image-qanunla-reklam
image-3341f6f0160510189488623137110369489

Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutur – Mahir Abbaszadə

image-lady-day-az

“Yürüdülən məqsədyönlü, qətiyyətli siyasət nəticəsində ölkəmiz bütün istiqamətlərdə sürətlə inkişaf edərək qısa zaman kəsiyində dünyaya öz inkişaf modelini təqdim etməklə beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutub.  Azərbaycan dünyada güclü iqtisadiyyata, orduya malik bir dövlətə çevrildi. Xarici siyasət sahəsində yürüdülən siyasət nəticəsində  Azərbaycan dünyanın ən mötəbər beynəlxalq təşkilatlarının rəhbərliyində təmsil olundu. Azərbaycan dünyanın ən böyük və mötəbər təşkilatı olan BMT Təhlükəsizlik Şurasının üzvü seçildi. Hazırda BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat  olan Qoşulmama Hərəkatına sədrlik edir. Azərbaycana, xüsusən də cənab Prezidentə olan inam və etimad nəticəsində ölkəmizin bu quruma sədrliyi daha bir il uzadılıb.”

Bu fikirləri “İki sahil” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib.

M.Abbaszadə qeyd edib ki, Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə nəticəsində Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsini təşkil edəcək: «Zəngəzur dəhlizinin açılması bütün bölgə üçün yeni imkanlar açacaq. Yeni nəqliyyat dəhlizi türk dünyasını, Avropanı və bütün qonşu ölkələri birləşdirə biləcək qlobal layihədir. Bunu isə Qələbənin Zəngəzur zirvəsi adlandırmaq olar. Əminəm ki, qarşıdakı yaxın illərdə biz Zəngəzur dəhlizinin reallığa çevrildiyinin şahidi olacağıq”. Böyük Qələbənin nəticəsində yaradılmış yeni reallıqda təkcə Qarabağın bərpası və inkişafı nəzərdə tutulmur.  Qələbə bütün regiona sülh və davamlı inkişaf imkanını qazandırmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Bu, eyni zamanda, regionun inkişafı üçün əlavə stimul olacaq yeni əməkdaşlıq formatlarını müəyyən edəcəkdir”.

M.Abbaszadə qeyd edib ki, Azərbaycan postpandemiya dövründə ən yaxşı və yüksək artım əldə edən dövlətlərdən biridir. Hazırda iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Yəni, inkişafın əsas sütunu neft yox, qeyri-neft sektorudur. Göründüyü kimi, qeyri-neft sahələrində artım dinamikası 3 dəfə böyükdür.

2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 46 faizdən çox olacaq. Büdcə xərclərinin 46.4 faizinin sosial istiqamətə yönəldilməsi bir daha gələn ildə də sosial təminat məsələlərinin prioritet olacağından xəbər verir. Bu, qarşıdakı ildə yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılacağı deməkdir. Beləliklə, Azərbaycanda sosial xərclərin ÜDM-də payı əhəmiyyətli dərəcədə artaraq 16 faizdən çox olacaq.

M.Abbaszadə diqqətə çatdırıb ki, dövlət başçısının verdiyi çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə «Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası» qəbul olunub.  Azərbaycan 2021-ci ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına start verib. Azərbaycan qlobal səviyyədə «peyvənd millətçiliyi» və vaksinlərin ədalətsiz bölgüsü ilə bağlı öz etirazını bildirən ölkədir. Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.

Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardım edib.  Eyni zamanda, yoxsul ölkələrin dəstəklənməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına könüllü olaraq 10 milyon dollar həcmində maliyyə töhfəsi verib. Bütün bu addımlar ölkəmizin humanizm prinsiplərinə, ədalətə verdiyi önəmin təqdimatıdır. Məqsəd bütün ölkələrin koronavirus infeksiyası ilə mübarizədən az itki ilə çıxmasına dəstək olmaqdır. Azərbaycanın ədalətin, beynəlxalq hüququn bərpası istiqamətində göstərdiyi səylər, həmçinin COVID-19-la birgə mübarizəyə töhfələri Qoşulmama Hərəkatına üzv dövlətlərin ölkəmizin quruma sədrlik dövrünün bir il uzadılması barədə qərarında da əhəmiyyətli rol oynadı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki