Son vaxtlar ölkəmizdə bodibildinq və fitnes populyar idman növünə çevrilib. Sumqayıt idmançıları da bu idman növündə ardıcıl olaraq beynəlxalq yarışlardan medallarla vətənə dönürlər. Bu məqsədlə Sumqayıt Bodibildinq və Fitnes Federasiyasının prezidenti Rəşad Xudaverdiyevdən müsahibə aldıq. Müsahibəni oxucularımıza təqdim edirik:
– Rəşad müəllim, ölkəmizdə bodibildinq idman növünün inkişafı ilə bağlı nə deyə bilərsiz?
– Ölkəmizdə bu idman növü böyük sürətlə inkişaf etməkdədir. Buna səbəb yeni fitness zalların açılması, insanların sağlam və gözəl görsənmək isdəkləri, federasiyanın aktivliyi və smm-in təsirin gösdərmək olar. İdmançılar öz şəxsi səhifələrindəki aktivlik bu idmanın inkişafın sürətləndirir. Federasiyamızda başda Rauf Bünyatəliyev olmaqla çox düzgün və planlı işləri bu idmanı ölkəmizdə çox papulyar edib. Hər dünya və Avropa çempionatlarında yığmamızın geniş heyətlə çox böyük nəticələr gösdərir.
– Sumqayıt idmançıları son zamanlar hansı uğurlara imza atıblar?
– Sumqayıt yığması da bu aktivlikdən geri qalmır. Avropa çempionatında Tərlan Əliyev həm gənclər, həm kişilər arasında çempion olub. Əhməd Quliyev isə gümüş medalla yarışı bitirib. Sonuncu dünya çempionatında Əhməd Quliyev həm gənclər, həm kişilər arasında çox böyük nəticə gösdərərək qızıl medal qazanıb. Tərlan Əliyev isə öz kateqoriyasında gümüş medalla yarışı yekunlaşdırıb.
– Tələbələrinizdən Tərlan Əliyev və Əhməd Quliyevin uğurları hər birimizi sevindirir. Sizcə onların bu uğurları nəyin sayəsindədir?
– İdmançıların bu uğuru federasiyanın məşqçi heyətinin qurduğu uğurlu strategiya və idmançıların şəxsi əzmkarlığının nəticəsidir.
– Sizcə, bu idman növünün ölkəmizdə daha da populyar olması üçün hansı addımlar atılmalıdı?
– İdmanın bu növünün daha populyar olması üçün mütləq hər bir məşqçi və sahibkar bu idmana lazımı qədər diqqət etməlidir. Yəni işinin peşəkarı olmalıdır. Bəzi catışmayan səbəblər də var, misal üçün idmançılara bu idman növündən qazanc əldə edən şirkətlər yardım etsələr xeyli işimiz rahatlaşar. Bir infrastruktur yaranmasına ehtiyac var. Nazirlik yığmanı böyük heyətlə yarışa getməsini və bəzi xərcləri öz hesabına qarşılayır. Bu az məbləğ deyil. Ancaq özəl şirkətlər də idmançılara diqqət artırsa yaxşı olar.
– Hazırda bu idman növü dəb halını alıb. Buna səbəb nədir?
– Bu idman növünün dəb halına düşməsi insanların sağlam olmaq isdəklərindən əmələ gəlir. Bu tendensiya bütün dünyada müşahidə olunur. İnsanlar artıq başa düşür ki, uğurun əsas səbəblərindən biri sağlam və formada olmaqdı.
– Gələcəkdə bu idman növü ilə məşğul olmaq istəyən gənclərə nə kimi tövsiyyələriniz var?
– Mən gənclərə tövsiyyə edərdim ki, tələsməsinlər. Nəticə vaxt və əzm istəyir. Bu həm xarakter formalaşdıracaq, həm də həyat tərzinə çevriləcək.
– Gələcəkdə Sumqayıt şəhərində bu idman növünün inkişafı ilə bağlı hansı planlarınız var?
– Planlarımız çoxdur, reallaşdırmağa çalışırıq. Müəyyən çətinliklər var amma öhdəsindən gələcəyik. Əzmkar olmaq lazımdır, səhv istiqamətdə gedən hərəkətlərin qabağın alıb inkişaf edəcəyik inşallah. Bu işdə bütün bodibildinq ailəsinə uğurlar arzulayıram.
– Rəşad müəllim, maraqlı müsahibəyə görə sizə təşəkkür edirəm.
– Ümid edirəm ki, maraqlı müsahibə alındı. Diqqətinizə görə minnətdaram.
Müsahibəni hazırladı Orxan Rasifoğlu






























