image-qanunla-reklam
image-1121969

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir

image-lady-day-az

Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.

Prezident cənab İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edərək şəhərə köçmüş ilk sakinlərlə görüşüdü.Otuz iki ildən sonra ilk dəfə olaraq Şuşa yenidən şəhərə köçmüş öz doğma sakinlərini qarşıladı. Çox sevindirici haldır ki, yaşlı və orta nəslin nümayəndələri ilə bərabər gənc nəsil də sevinclə öz torpaqlarına qayıdırlar. Bu, xalqımızın öz torpağına bağlılığından, sevgisindən irəli gəlir.İşğal dövründə ermənilər və xaricdəki Azərbaycana düşmən olan qüvvələr güman edirdilər ki, vaxt uzandıqca gələn nəsil öz torpaqlarını unudacaq, geri dönmək istəməyəcəklər.Onlar unudurdular ki, Azərbaycan xalqı öz torpağına bağlıdır və lazım gələrsə Vətən və torpaq uğrunda canlarından, qanlarından belə  keçməyə hazırdılar. Bu gün dünyada çətin və mürəkkəb siyasi proseslərin getdiyi bir vaxtda Azərbaycan reallaşdırdığı yerli və beynəlxalq layihələrlə sürətli və dinamik inkişaf nümunəsi ortaya qoyur.Azərbaycanın bütün regionlarında sürətli inkişaf göz qabağındadır.Müharibə başa çatdıqdan dərhal sonra bütün şəhər və kəndlərimizin bərpası və yenidən qurulmasına  başlanıldı.Şuşa şəhəri də təsdiqlənmiş Baş plana uyğun yenidən qurulur  və görülən işlər göz oxşayır. Bu gün Şuşada və digər şəhərlərimizdə həyata keçirilən layihələr dünya miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarına uyğun aparılır. Xüsusi vurğulanmalı məqam isə ondan ibarətdir ki, işğaldan azad olunan ərazilərimizdə insanların rahat yaşaması üçün bütün məqamlar nəzərə alınmışdır. Bütün layihələri icra edərkən, o cümlədən məşğulluq məsələlərinə də böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır ki, burada yerləşən insanların məşğulluq imkanları da olsun. İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunub. Bu müddət ərzində bu qədər işləri görmək Prezident İlham Əliyevin qətiyyətinin, dövlətimizin qüdrətinin göstəricisidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunan tarixi ərazilərimizdə həyata keçirilən Böyük Qayıdışa dair Dövlət Proqramı ilə yanaşı Azərbaycanın bütün regionlarında sosial-iqtisadi layihələrin icrasının davam etdirilməsi ölkəmizin artan iqtisadi gücünün göstəricisidir. İki gün bundan öncə Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşündə şəhidlərimizin xatirəsinə xüsusi ehtiramını çatdıraraq bildirdi ki, “Biz hazırlaşırdıq, ölkəmizi gücləndirirdik, iqtisadiyyatımızı gücləndirirdik, güclü ordu potensialı yaradırdıq. Ən önəmlisi gənc nəsli, – bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən, – yetişdirirdik və yetişdirdik. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq, şanlı Ordumuza borcluyuq, Silahlı Qüvvələrimizə borcluyuq, şəhidlərimizə, qazilərimizə borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin”. Bəli, həqiqətən də biz yaşadığımız bu qüruru, şərəfi onlara, onların şücaətinə, qəhrəmanlığına borcluyuq. Azərbaycan xalqı şəhidlərinin əziz xatirəsini hər zaman qəlbində yaşadır və yaşadacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Nəzərə alsaq ki, Birinci Qarabağ müharibəsi dövründə 15 minə yaxın şəhid verdik, amma torpaqlar da getdi.Vətən müharibəsində isə gənclərimiz həqiqi vətənpərvərlik nümayiş etirdilər. Onlar Vətən, torpaq uğrunda canlarını qurban verməkdən çəkinmədilər. Vətən müharibəsi Azərbaycan xalqına bir daha göstərdi ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olduqca önəmlidir. Bununla da dövlətimizin başçısı haqq-ədalətin danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, yumruq kimi birləşərək döyüş meydanında bərpa etdiyimizi, eyni zamanda yüzlərlə görüşün keçirilməsinə baxmayaraq təzavüzkar ölkənin və onun havadarlarının ucbatında məsələnin dinc formada həllini tapmamasını bir daha diqqətə çatdırdı.

 Zərdab Gənclər evi SXM-in metodisti-Cəlal Məcidli.

 

 

Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub.

Şuşalıların bir qismi 32 il sonra Şuşaya qayıtdı. 32 il əvvəl elə bu, bir az soyuq, bir az yağmurlu may günlərində, ölüm və əsirlik təhlükəsi qarşısında qalaraq Şuşanı tərk edən şuşalılar doğma şəhərlərinə bu qədər gec qayıdacaqlarını gözləmirdilər. Amma həyat belə gətirdi və burada “gec olsun, güc olsun” və ya başqa xalqların dediyi kimi, “heç vaxt olmamasındansa gec olması yaxşıdır” təsəllisi yada düşür. Bu illərdə çoxlarının əllərini Şuşadan üzdüyü dönəmdən də keçmişik. Məsələnin bir acı tərəfi də var: heç də hamı Şuşaya qayıda bilmədi və bilməyəcək. Yüzlərlə, bəlkə də minlərlə şuşalı həyatdan Şuşa nisgili ilə köçdü. Bu, insan faciəsidir. Şuşanı işğaldan azad edə bilməməyimiz isə dövlət və millət üçün faciə olardı. Şükür ki, belə olmadı. Qəhrəman oğullar, tədbirli sərkərdələr, qətiyyətli rəhbər Şuşanı geri aldı.  Cənab Ali Baş Komandan demişkən  “işimiz Şuşasız, Ağdamsız, Kəlbəcərsiz, Laçınsız yarımçıq qalardı” dedi və elədi,  bu iş yarımçıq qalmadı. Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günüydü. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günün möhnətini qəlblərində daşıyırdılar. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq. Bəli, azərbaycanlıların, şuşalıların Şuşaya dönməsi asan və tez başa gəlmədi. 44 günlük müharibə bir çoxlarına “ildırım sürətli müharibə” kimi görünə bilər, amma ona qədər 28 il boyunca əsəb gərən, sonu görünməyən “diplomatik müharibə” də getmişdi. Ən ümdəsi, biz o müharibədə bütün şərtlərin əleyhimizə olduğu bir vaxtda da haqqımızdan, qırmızı xəttimizdən geri durmadıq, təmkinlə, hövsələ ilə zəfər günümüzün başlanğıc anını gözlədik. Ən pisi o idi ki, Qarabağ münaqişənin sülh yolu ilə həlli planlarında Şuşa söhbəti yox idi. Hamı Şuşanı ermənilərə “verirdi”, vasitəçilərin planlarına görə, Ermənistan və Azərbaycan arasında sülh Azərbaycanın Şuşasız qalacağı təqdirdə baş tutmalıydı. Lakin Azərbaycan siyasətçiləri və hərbçiləri bütün məkrli planları pozdular. Son nəticədə şəhərin əsl sahibləri Şuşaya qayıtdılar. İşğaldan azad olunduğu vaxt Şuşa nə gündəydi, ilk görənlər bilir. Şəhər yarımxarabalıq bir yer idi. Ermənilər 28 il ərzində bu şəhrdə yalnız iki cüt, bir tək bina tikmişdilər o, da şəhərdə qarnizon qurmuş hərbçilərin ehtiyacları üçün.Salamat qalmış evlərə soxulanlar da vardı. Onların Şuşanın azad edilməsindən bir neçə gün əvvəl darvazalara rusca “Ev ucuz qiymətə satılır” elan yapışdırmaları da qəribəydi. Görəsən, azərbaycanlı Kərimin, Yadigarın, Hikmətin evini kimə satmaq istəyirdilər? Ancaq o sövdələr baş tutmadı və Prezident demişkən, 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. O noyabrın 8-i, bu da mayın 8-i. Birində Şuşa azad olundu, o birində şuşalılar səkkiz guşəli ulduzu olan bayraqlarımızla bəzənmiş Şuşaya döndü. Bundan sonrası asandır, Şuşada əzəmətli, ultra-müasir binalar tikiləcək. Şuşa mədəniyyət və turizm mərkəzinə, istirahət məkanına çevriləcək.  İnşallah, həm Azərbaycanın, həm də Şuşanın başı üzərindəki qara buludlar əbədiyyən dağılıb. Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, ancaq dumanın zərəri yoxdur, təki qara bulud, dolu olmasın. Bu sevinc tək Şuşada yox Laçında, Füzulidə, Zəngilanda da qeyd olunur, 32 il Vətən həsrəti kəçən insanlar öz dədə-baba yurdlarına qayıdır bu sevincim həddi-hüdudu sözlə ifadə edilə bilmiyəcək qədər böyükdür. Bu,sevinci Kəlbəcərdə, Cəbrayıllda və digər alınmış torpaqlarımızda görəcəyinə əminəm. Əlbəətdə bizə bu sevinci yaşadan Müzəffər Ali Baş Komandanı və Azərbaycanın mərd oğullarını unutmaq olmaz, Biz hər zaman onlara borcluyuk. Qarabağ Azərbaycandır!

Zərdab Gənclər evinin psixoloqu – Cəvahir Murtuzayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki