image-qanunla-reklam
image-1655792486_96508594_1085012838564833_8942848202126655488_n

Təranə Məmmədin yaradıcılığı haqqında düşüncələrim – Nizami Təhməzov

image-lady-day-az

(Dördüncü hissə)
Məlumdur ki,yazıçı məhz yaratdığı obrazlar vasitəsilə yaşadığı dövrü. zamanı,təbiəti, insanların daxili aləmini,onun psixologiyasını,həyata,dünyaya baxışını, arzu və istəklərini, düşüncələrini açmağa çalışır.Təranə xanımın hekayələrini oxuduqca, obrazların daxili aləminə nüfuz etdikcə aydın hiss olunur ki,mükəmməl yardılmış bu obrazlar həqiqətin,obyektiv reallığın insan şüurunda əks olunmasının subyektiv formasını özündə təcəssüm etdirir. Bunu başqa şəkildə rus tənqidçisi Belinçkinin təbirincə desək “Sənət həqiqətin bilavasitə ürəkdən gəlmə məzmunudur, yaxud obrazlı təfəkkürüdür” Təranə Məmməd ən kiçik hekayələrində belə güclü obrazlar yaratmağı bacarır. Bu obrazlar bəzən bizim yaxın dostumuza, məsləhətçimizə çevrilir. Və biz onlardan çox şey öyrənirik.Bu cəhətdən “Biz insanıq” hekayəsi çox səciyyəvidir. Burada hadisələr təsadüflər üzərində cərəyan edir. Amma bu təsadüflər ustalıqla,elə təbii, elə inandırıcı verilir və əsaslandırılıır ki,oxucu bunları adi həyat həqiqətləri kimi qarşılayır.Və təsadüfi hadisələrin müəyyən qanunauyğunluqlara tabe olduğu nəticəsinə gəlinir. Burda zərurətin təzahür formasına çevrilir və onu tamamlayır. Mən tənqidçi deyiləm və hekayəni detallarını geniş təhlil etmək imkanım da yoxdur.Ancaq onu xüsusi qeyd etmək istəyirəm ki, ”Biz insanıq” hekayəsində təsadüflər zəruri prosesin inkişafı gedişinə əsaslı təsir göstərir və həmin prosesi sürətləndirir.Bunun da nəticəsində iki insan dəhşətli ölümün pəncəsindən xilas olur.
Hekayənin əsas qayəsi insan,insaniyyət,xeyirxahlıq,yaxşılıq və humanizmdir. Həkayəni oxuduqca insan fikirləşir,düşünür,nəhayət, o nəticəyə gəlir ki,indiki ağır vəziyyətdə, insanların mənəvi aşınmalara məruz qaldığı bir vaxtda ən zəruri islahat məhz insanlıq və xeyirxahlıq islahatıdır.İnsanların insanlığa və xeyirxahlığa olan ehtiyacı indi heç bir dövrlə,heç bir zamanla müqayisə olunmaz dərəcədə artmışdır.İnsanlara hörmətlə yanaşmaq,xoş münasibət bəsləmək,yaxşılıq etmək, xeyirxahlıq göstərmək insaniyyətin ən vacib şərtlərindən biridir.Təsadüfi deyildir ki,filosoflar insanlığı bəşəriyyətin əxlaqi sərvətinin qızıl fondunun təşkil etdiyini deyirlər..Təranə Məmməd “Biz insanıq” hekayəsində xırda detallarla,incə ştirixlərlə,böyük bacarıqla açıb göstərir ki,insaniyyət xeyirxahlıq, yaxşılıq, humanizm insan psixologiyasında və əxlaqi şüurunda dərin kök salmalı olan böyük bəşəri dəyərlərdir ki, bunsuz insanlar bioloji varlığa çevrilə bilər. Müəllif göstərir ki, hər şeydən əvvəl insan şəxsiyyətinə,insan ləyaqətinə hörmət etmək,ona həssas yanaşmaq,qayğı göstərmək hər bir insanın insanlıq borcudur.Amma bu borcu hamı dərk edib yerinə yetirirmi? Hekayədə göstərilir ki, rayondan Bakıdan gələn yaşlı bir kişi səhər-səhər ünvanı səhv salaraq tanımadığı bir qapının zıngini basıb Əli həkimin burada yaşayıb-yaşamadığını soruşur.Və soruşduğuna da peşman olur.30-35 yaşlarında ev sahibi onu çox kobud qarşılayır və sərt cavab verir:
“-Nə Əli həkim? Gəlirsən səhər-səhər zəngi vurursan, demirsən yatan var. Nə Əli həkim?
-Bağışla oğlum,rayondan gəlmişəm,kağızda bu ünvan yazılıb.
-Rayondan gəlmisən ki,belə edirsən də… Səhər-səhər adamın qapısının zəngini basarlar? Yoxdu burda Əli həkim-deyə o əsəbi halda qapını çırpır…”
İlk baxışda çox adi və sadə görünən bu kiçik dialoqda çox dərin mənalar ifadə olunur. Müəllif bir cümlə ilə ev sahibinin ( Onun adı Poladdır ) kimliyini, hansı xarakterə, hansı xasiyyətə malik olduğunu ustalıqla açıb göstərir və bununla da oxucuları düşünməyə və onlarda, yumşaq desək, acı təəssüh hissləri yaratmağa nail olur. Əsərin qəhrəmanının evin ünvanını səhv salması tam təbii təsadüfdürmü, yoxsa müəllifin fikirlərini həyata keçirmək üçün düşünülmüş bir variantdır? Təranə Məmməd çox böyük məharətlə oxucuların diqətini mahiyyətə cəlb edərək onları səbəb axtarmaq problemindən yayındırır.
Əsərin qəhrəmanı Bakıya həkim dalınca gəlsə də işləri alınmır. İmkanı daxilində insanlara kömək edən Əli həkim xəstəlik tarixinə baxandan sonra böyük təəssüf hissi ilə kömək edə bilməyəcəyini və xəstənin mütləq əməliyyata ehtiyac olduğunu bildirir. Kişi kor- peşiman axşamüstü avtobusla rayona qayıdır. Rayona az qalmış yolda ağır maşın qəzasına rast gəlir. Məlum olur ki, çox ağır yaralanmış və ölümcül vəziyyətdə olan adam səhər- səhər onu acılayan və qapını zərblə üzünə çırpan Poladdır. O, fikirləşmədən, heç nəyi nəzərə almadan “ Təcili yardım” çağıraraq “Yaxın qohumumdur” deyir və sonra da onunla birlikdə Bakıya qayıdır.
Hadisələrin nə ilə nəticələndiyini və sonra nələr baş verdiyini oxumağı oxucuların öz ixtiyarına buraxırıq. Bizim isə məqsədimiz burda müəllifin nəzəri – estetik fikirlərini real həyat həqiqətlərinin inikasında necə effekt yaratdığını, insani münasibətlərin necə dəyişdiyinin, yeni forma və yeni məzmun aldığını diqqətə çatdırmaqdır. Yazıçı burda çox böyük bacarıqla onu göstərir ki, məqsədsiz, heç bir şəxsi maraq güdmədən yalnız möhkəm əqidə və inama, hərtərəfli düşünülmüş fikrə əsaslanan, bir sözlə, adamın içindən, genindən gələn xeyirxahlıq həmişə etibarlı, dayaqlı və faydalı ola bilir. Məlum olduğu kimi əsərin qəhrəmanı Poladı tanımır və ondan heç bir təmənası, heç bir istəyi də yoxdur. Amma o, evdə xəstə oğlunu qoyub, Poladı ölümdən qurrtarmaq üçün yardım edir, onunla birlikdə xəstəxanaya gedir. Düzünü deyim ki, hər adam bunu etməz. Bəlkə də çoxlarına inandırıcı gəlməz. Oğlu evdə ağır xəstə ola- ola başqa birinə, həm də səni aşağılayan, acıqlı cavab verən yad bir adama yardım etmək, köməklik göstərmək nə dərəcədə həqiqətə uyğundur? Bu, inandırıcı görünürmü? Əgər əsərin qəhrəmanı belə bir addım atmasaydı, kimsə onu qınayardımı? Bax, əsas məsələ budur və sərin qayəsini də məhz bu sualların cavabı təşkil edir. Bəs bu cavab nədir? Əvvala onu deyim ki, müəllif hekayəni elə gözəl, elə təsirli və elə inandırıcı yazmışdır ki, yuxarıda qeyd etdiyim kimi oxucular səbəb yox, mahiyyət, nəticə haqqında düşünürlər. Və sanki hekayənin qəhrəmanının hərəkətlərindən sevinir, xoş hisslər keçirir, bu gözəl insani münasibətlərdən məmnunluq duyurlar.
Təranə Məməd yaradıcılığına yüksək qiymət verən, onun daimi oxucusuna çevrilən şair Qalib Nuri Arif Facebook səhifəsinin 3-cü paylaşımına yazdığı rəydə deyir: “ Təranə xanımın yaradıcılığında ən əsas məqamlar, dediyiniz kimi, həyatı təsvir detallardır ki, bu da zamanın reallığını əks etdirir. Əslində təbiət elə bir akademiyadır ki, orda bütün elementlə bir- biri ilə sıx bağlıdır. Təranə xanımın bu bağlılığın sirlərinə vaqif olması onun yüksək həyat təcrübəli şəxsiyyət olduğundan başqa, həm də əsilzadə olmağından irəli gəlir. Sanki Təranə xanımın bütün əsərlərində qəhrəmanlar nəcib, alicənab, savadlı, ləyaqətli və xeyirxah insanlardır”.
Bax, əsas məsələlərdən biri budur. Şair düzgün qeyd edir.Təranə xanım demək olar ki, bütün əsərlərində bu insani dəyərlərə, əxlaqi fəzilətlərə üstünlük verir və hər zaman öz ənənəsinə sadiq qalır. Adından göründüyü kimi “ Biz insanıq” hekayəsinin qəhrəmanı da məhz belədir. O, elmli, bilikli, savadlı olmasa da sadə,təvazökar, zəhmətkeş, nəcib, alicənab və ləyaqətli bir insandır. Cəmiyyətimizin sağlam, ağıllı, düşüncəli, xeyirxah və fədakar üzvlərindən biridir. Təranə xanım müəllif olaraq bu obrazla özünün fikir və düşüncələrini ifadə edir. O, aydın şəkildə göstərir ki, hərtərəfli, ahəngdar inkişaf etmiş şəxsiyyət – obraz özündə yalnız ağlı, elmi, biliyi, intellekti, fiziki sağlamlığı deyil, eyni zamanda insaniyyətin bütün dəyərlərini, xeyirxahlıq və yaxşılıq kimi fəzilətləri əxz etməli və özündə formalaşdırmalıdır. İnsan hər şeydən əvvəl İNSAN kimi şərəfli bir ad daşıdığının və bununla da hər vaxt, hər zaman üzərinə böyük bir məsuliyyət düşdüyünün fərqində olmalıdır.
Mən indi çox dərinə getmək istəmirəm. Çünki Təranə Məmmədin yaradıcılğı haqda əsas sözümü yaxın zamanlarda “ Sirr” romanı haqqında qələmə alacağım ədəbi –tənqiddə deyəcəyəm. İndi isə yazını Əlif Şəfəqin yazıçılığın 11 qaydası haqqında dediyi fikirlərlə tamamlayıram: “ …qaydaların heç birini nəzərə almadan yazın. Yazmağın qaydası yoxdur. Onun gözəlliyi budur. Hər kəsin bizdən almağa ixtiyar vermədiyimiz müstəqilliyin özüdür bu! Oxucuları unudun. Tənqidçiləri unudun. Hər kəsi unudun. Lap elə sizdən kənarda bir dünyanın mövcud olduğunu da unudun.
Ancaq yazın!

DogruXeber.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

image-huquq-az-logo