklərə əsaslandığını bütün dünyaya nümayiş etdirdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi 28 il düşmən əsarətində olan, lakin heç vaxt milli simasını və ruhunu dəyişməyən bu şəhərin tarixi şöhrətini özünə qaytardı.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazıldı. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad etdi. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə oldu. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi və hərb meydanında olduğu kimi, diplomatiya meydanında da uğurlarını şərtləndirirdi.

Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlərboyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurmuş, bizim tarixi abidələrimizi dağıtmış , bizim məscidlərimizi dağıdıb , təhqir etmişdir.

Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin azad olunması münasibətilə xalqa müraciətində demişdir: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!”

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

 

 

Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar yaradır. Bəyannamə ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə, o cümlədən siyasi, iqtisadi, ideoloji və humanitar sahələrdə davamlı inkişafını təmin edəcəkdir. Şuşa Bəyannaməsinin imzalanması tarixi hadisədir. Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət kəsb edir.   Türkiyə və Azərbaycan qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə yanaşı, həmçinin bir sıra beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək verirlər.

Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Azərbaycana Türkiyənin mənəvi-siyasi dəstəyi əvəzolunmazdır. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri xalqlarımızın nümayiş etdirdiyi vahid mövqe birliyimizin bariz nümunəsidir. İki dost və qardaş ölkə arasında strateji səviyyədə inkişaf edən münasibətlər siyasi dialoqun bütün səviyyələrdə davam etdirilməsinə şərait yaradır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın daha da qüdrətlənməsi üçün əlverişli imkanlar yaradır.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Tavad Qurbanova

 

 

Ulu Öndər Heydər Əliyev və Gürcüstanın sabiq Prezidenti Eduard Şevardnadze ölkələrimiz arasında güclü tərəfdaşlığın və əməkdaşlığın bünövrəsini qoydular.

 Azərbaycan ilə Gürcüstan  arasında sarsılmaz dostluq və qardaşlıq əlaqələrinin tarixi çox qədimdir. Bu münasibətlər zəngin  ənənələr üzərində qurulub. Əsrlər boyu xalqlarımız dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşamışlar. Dövlətlərarası əlaqələr də bu möhkəm təməl üzərində inkişaf edir.  İki ölkənin  münasibətlərinin tarixinə nəzər salsaq bu fikri böyük əminliklə qeyd edə bilərik ki, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin  və Gürcüstanın keçmiş Prezidenti Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi əməkdaşlıqda yeni səhifə açdı. Hər iki liderin Azərbaycanla Gürcüstan arasında əlaqələrin yüksələn xətlə inkişafında rolu böyükdür. Təbii ki, burada onların şəxsi nüfuzu, eyni zamanda, bir-birlərinə yaxın dost  münasibətləri də  əhəmiyyətli rol oynadı. Eyni regionda, mürəkkəb coğrafi ərazidə yerləşən hər iki ölkənin əsrlərə söykənən qonşuluq, dostluq əlaqələri müstəqillik illərində daha da genişləndi, iştirak etdikləri qlobal infrastruktur layihələrinin həlli ilə dünyanın enerji xəritəsinin dəyişməsinə təsir göstərdilər.  Bu baxımdan tam əminliklə söyləmək olar ki, möhkəm iradə, etibarlı təməl üzərində formalaşan münasibətlər bu gün artıq dövlətlərarası tərəfdaşlığı gücləndirən amil kimi diqqəti cəlb edir.  Bu gün Gürcüstan və Azərbaycan bütün sahələrdə çox uğurla əməkdaşlıq edir, siyasi, iqtisadi münasibətlər, hər iki xalq arasında əsrlərdən bəri davam edən mehriban qonşuluq əlaqələri getdikcə möhkəmlənir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev və Gürcüstanın o vaxtkı lideri Eduard Şevardnadze tərəfindən möhkəm özül üzərində qurulan dostluq əlaqələri ildən-ilə daha da möhkəmlənərək qarşılıqlı dostluq və qardaşlıq müstəvisinə yüksəlib. Belə ki, ölkələrarası diplomatik münasibətlər qurulandan sonra Ulu Öndər Heydər Əliyev və Eduard Şevardnadze istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Ölkələr arasındakı ikitərəfli münasibətlər Ulu Öndər Heydər Əliyevin 1996-cı ildə Tbilisiyə rəsmi səfərindən sonra daha da inkişaf etməyə başlayıb. Həmin səfər zamanı tərəflər “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik” və “Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq” haqda qarşılıqlı bəyannamələr imzalayıblar. 1997-ci ilin fevralında Gürcüstan dövlət başçısı Eduard Şevardnadzenin Bakıya səfəri zamanı isə iki ölkə arasında strateji əməkdaşlığın inkişafına dair yeni bir sənədə imza atılıb. Beləliklə, Ulu öndər Heydər Əliyevin və Eduard Şevardnadzenin əsasını qoyduğu strateji əməkdaşlıq keçən müddətdə bütün sahələr üzrə davam edib. Bu gün Gürcüstanla Azərbaycanı hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRACEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir. Bununla paralel olaraq, GUAM, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və digər qurumlar daxilində əməkdaşlıq ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirib.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

 

Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir.

Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış Ulu Öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

Təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxri olan bu böyük insanın gördüyü işlər, söylədiyi fikirlər haqqında hələ çox əsərlər yazılacaq, çox sözlər deyiləcəkdir.
Ulu Öndər Heydər Əliyevin başladığı hər bir iş, atdığı hər bir addım Azərbaycan dövlətinin müstəqilliyinin əbədi və dönməz olmasına xidmət göstərmişdir. Bunlar Azərbaycanın bir dövlət kimi mövcudluğunu, inkişaf strategiyasının əsas istiqamətlərini müəyyən etmişdir.

Bəli, tarix ən ədalətli hakimdir. Və bu gün Zəfərə gedən yolun əsasında tarixi şəxsiyət, dahi Heydər Əliyevin ölməz ideyaları dayanır. Azərbaycan Prezidenti cənab İlham Əliyev mayın 3-də Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında bildirib ki, Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olub və bunu zamana, siyasi vəziyyətə baxmayaraq edib. Dövlətimizin başçısı deyib ki, Sovet Azərbaycanı dönəmində hətta ideoloji əngəllər çərçivəsində Ulu Öndər Azərbaycan xalqının maraqlarını qoruyurdu, milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. 70-ci illərdə və 80-ci illərin əvvəlində Heydər Əliyev tərəfindən atılmış bir çox addımlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdi.

Bəli, həmin dövrdə Azərbaycanın siyasi, sosial-iqtisadi və mədəni durumu heç də ürəkaçan deyildi. O zamankı sovetlər birliyinin ən ucqar respublikalarından biri kimi səciyyələnən Azərbaycanda idarəetmədə çoxlu nöqsanlara yol verilmiş, iqtisadiyyat geri qalmış, sosial-mənəvi mühit şəffaflıqdan uzaq düşmüşdü. Belə bir vaxtda Heydər Əliyevin respublikanın ali vəzifəsinə – Azərrbaycan Kommunist Partiyasının Birinci Katibi seçilməsi tariximiz və taleyimiz, Vətənimiz və xalqımız üçün sözün əsl mənasında dönüş və xilas, möhtəşəm tərəqqi və yüksəliş erasının əsasını qoydu və xalqın etimadını Ondan başqa heç kim doğrulda bilməzdi. Belə bir dahi insanın Azərbaycanda rəhbərliyə başlaması respublikanın xilası üçün yeganə düzgün yol idi. Və bu gün Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü və gələcək nəsillərə nümunə olacaq canlı və unudulmaz tarixdir. Hakimiyyətdə olduğu müddətdə Ulu Öndər xalqının tarixi mənafeyi uğrunda əzmlə mübarizə aparmış, ictimai-siyasi proseslərdə daim özünü real güc mərkəzi kimi göstərmişdir. Və bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır! Bütün bunlar isə Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev zəkasının və Heydər Əliyev nurunun bizə tərəf saçılan əbədi şölələridir!

Prezident İlham Əliyev Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında da vurğulayıb ki, Ulu Öndərin xatirəsinə həsr olunmuş tədbirlər il ərzində davam edəcək.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanı inamla irəli aparır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalət bərpa edilmiş, işğal altında olan torpaqlarımız azad olunmuş, Zəfər salnaməsi tarixdə layiqli yerini almışdır. Bu zəfərin əsasında da Heydər Əliyev siyasətinin təntənəsi dayanır.  Müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin ideyaları bundan sonra da müstəqil  Azərbaycanın nailiyyətlərinin fövqündə olacaq.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Ərazi bütövlüyümüzü qorumaq məqsədilə bütün lazımi tədbirlər görüləcəkdir.

Azərbaycanın həyata keçirdiyi layihələr əminliklə deməyə əsas verir ki, ölkəmizi yaxın gələcəkdə daha firavan günlər gözləyir

Prezident cənab İlham Əliyev bir neçə gün əvvəl mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında gündəmin və regionun bir sıra aktual məsələlərinə toxundu.

Ölkə başçısı bildirdi ki, Şuşanın Azərbaycanın tarixində xüsusi yeri var. İndi Şuşa sıfırdan yenidən qurulur və bu il Ulu Öndərin  100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.

Prezident cənab İlham Əliyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq, görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

Ötən il “Şuşa İli” elan edilmişdir, çünki bu şəhərin Qarabağ xanı Pənahəli xan tərəfindən yaradılmasının 270-ci il dönümü idi. Şuşa həmişə Azərbaycan şəhəri olmuşdur. Yalnız işğal dövründə iyirmi səkkiz ildən artıq müddət ərzində Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır.

Cənab Prezident vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir.

Ölkə bacısı növbəti dəfə Şuşada Ermənistana açıq mesaj verdi və bildirdi ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq.

Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Kommunikasiyaların açılması Ermənistanın da marağına xidmət edir. Onlar müxtəlif bazarlara çıxış əldə edə biləcəklər. Əlbəttə ki, bu, bizim üçün faydalı olacaq, çünki biz bu səhifənin bağlanmasını istəyirik.

Cənab Prezident çıxışında Azərbaycanın sülh təşəbbüsləri, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar, Şuşa Bəyannaməsinin əhəmiyyəti,  Azərbaycan-Türkiyə müttəfiqlik formatı, Azərbaycanla Şimali Qafqaz respublikaları və Mərkəzi Asiya ölkələri arasında əlaqələr, Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəql edilməsi və digər mühüm məsələlərə toxundu.

Azərbaycanın dövlət başçısı bildirdi ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar Azərbaycanın ərazi bütövlüyünü de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar. Orada razılaşıblar ki, 1991-ci il Almatı Bəyannaməsi normallaşma üçün əsas kimi götürülməlidir. Almatı Bəyannaməsi faktiki olaraq keçmiş respublikaların sərhədlərini müəyyənləşdirib və onları rəsmi sərhədlər hesab edib. Bu, o deməkdir ki, onlar artıq razılaşıblar ki, Qarabağ Azərbaycandır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Nicat Əhmədzadə

 

 

Cari il Ulu Öndərin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib.

Prezident cənab İlham Əliyev bir neçə gün əvvəl mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil olunur.

Prezident İlham Əliyev diqqətə çatdırdı ki, Ulu Öndər Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində Ulu Öndər tərəfindən atılmış bir çox addıma nəzər salsaq, görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.

XX əsrin 60-cı illərinin sonundan başlanan Ümummilli Lider Heydər Əliyev  idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyəllənmişdir. Heydər Əliyevin təməli həmin dövrdə qoyulmuş azərbaycançılıq ideologiyası Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək, dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaratmışdır. Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur.

Ulu Öndər Heydər Əliyev bütün həyatını xalqa sədaqətlə xidmətə həsr etmiş, öz fəaliyyətində həmişə xalqa arxalanmış, ən çətin anlarda ona müraciət etmişdir. Azərbaycan xalqı heç vaxt ondan dəstəyini əsirgəməmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, müdrik rəhbər və dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

 

Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq.

Azərbaycan torpaqlarında hələ də erməni silahlı birləşmələri mövcuddur. Eyni zamanda, həmin silahlı birləşmələr vaxtaşırı müəyyən təxribatlar törədir və sülh prosesinin yekunlaşmasına mane olur. Bu qeyri-müəyyənlik isə bütövlükdə, prosesin sürətlənməsini, sülhün və təhlükəsizliyin təmin olunmasını ləngidir. Amma bu kimi “mövqe” Ermənistan üçün yaxşı gələcək vəd etmir. Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev bildirib ki, əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olmayacaq. Tarix onlara dərs verməlidir…

Ermənistanın qeyri-konstruktiv mövqeyi regionda təhlükəsizliyin təmini ilə yanaşı, bu dövlətin gələcək inkişafını da yubadır. Onsuz da ötən 30 illik işğal dövründə Ermənistan iqtisadi – siyasi müstəvidə çox şey itirib – bu dövlət müstəqil olmaq şansını itirib. Yenidən eyni metodla sülhə mane olmaq istəyi isə indiki halda Ermənistana daha böyük zərbə vura bilər. Onsuz da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan Avropa İttifaqının moderatorluğu ilə keçirilən görüşlər zamanı da səsləndirdiyi vədlərdən boyun qaçırmaqla özünü dalana dirəyib – artıq reallıqdan qaçmaq mümkün deyil.

Prezident cənab İlham Əliyev konfransdakı çıxışında bildirib ki, onlar prosesi ləngidə, artıq müəyyən olunmuş danışıqlar formatını razılığa gəlmək üçün yox, prosesi sonsuz etmək üçün istifadə edə və nəyi isə gözləyə bilərlər. Möcüzəni, dəyişiklikləri gözləyirlər: “Hesab edirəm ki, onlar imkanları əldən verəcəklər. Çünki demək olar ki, otuzillik işğal onlara heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.

Azərbaycanın sülhlə bağlı mövqeyi nə qədər humanist olsa da, “qırmızı xəttimiz” bəllidir – imzalanacaq sənəddə Azərbaycanın suveren əraziləri ilə bağlı hər hansı bir şərt ola bilməz. Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və bu, sülh müqaviləsinin hər hansı bir müddəası kimi əks olunmamalıdır. Qarabağda yaşayan ermənilər isə Azərbaycan vətəndaşlarıdır. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyadan başqa çıxış yolları yoxdur. Azərbaycan qanunları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yaşamaq istəyənlər vətəndaş olaraq ölkəmizdə yaşaya bilərlər. Digər tərəfdən, Ermənistanın qondarma separatçı qurumla bağlı sülh müqaviləsində hər hansı bir qeydin edilməsi ilə bağlı cəhdləri də fiaskoya məhkumdur. Azərbaycanın bununla bağlı mövqeyi qəti və dəyişməzdir. Sülh müqaviləsi iki ölkə arasında bağlanacaq və Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı orada hər hansı bir qeydin olması mümkün deyil. Prezident cənab İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib ki, biz onlara sülh sazişinin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərdik. Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini qırx gündən çoxdur ki, gözləyirdik: “Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər. Lakin bizim bu şərhlərdə gördüklərimiz yenə də Azərbaycana qarşı ərazi iddialarıdır. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Buna görə də sülh sazişinin mətninə mövcud olmayan qondarma “Dağlıq Qarabağ Respublikası”nı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”.

Bəli, Azərbaycanın mövqeyi birmənalı və qətidir – Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Qarabağda yaşayan ermənilər isə bizim vətəndaşlarımızdır. Dövlətimiz hər zaman bəyan edib ki, işğaldan azad olunmuş bütün ərazilərdə vəziyyətə nəzarət edir, Qarabağ ermənilərinin yaşadığı ərazilərdəki proseslər isə daim diqqət mərkəzində saxlanılır. Beləliklə, Azərbaycan sülhün tərəfdarı qismində çıxış edir – qalib tərəf olsaq da, humanizm prinsiplərinə əsaslanaraq müharibə istmədiyimizi önə çəkirik, 2023-cü ilin sülh ili olmasını arzulayırıq. Bunun üçün isə real şərtlər ortadadır – Ermənistan özünün əsassız iddialarından əl çəkməli və ölkəmizin önə sürdüyü 5 şərtin əsasında sülhə razılaşmalıdır. Bir sözlə, Ermənistan sülh prosesinin hazırki mərhələsinin səmərəli şəkildə yekunlaşması üçün səy göstərməlidir. Əks halda Ermənistan yeni iqtisadi konfiqurasiyadan kənarda qalacaq.

Zərdab şəhər sakini fəal gənc Cavid Məmmədov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki