image-qanunla-reklam
image-hakim

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV MÜASİR MƏHKƏMƏ-HÜQUQ SİSTEMİMİZİN MÜƏLLİFİDİR

image-lady-day-az

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir.

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı ölkəmizdə yüksək səviyyəli yubiley tədbirləri keçirilməkdədir.

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilmişdir.

Bildiyimiz kimi, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.

Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

SSRİ-nin süqutunun qaçılmaz şəkil alması onun tərkibinə daxil olan bütün müttəfiq respublikalara müstəqillik əldə etmək imkanı yaratdı. Azərbaycan Respublikası 1991-ci il oktyabrın 18-də qəbul etdiyi “Azərbaycan Respublikasının Müstəqilliyi haqqında Konstitusiya Aktı” ilə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu bəyan edərək öz dövlət müstəqilliyini və suverenliyini beynəlxalq aləmə bildirdi. Həmin gün tariximizə dövlət müstəqilliyinin bərpası günü kimi daxil oldu. Ölkəmiz qısa müddətdə dünya birliyi dövlətləri və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaqla beynəlxalq hüququn subyektinə çevrildi.

Lakin xalqımız dövlət müstəqilliyini bərpa etsə də, bundan dərhal sonra onu itirmək təhlükəsi qarşısında qalmışdı – ölkə vətəndaş müharibəsi, milli dövlətçiliyin məhvi təhlükəsi ilə üz-üzə idi. Eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən torpaqlarımızın 20 faizi – Dağlıq Qarabağ və ətrafında olan Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilmiş, Qarabağın Azərbaycan əhalisi etnik təmizləməyə məruz qalmış, bir milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdü. İşğalçı Ermənistanın silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul olunsa da, onlar icrasız qalmışdı. Müharibə aparan ölkəmizin paytaxtında isə torpaqların itirilməsi təlaşı deyil, hakimiyyətə yiyələnmək hərisliyi yaşanır, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, tam özbaşınalıq hökm sürürdü. İqtisadiyyat iflic vəziyyətinə salınmış, meydan liderlərinin yürütdüyü yanlış xarici siyasət Azərbaycanı az qala müttəfiqsiz və arxasız qoymuşdu. Ölkənin idarə olunmasında, dövlət quruculuğunda heç bir təcrübəsi olmayan səriştəsiz şəxslərin hakimiyyətə gəlməsi vəziyyəti daha da ağırlaşdırmış, ölkədə sabitlik və əmin-amanlığın qorunması, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi unudulmuşdu.

Azərbaycan Demokratik Respublikasının ömrü cəmi 23 ay çəkdi, onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü isə daha qısa ola bilərdi.

Xalqın sonsuz rəğbətlə sevdiyi görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev həmin dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasına rəhbərlik edərək Muxtar Respublikanı erməni təcavüzündən və məhv olmaq təhlükəsindən qorumuşdu. Tarixi sınaq qarşısında qalmış xalqımız öz nicatını, qurtuluşunu yalnız Heydər Əliyevdə gördü və bütün nəzərlər böyük ümidlə ona – Ümum-milli liderimizə dikilmişdi. O, ölkənin və xalqın taleyində tarixi dönüş etməli idi. Milli dövlətçiliyimizi məhvolma təhlükəsindən yalnız Ümummilli lider xilas edə bilərdi. Belə ağır bir vəziyyətdə xalqın təkidli çağırışı ilə Ümummilli lider Heydər Əliyev 1993-cü il iyun ayının 15-də – sonralar Milli Qurtuluş Günü kimi tariximizə həkk olunacaq gündə Bakıya qayıdaraq, Azərbaycana rəhbərliyi, əslində isə xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Ümummilli liderin müdrikliyi, uzaqgörənliyi, dəmir iradəsi və qətiyyəti sayəsində Azərbaycan onu gözləyən dəhşətli bəlalardan qurtardı. Vətəndaş müharibəsinin qarşısı alındı. Ölkəni parçalanmaq təhlükəsi qarşısında qoymuş siyasi və iqtisadi böhran, separatçı meyllər, dövlət çevrilişi və terror cəhdləri xalqın öz milli liderinə inamı və onun ətrafında sıx birləşməsi nəticəsində aradan qaldırıldı. Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr zərərsizləşdirildi. Dövlətlə xalqın birliyi, yekdilliyi təmin edildi. Möhkəm ictimai-siyasi sabitlik bərqərar edildi. Milli Ordu quruculuğuna başlanıldı, cəbhədə atəşkəsə nail olundu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həlli istiqamətində mühüm tədbirlər görüldü. Dahi öndər milli dövlətçiliyi qorumaqla, gənc müstəqil respublikanı dünyada tanıtmaqla bərabər, onun sonrakı onilliklər üçün inkişaf kursunu da müəyyən etdi.

Yeni neft strategiyası işlənib hazırlandı, dünyanın ən iri neft şirkətləri ilə “Əsrin müqaviləsi” kimi məşhur olan böyük neft kontraktı imzalandı, Bakı-Tbilisi-Ceyhan neft , Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələri, tarixi İpək yolunun bərpası böyük diplomatik məharət və misilsiz əmək sayəsində reallığa çevrildi.

“Dövlət – dövlətçiliyi qorumalıdır” fikrini dönə-dönə vurğulayan Heydər Əliyevin ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparmaq üçün 1994-cü ilin avqustun 9-da imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı. İqtisadi inkişafa mane olan korrupsiyaya qarşı mübarizəyə başlanıldı.

İnsan haqlarının etibarlı qorunması dövlətin prioriteti kimi müəyyən edilərək respublikamız insan hüquq və azadlıqlarının təminatı sahəsində əsas beynəlxalq konvensiyalara qoşuldu. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq olunmağa başladı. İnsan hüquqlarının qorunmasına müstəsna əhəmiyyət verən Ümummilli liderimizin 1998-ci ildə imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı isə insan hüquqlarının təminatı sahəsində yeni mərhələnin əsasını qoydu. Bunun məntiqi davamı olaraq 28 dekabr 2002-ci il tarixli Konstitusiya qanunu ilə ölkəmizdə ilk dəfə İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) institutu yaradıldı. Pozulan insan haqlarının bərpasında mühüm rol oynayan bu müstəqil təsisatın statusunun Konstitusiya qanunu ilə müəyyən edilməsi dövlətimizin insan haqlarına sadiqliyinin növbəti təzahürü oldu.

Aparılan məqsədyönlü xarici siyasət kursunun və mütərəqqi islahatların nəticəsi olaraq, dövlətimiz nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən 2001-ci ilin yanvar ayının 25-dən Avropa Şurasının tamhüquqlu üzvü kimi dünya birliyində layiqincə təmsil olundu. Nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından məharətlə istifadə edilib xalqımızın haqq səsi, erməni terrorizminin iç üzü bütün dünyaya bəyan olundu. Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi.

1995-ci ildə Heydər Əliyevin bilavasitə sədrliyi ilə yeni Konstitusiya layihəsinin hazırlanması üçün komissiya yaradıldı. Qısa müddət ərzində komissiyanın gərgin fəaliyyəti nəticəsində tam təkmil, demokratik dəyərlərə və prinsiplərə uyğun konstitusiya layihəsi işlənilib hazırlandı. Həmin ilin noyabrın 12-də ümumxalq səsverməsi (referendum) ilə qəbul edilmiş Konstitusiyada hüquqi dövlətin bütün prinsipləri – qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olundu, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edildi. Konstitusiyanın ayrıca fəsli məhkəmə hakimiyyətinə həsr edilərək ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri, hakimlərin müstəqilliyi və toxunulmazlığı, habelə məhkəmə fəaliyyəti ilə bağlı digər məsələlər xüsusi vurğulandı. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən hüquqi islahatların hərtərəfl i və kompleks həyata keçirilməsinə rəvac verdi və bu məqsədlə müxtəlif komissiyalar yaradıldı.

1996-cı il 21 fevral tarixli Sərəncamla yaradılmış Hüquqi İslahat Komissiyasına rəhbərliyi bilavasitə öz üzərinə götürən Heydər Əliyev islahatların qısa müddətdə və mütəşəkkil aparılmasını təmin etdi.

Yeni mütərəqqi qanunlar, o cümlədən “Konstitusiya Məhkəməsi haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Prokurorluq haqqında”, “Polis haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və digər qanunlar, əvvəlkilərdən prinsipcə köklü surətdə fərqlənən Mülki və Mülki-Prosessual, Cinayət və Cinayət-Prosessual, Cəzaların İcrası və s. məcəllələr qəbul edildi. Bu qanunvericilik aktları beynəlxalq səviyyəli mütəxəssislər tərəfindən ekspertizadan keçirilməklə yüksək dəyərləndirildi.

Demokratik norma və prinsiplər nəzərə alınmaqla işlənilmiş və 1997-ci ildə qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanun, habelə məhkəmə islahatlarına dair proqram xarakterli fərman ölkəmizdə məhkəmə quruluşunun və fəaliyyətinin mahiyyətcə yeni modelinin bərqərar edilməsi prosesinin başlanğıcı oldu.

Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında Ümummilli lider Heydər Əliyev çıxışında demişdir:

“Komissiyanın sədri kimi şəxsən mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd – siyasi, hüquqi sənəd yaratmışıq.”

1999-cu ildə Ümummilli lider tərəfindən “Ədalət mühakiməsinin rəsmi embleminin təsviri”, “Hakimlərin xüsusi geyimi haqqında” və “Hakimlərin xidməti vəsiqəsi haqqında” Əsasnamələr təsdiq edildi. Hakim korpusunda yalnız yüksək nəzəri və peşə hazırlığına malik hüquqşünasların təmsil olunmasını təmin etmək məqsədilə dahi öndərimiz hakimliyə namizədlərin seçilməsi qaydasının təkmilləşdirilməsi barədə 17 yanvar 2000-ci il tarixdə ayrıca Fərman imzaladı.

Həmin Fərmana əsasən hakimlərin seçimində keçmiş sovetlər birliyindən miras qalmış ənənələrə, inzibati amilliyə və formal metodlara son qoyuldu. Buna uyğun olaraq Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifələrinə namizədlərin seçilməsi ilə əlaqədar zəruri tədbirlər görüldü, qabaqcıl təcrübələr öyrənilib ümumiləşdirildi və 2000-ci ildə “Azərbaycan Respublikasında hakimliyə namizədlərin seçilməsi qaydaları” təsdiq edildi. Dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimlərlə şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə imtahanlar keçirildi və nəticədə hakim korpusu yenilənmişdir.

Hazırda bütün hakim korpusunun 80%-dən çoxunu məhz bu mütərəqqi üsullarla seçilərək təyin olunmuş hakimlər təşkil edir.

2000-ci ilin sentyabr ayından əvvəlkindən prinsipcə köklü surətdə fərqlənən, birinci, apellyasiya və kassasiya instansiyalarından ibarət yeni üç pilləli məhkəmə sistemi fəaliyyətə başladı. Ulu öndər həmin il Vaşinqtonda beynəlxalq konfransda islahatlarımızı belə dəyərləndirmişdi: “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”. Bu bəyanatla Heydər Əliyev həm də bütün dünyaya ölkəmizin demokratik hüquqi dövlət quruculuğu yolundan dönməyəcəyi mesajını verdi.

Yeni qanunvericiliyə uyğun olaraq məhkəmələr üzərində hər cür nəzarətin ləğv olunması, insan haqlarının qorunması ilə bağlı ona müstəsna səlahiyyətin verilməsi məhkəmə hakimiyyətinin cəmiyyətdə nüfuzunu tam yeni səviyyəyə qaldırdı, insanlarda məhkəmələrin keçmiş sovetlər birliyindəki kimi “cəza orqanı” deyil, hüquq müdafiə vasitəsi olması düşüncəsi formalaşmağa başlandı.

Qeyd olunmalıdır ki, Azərbaycan fundamental insan haqlarına sadiqliyini bir daha nümayiş etdirərək postsovet məkanında qətimkan tədbiri kimi həbsin seçilməsi səlahiyyətini məhkəməyə verən və bununla da “Habeas Corpus” prinsipini tətbiq edən ilk dövlətlərdən oldu, demokratik məhkəmə nəzarəti institutu formalaşdırıldı.

Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, ümummilli lider kimi əbədilik qazanan Heydər Əliyevin rəhbərliyi ilə əsrə bərabər 10 il (1993-2003) ərzində Azərbaycan böyük və uğurlu inkişaf yolu keçdi. O inkişaf ki, sonrakı illərdə müstəqil Azərbaycanın daha da qüdrətlənməsi və tərəqqisi üçün möhkəm təməl rolunu oynadı. 2003-cü ilin oktyabr ayının 15-də keçirilən prezident seçkiləri Heydər Əliyev siyasi kursunun növbəti təntənəsi ilə başa çatdı, Azərbaycan xalqı böyük həmrəyliklə Ümummilli liderin siyasi varisi cənab İlham Əliyevi özünə rəhbər seçməklə böyük uğur və nailiyyətlərin möhkəm təməlini qoydu.

2020-ci il sentyabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışı zamanı Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşması barədə dünya birliyini yenidən xəbərdar etdi: “Ermənistan bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul edib… Biz BMT-ni və beynəlxalq ictimaiyyəti Ermənistanı növbəti hərbi təcavüzdən çəkindirməyə dəvət edirik. Təxribatların baş verməsinə və gərginliyin artmasına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Beləliklə, 2016-cı ilin Aprel döyüşlərindən, 2020-ci ilin İyul döyüşlərindən Ermənistanın hərbi-siyasi rəhbərliyi lazımi dərs çıxarmadı və vəziyyəti daha da gərginləşdirməyə davam etdi.

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti irimiqyaslı hərbi əməliyyatlara başlamasına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı işə düşdü, sonradan “Dəmir Yumruq” adını alan bu əməliyyat Vətən müharibəsinə çevrildi.

44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi. Azərbaycan Prezidenti 2020-ci il sentyabrın 27-də Vətən müharibəsinin gedişində xalqa ilk müraciətində bütün cəmiyyəti qəti qələbəyə köklədi: “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”.

2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə qızıl hərflərlə Zəfər günü kimi yazıldı. Prezident İlham Əliyev xalqa sayca yeddinci müraciətini Şəhidlər xiyabanından edərək Şuşa şəhərinin işğaldan azad olunmasını Azərbaycan xalqına, bütün dünya azərbaycanlılarına elan etdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! …Bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq… ”.

Vahid Hacıyev

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi,

Qarabağ Müharibəsi Qazisi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki