image-qanunla-reklam
image-713ead4a-9c6e-31db-9f6a-4c7e8b4a3d21_850

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir

image-lady-day-az

Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir

Ölkə başçımız dekabrin 24-də Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşündə  Azərbaycanla bağlı bir çox strateji prioritetləri qeyd etdi.  Prezident İlham Əliyev 19 illik  rəhbərlik  dövründə Qarabağ və Şərqi Zəngəzurun erməni işğalından azad edilməsi ilə yanaşı, Qərbi Azərbaycanın məsələsini də gündəmdə saxlamışıdr. Ən müxtəlif platformalarda, görüşlərdə Qərbi Azərbaycan mövzusunu səsləndirmişdir.  Ulu Öndər Heydər Əliyev 1994-cü ildə  Böyük Britaniya Kral Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı qeyd etmişdir ki, “Əgər tarixi faktları araşdırmalı olsaq, onda xatırlatmalıyam ki, indiki Ermənistan ərazisi vaxtilə Azərbaycan torpaqları idi. Bir vaxtlar bu yerlər Azərbaycana məxsus olmuş, lakin 1918-1920-ci illərdə Ermənistana keçmişdir. Bir sözlə, tarixə müraciət etməli olsaq, onda görərik ki, Ermənistan Azərbaycana çox şey qaytarmalıdır. Amma indi mən onu deyirəm ki, biz Ermənistan ərazisinə, mövcud sərhədlərə göz dikməmişik, onların iddiasında deyilik. Bununla bərabər, biz öz ərazimizin bir metrini də verməyə razılaşa bilmərik”. Prezident İlham Əliyev isə bu ədlətsizliyin təkcə Aazərbaycan və azərbaycanlılara deyil, həm  də bürövlükdə Türk dünyasına vurulan zərbə kimi qiymətləndirir. 2015-ci ildə Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının V Sammitində bildirmişdir ki, “Nəinki Dağlıq Qarabağ, eyni zamanda, qədim türk torpağı olan Zəngəzur da bizim əzəli torpağımızdır. XX əsrin əvvəllərində Zəngəzuru Azərbaycandan ayırıb Ermənistana verməklə əslində bütün türk dünyasının coğrafi bağlılığını artıq aradan götürüblər”. Lakin artıq reallıq dəyişib. İki bundan əvvəl Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağı, Şərqi Zəngəzuru erməni işğalından azad etməklə  bölgədə, Cənubi Qafqazda yeni vəziyyət yaratdı.

Görüş zamanı, Qərbi Azərbaycanın tarixi torpaqlarımız olmasını faktlarla əsaslandıran ölkə başçımız bir daha vurğuladı ki “ Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.

Nailə Əliyeva Zərdab rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Vətən Müharibəsindən sonra baş verən hərbi əməliyyatlar, xüsusi ilə, sonuncu sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaqdır

Bəli, dövlətimizin başçısının da vurğuladığı kimi, bu sahədə təbliğat və təşviqat işləri aparılmalı, müxtəlif  müstəvilərdə  görüşlər, forumlar keçirilməli, soyqırım faktları dünya ictimaiyyətinə çatdırılmalıdır.   Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının fəlaiyyət istiqamətlərini də göstərdi. Qərbi Azərbaycan İcmasının çox mötəbər bir rəqəmsal platforması olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır. Bütün informasiya resursları məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparılmalıdır və bunun əsas hədəfi bizim qayıdışımızdır.Qayıdış Konsepsiyası hazırlanmalıdır. Bu sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik.  Həmçinin rəsmi İrəvanın tarixi saxtakarlığı ifşa olunmalı, Azərbaycan xalqının tarixi irsinin necə dağıdılğı  beynəlxalq arenaya çıxarılmalıdır. Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar.

Ölkə başçısı bir daha qeyd etdi ki, Vətən Müharibəsindən sonra baş verən hərbi əməliyyatlar, xüsusi ilə, sonuncu sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaqdır: “Çünki Ermənistanda revanşist qüvvələr baş qaldırır. Çünki Ermənistanda cəmiyyətin şüuru o qədər zəhərlənib, azərbaycanofobiya o qədər geniş vüsət alıb ki, orada faktiki olaraq normal düşüncəyə malik olan qalmayıb. Ona görə onlar revanş fikri ilə yaşayırlar. Onlar yenə də ümid edirlər ki, kimsə gələcək onların əvəzinə bizimlə müharibə aparacaq, onlar da hər zaman olduğu kimi, hansısa himayədarın arxasında gizlənərək yenə də bizə qarşı öz məkrli planlarını həyata keçirəcəklər”. Bir daha qeyd etmək lazımdır ki, dğvlətimizin  əldə etdiyi  həm hərbi, həm siyasi uğurları gələcək üçün zəmin yaradır. Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər  bilməlidirlər ki,  bizi heç kim və heç nə dayandıra bilməz.

Ölkə başçısı qeyd etdi ki, biz hər zaman həqiqəti deyirik. Azad edilmiş torpaqlara gələn 10 minlərlə xarici vətəndaş bu gün artıq öz gözləri ilə görür ki, xalqımız hansı vəhşiliklərə məruz qalıb. Bu gün orada gedən genişmiqyaslı quruculuq işləri bir daha xalqımızın iradəsini göstərir. Yenə də deyirəm, Ağalı kəndinin timsalında biz xalqımızın tarixi yaddaşını görürük. Çünki oranı heç vaxt görməyən uşaqlar, gənclər oraya qayıdıblar. Əminəm ki, biz eynisini Qərbi Azərbaycanda da görəcəyik.

Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal

 

Qərbi Azərbaycandan deportasiya beynəlxalq aləmin gözü qarşısında baş verib

Qərbi Azərbaycan məsələsi bu gün dünyanın nə qədər ədalətsiz olduğunu göstərən növbəti faktlardan biridir. Təəssüf ki, XX əsr boyu azərbaycanlıların deportasiyası və Qərbi Azərbaycandan didərgin salınmaları beynəlxalq aləmin gözü qarşısında baş verib. Azərbaycan əleyhinə informasiya terroru həyata keçirənlər Qərbi Azərbaycanda xalqımızın yaşadığı faciələri görməzdən gəlirlər. Eyni zamanda, əsr boyunca azərbaycanlıların tarixi torpaqlarımızdan çıxarılmağı Ermənistanın faşist niyyətlərini daha da alovlandırdı. Hazırda Qərbi Azərbaycanda abidələrimiz, dini tikililər kütləvi şəkildə Ermənistanın terroruna məruz qalır. Vandal Ermənistandan fərqli olaraq Azərbaycan Qərbi Azərbaycana topla, tüfənglə qayıtmayacaq. Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışın konturlarını dəqiq müəyyənləşdirib.

Qərbi Azərbaycan İcmasının binasının açılışı siyasi, tarixi və rəmzi məna daşıyır. Bu binanın əvvəllər Qarabağın Azərbaycanlı İcmasına məxsus olması xüsusi əhəmiyyətə malikdir. Qarabağı işğaldan azad edən Azərbaycan xalqı tarixi Qərbi Azərbaycan torpaqlarında öz yurd-yuvasına da geri dönüş edəcək.

2010-cu il iyulun 6-da Qarabağın azərbaycanlı icmasının mənzil-qərargahının açılışında çıxış edən Prezident İlham Əliyev deyib: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Bugünkü reallıq ölkə Prezidentinin sözlərinin həqiqətə çevrildiyini göstərir. Ona görə də Prezident İlham Əliyevin doğum günündə növbəti dəfə Qərbi Azərbaycanla bağlı verdiyi mesajlar bütün xalqımız üçün həm də bir siqnaldır. Qərbi Azərbaycan məsələsinin aktual qalmağı üçün hər bir vətəndaşımız, xaricdəki soydaşlarımız daim dinamik fəaliyyət göstərməlidirlər.

Bundan sonra Qarabağın Azərbaycanlı İcmasının binası Qərbi Azərbaycan İcmasının binası kimi fəaliyyətini davam etdirəcək. Bu, həm rəmzi məna daşıyır, həm də Azərbaycanın bütün bölgədə yaratdığı yeni reallıqları və hədəfləri ifadə edir. Qərbi Azərbaycan məsələsi növbəti tarixi dövr üçün ölkəmizin gündəminə ən mühüm, ərazilərimizin işğaldan azad edilməsi kimi taleyüklü bir məsələ ilə birlikdə daxil olur. Bütün vətəndaşlarımız Qərbi Azərbaycana mütləq qayıdacağımızın fərqindədirlər və dövlətimizin yanındadırlar.

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

 

Ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin edəcəyik

Qərbi Azərbaycan azərbaycanlıların tarixi və əzəli torpağıdır. Burada yaşayan azərbaycanlılar zaman-zaman etnik təmizlənməyə məruz qalmış, öz doğma torpaqlarından didərgin düşməyə məcbur edilmişdir. Son etnik təmizləmə 1988-1991-ci illərdə baş vermişdir. Ermənilər düşünülmüş şəkildə 300 minə yaxın azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət etmiş, dağıtmış və xarabalığa döndərmişlər. Soydaşlarımızın tərk etdikləri yaşayış məntəqələrinin əksəriyyətində indi yaşayış yoxdur və xarabalığa çevrilmiş şəkildə qalmaqdadır. Bu, o deməkdir ki, Qərbi Azərbaycan özünün əzəli sakinlərinin yolunu gözləyir. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır. Qarabağı düşmən işğalından azad etməyimizdən sonra heç oranı görməyən azərbaycanlıların öz doğma yurdlarına qayıtmağına olan ruh yüksəkliyi bu fikri söyləməyimizə imkan verir. Bu bölgənin bütün nümayəndələri doğma yurdlarına qayıtmağı səbirsizliklə gözləyirlər.

Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan qalib ölkəyə çevrilib, uzun illər ermənilər tərəfindən işğala məruz qalmış torpaqlarımız özümüzə qaytarılıb. Torpaqlarımız erməni işğalı altında olduğu dövrdə, yəni, 2010-cu ildə Prezident İlham Əliyev Qarabağ icmasının binasının açılışı zamanı qeyd etmişdi: “Bu, sizin üçün müvəqqəti bir qərargahdır. Torpaqlarımız işğalçılardan azad olunandan sonra sizin üçün yeni gözəl binalar Qarabağda tikiləcəkdir. Mən buna şübhə etmirəm və tam əminəm ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, bu ədalətsizliyə son qoyulacaqdır. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyü bərpa olunacaqdır”. Artıq bu məsələ həllini tapdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz 44 gündə ermənilərin 30 illik işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu gün isə işğaldan azad edilən ərazilərimiz yenidən qurulub bərpa olunur, oraya Böyük Qayıdış həyata keçirilir. Vaxtilə öz doğma yurdlarından qaçqın düşmüş vətəndaşlarımızın mərhələli şəkildə yurdlarına qaytarılmasına başlanılıb. Prezident İlham Əliyev keçmiş məcburi köçkünlərimizin arzularını reallaşdırır və ermənilərin 30 ildə xaraba qoyduğu yurd yerlərimiz bərpa edilərək yenidən cənnətə çevrilir.

Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycan İcması üçün inzibati binasında yaradılmış şəraitlə tanış olduqdan sonra Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşərək onların qarşısına mühüm vəzifələr qoydu. Əslində, bu vəzifələr qaçqınlarımızın doğma yurdlarına qayıtmaları üçün müəyyən olunmuş yeni hədəflərdir. Bu mənzil-qərargah Qərbi Azərbaycanın tarixini və azərbaycanlıların üzləşdiyi ədalətsizlikləri və fəlakətləri dünya ictimaiyyətinə tanıtmaq baxımından mərkəz rolunu oynayacaq. Qərbi Azərbaycanda ermənilərin törətdikləri vandallıqları, tarixi, dini və mədəni abidələrin necə məhv edildiyini dünya ictimaiyyəti bilməlidir. Biz öz ədalətli mövqeyimizi dünyaya çatdırmaqla Qərbi Azərbaycana qayıdışımızı təmin etməliyik. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Aprel əməliyyatından sonra artıq Naxçıvan dağlarını, məcburi köçürülmüş yaşayış məntəqələrimizi binoklsuz görə bilirik. Təbii ki, bu başlanğıcdır. Hədəf isə Qərbi Azərbaycana qayıtmaqdır.

Cavid Nuriyev – Zərdab şəhər sakini, fəal gənc

 

Tezliklə biz “Qərbi Azərbaycan Azərbaycandır!” söyləyəcəyik

Azərbaycan tarix boyu zaman-zaman torpaqlarının parçalanaraq qonşulara verilməsinə, bu ərazilərdə yeni dövlətlərin qurulmasına və daha sonra həmin ölkələr tərəfindən soydaşlarımıza qarşı kütləvi repressiyalar, sürgünlər, soyqırımlar və nəhayət anti-Azərbaycan kampaniyalarının aparılmasına şahidlik edib. Belə acı tarixlər yaşamış Azərbaycan torpaqlarından bir hissəsi də vaxtilə azərbaycanlıların yaşadığı, milli-mənəvi dəyərlərimizin yaşadıldığı, milli bayramlarımızın qeyd edildiyi, əhalisi Azərbaycan dilində danışdığı və əsl azərbaycanlı kimi düşündüyü qədim İrəvan, Göyçə, Zəngəzur, Ağbaba torpaqları olmuşdur.

1918-1921-ci illərdə Rusiya imperiyası tərəfindən qədim Azərbaycan torpaqlarını düşünülmüş şəkildə indiki Ermənistana verilməsi ilə Vətən torpaqlarımız Qərbi Azərbaycan torpaqlarına çevrildi. Eyni zamanda, tariximizdə silinməz izi olan Göyçə gölü Sevan gölü, tarixi adlarımız heç bir tarixə söykənməyən və heç bir kökü olmayan erməni adları ilə əvəz olundu. Bütün bunlara baxmayaraq, biz Qərbi azərbaycanlılar öz tariximizi heç zaman unutmamış, öz ata-baba yurdumuzdakı adları hər zaman öz tarixi adları ilə çağırmışıq. Bu gün coğrafi ərazi olaraq qonşu və düşmən dövlətin ərazisində qalan tarixi mahallarımız olan Ağbaba, Dərələyəz, Göyçə, Zəngibasar, Pəmbək, Qaraqoyunlu, Qırxbulaq, Sərdarabad, Şörəyel və nəhayət Zəngəzur biz azərbaycanlıların qədim ata-baba torpaqlarıdır.

Bu gün o torpaqlarda babalarımızın məzarları var və Azərbaycanda yaşayan Qərbi azərbaycanlıların hər biri hər zaman öz tarixi torpaqlarının, doğma yurdlarının həsrətini çəkir. “Biz heç zaman ümidimizi itirməmişik, hər zaman o torpaqlara qayıdacağımız günü gözləmişik. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Babamın məzarını ziyarət etməklə, eyni zamanda, ürəyimdə olan sözləri dedim. Baxmayaraq ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm”, – deməsi biz Qərbi azərbaycanlıları tarixi torpaqlarımıza tezliklə qayıdacağımıza daha da ümidləndirdi və inandırdı. Dövlətimizin başçısının Qərbi Azərbaycan İcmasının inzibati binasında çıxışı hər bir Qərbi azərbaycanlı üçün yol xəritəsinə çevrildi. Xüsusilə görüşün dekabrın 24-də baş tutması düşünürəm ki, heç də təsadüfi deyil. Biz, bütün Qərbi azərbaycanlılar əminik ki, belə tarixi görüşlər tezliklə tarixi torpaqlarımızda təşkil olunacaq. Bizim hər birimiz “Qarabağ Azərbaycandır!” deyimini “Qərbi Azərbaycan Azərbaycandır!” ifadəsi ilə birləşdirəcəyik.

Həsən Abulov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədr müavini

 

Prezidentin Qərbi azərbaycanlılarla bağlı fikirləri xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə səsləndirdiyi fikirlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılandı.

Görüşdə milli maraqlarımız kontekstində görülən və görülməsi vacib olan işlərə toxunan dövlətimizin başçısı Qərbi Azərbaycana qayıdışla bağlı mühüm fikirlər səsləndirib: “İrəvan və digər tarixi torpaqlarımıza qayıdışla bağlı göstərdiyi əzm də hər bir azərbaycanlı tərəfindən təqdirlə qarşılanmaqdadır. Prezidentin məlum çıxışı göstərdi ki, Azərbaycan öz haqqını sona qədər bərpa etməkdə qərarlıdır. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın cari ilin sentyabr ayında Ermənistanla sərhəddə həyata keçirdiyi hərbi əməliyyatlar da bunu təsdiq etdi. Bu fakt bir daha göstərdi ki, Azərbaycan təhlükəsizlik və ərazi bütövlüyü məsələsində heç kimə güzəştə getmək niyyətində deyil.

Prezidentin də qeyd etdiyi kimi, biz bu ilin sentyabr ayında həyata keçirdiyimiz hərbi əməliyyatlar sayəsində öz təhlükəsizliyimizi daha etibarlı şəkildə təmin edəcək mövqelərə yiyələndik. Bu mövqelər bizə imkan verir ki, nəinki öz təhlükəsizliyimizi təmin edək, həm də qarşı tərəfin mövqelərini, onun hər bir hərəkətini diqqətdə saxlayaq. Bu baxımdan ordumuzun sadəcə Vətən müharibəsindəki deyil, ondan sonrakı əməliyyatları da olduqca əhəmiyyətlidir”.

Dövlət başçısının çıxışı dünyadakı mövcud reallıqlar və bu reallıqlara hazır olmaq baxımından da əhəmiyyətlidir. Prezident İlham Əliyev məlum çıxışında onu da bildirdi ki, işğal dönəmində onda dünyada ədalətin olmadığı ilə bağlı fikir formalaşmışdı. Lakin Azərbaycan dövləti, xalqı, Ordusu dünyadan gözlədiyi bu ədaləti özü yaratdı. Şəhidlərimizin, qazilərimizin, xalqımızın və dövlətimizin fədakarlığı sayəsində Azərbaycan erməni faşizmini məğlub edərək ərazi bütövlüyünü təmin etdi. Bununla bütün dünyaya göstərdi ki, o, öz haqlı mübarizəsindən imtina etmək fikrində deyil və öz haqqını nəyin bahasına olursa-olsun qoruyacaq.

Vətən müharibəsindən sonra Ermənistanda revanşist qüvvələrin aktivliyi müşahidə olunmaqdadır. Dövlət başçısı da qeyd etdi ki, Ermənistanda həm iqtidar, həm də müxalifət arasında bu cür qüvvələr mövcuddur. Lakin Ermənistan və onun xaricdəki havadarları bilməlidirlər ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mümkünsüzdür və bu danışıq ritorikası heç vaxt səmərə verməyəcək. Azərbaycan Ordusu hərb meydanında öz sözünü deyib və bundan sonra da deməyə hazırdır. Erməni faşizminin hər cür təzahürü bundan sonra da qətiyyətlə məhv ediləcək.

Azərbaycanın güclü ordusu, güclü sərkərdəsi var. Azərbaycan xalqı öz dövlətinin, öz Prezidentinin yanındadır və öz vətənini qorumaq üçün hər cür fədakarlığa hazırdır”.

Cavid Məlikov – Zərdab şəhər sakini, fəal gənc

 

Prezident İlham Əliyevin fikirləri Qərbi Azərbaycan İcmasının yol xəritəsini müəyyənləşdirdi

Dekabrın 24-də Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında ölkəmizin ictimai-siyasi həyatında fəal iştirakı ilə tanınan bir qrup insanla görüşdü. Görüşdə dövlətimizin başçısının söylədiyi nitqdəki hər bir fikrinin arxasında böyük bir proqram dayanır.

Dekabrın 16-dan bəri Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi mitinqlər dünya ictimaiyyətinin də diqqətindədir. “Həqiqətən də biz ekofəalların, vətəndaş cəmiyyəti nümayəndələrinin aksiyasını çox yüksək dəyərləndiririk. Bu mənada, Prezident İlham Əliyevin çıxışında düşündürən bir məsələ varsa, o da Qarabağ məsələsinin tamamilə tənzimlənməsi və bitməsidir. Amma bəzi məsələlər var ki, onlar – Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması, Azərbaycanın ayrılmaz parçası olan, ölkəmizin beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazilərində baş verən vəhşiliklər sona yetməyib”, – deyə M.İbrahimqızı əlavə edib.

Bütün bunlar bizim təbii hüquqlarımızdır. Bilirik ki, sülh sazişi imzalanarsa, məsələlər öz həllini taparsa və ən vacibi, Zəngəzur dəhlizi açılarsa, bölgədəki normallaşma prosesi demək olar öz qaydasına düşəcək. Prezident İlham Əliyev çıxışında vurğuladı ki, bölgədə sabitliyin olmamasında maraqlı ölkələr sırasında Ermənistan öndə gedənlərdən deyil. Bu bölgədəki vəziyyəti ağırlaşdıran, yenidən alovlandırmağa çalışan bir çox digər ölkələr var.

Prezident İlham Əliyev illər boyu fəaliyyətində təkcə Qarabağ uğrunda mübarizə aparmayıb, ən mötəbər tədbirlərdə, ən mürəkkəb vəziyyətlərdə heç kimdən çəkinmədən dünyaya bəyan edib ki, İrəvan, Zəngəzur, Göyçə Azərbaycan torpaqlarıdır. Necə ola bilər ki, biz 1991-1993-cü illərdə işğal olunmuş torpaqlarımızı erməni işğalından azad edək, ancaq ondan bir neçə il əvvəl tarix boyu Azərbaycanın dədə-baba yurdu olan Zəngəzur, Göyçə, İrəvan qaytarılmasın? 1988-1991-ci illərdə azərbaycanlılar Qərbi Azərbaycanda 170 kənddən deportasiyaya məruz qalıblar. Azərbaycan xalqının tarixi torpaqlarında – Qərbi Azərbaycanda erməniləşdirmə siyasəti aparılıb. Prezident İlham Əliyev bunu çox qətiyyətlə vurğuladı və dedi ki, biz o torpaqları top-tüfənglə almaq niyyətində deyilik, ancaq o ərazilərdən deportasiya olunmuş soydaşlarımızın hüquqlarının tam bərqərar olunması üçün nə lazımdırsa edəcəyik. Bunu bütün dünya bilməlidir.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının yol xəritəsini daha detallı müəyyən etdi. Dövlətimizin başçısı tapşırıqlarını verdi ki, bu İcma həm ölkə daxilində, həm də xaricdə, beynəlxalq təşkilatlarda böyük əks-səda doğuracaq layihələr həyata keçirməlidir. Yəni, İcma Qərbi Azərbaycanda tarix boyu, əsrlər boyu azərbaycanlıların var olduğunu sübuta yetirən layihələr həyata keçirməlidir və bunu beynəlxalq təşkilatlara tanıtmalıdır.

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc

 

Qərbi Azərbaycanda soydaşlarımızın yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb

Prezident İlham Əliyevin dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir qrup ziyalı ilə keçirdiyi görüşdə mən də iştirak edirdim. Həmin görüşdə dövlətimizin başçısı istər daxili auditoriyaya, istərsə də beynəlxalq aləmə çox ciddi mesajlar verdi və Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətlərini müəyyənləşdirdi. Bir yazıda həmin çıxışın bütün aspektlərinə toxunmaq mümkün olmadığı üçün tarixçi kimi, bəzi məqamlar üzərində qısaca dayanacağam.

Prezident İlham Əliyev tarixə müraciət edərək bu gün Ermənistan Respublikası adlanan dövlətin tarixi Azərbaycan torpaqlarında mövcudluğunu, bunu təsdiqləyən sənədlərin və xəritələrin əlimizin altında olduğunu və dünya ictimaiyyətinin bütün bunları bilməsinin vacibliyini bildirdi. Dövlətimizin başçısı dedi: “Erməni xalqı nə vaxt bizim torpaqlarımıza köçürülüb? Hamımız yaxşı bilirik. Qarabağa nə vaxt köçürülüb? Zəngəzura nə vaxt köçürülüb? Kim tərəfindən köçürülüb? Necə köçürülüb və hansı məqsədlə köçürülüb? Hamısını yaxşı bilirik. Onların bizim ərazimizdə, Cənubi Qafqazda heç vaxt dövləti olmayıb. Əgər nə vaxtsa olubsa, – hələ bəlli deyil kimin dövlətini onlar öz adlarına çıxmaq istəyirlər, – bu, başqa yerdə olub. Ona görə, biz bunları mütləq məqsədyönlü şəkildə, təşkilatlanmış qaydada, düzgün formada təqdim etməliyik. Əminəm ki, buna nail olacağıq”.

Dövlətimizin başçısı tariximizin qara səhifələrinin unudulmamasını da tövsiyə etdi və həmin səhifələri bir-bir incəliklə vərəqlədi. 1918-ci ildə Xalq Cümhuriyyəti tərəfindən İrəvanın yeni qurulan Ermənistan dövlətinə paytaxt kimi güzəştə gedilməsinin tarixi cinayət olduğunu və bu güzəştin ermənilərin növbəti iddialarının baş qaldırmasına səbəb olduğunu vurğuladı. 1920-ci ildə sovet hökumətinin qərarı və erməni millətçilərinin təkidi ilə Zəngəzurun Azərbaycandan ayrılıb Ermənistana verilməsini növbəti tarixi cinayət adlandırdı. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi qiymətləndirdi. O xalqa ki, İkinci Dünya müharibəsində Sovet İttifaqının qələbəsini Azərbaycan nefti təmin etmişdi. 1987-ci ilin payızında Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından sonra Moskvanın himayədarlığı ilə erməni millətçiliyinin baş qaldırması nəticəsində azərbaycanlıların üç il ərzində Ermənistandan deportasiyasını xalqımıza qarşı növbəti cinayət kimi xarakterizə etdi. Daha sonra Qarabağın və Şərqi Zəngəzurun işğalı ilə 30 il ərzində növbəti faciələrimizi yaşadıq. Dövlətimizin başçısı xalqımızın əyilmədiyini, sınmadığını, güc toplayaraq 2020-ci ildə düşmənlərimizi torpaqlarımızdan qovaraq ərazi bütövlüyümüzü bərpa etdiyimizi bildirdi.

Prezident İlham Əliyev dünya ictimaiyyətinin diqqətini bəzi xarici qüvvələr tərəfindən himayə görən erməni xalqının istər işğal illərində Azərbaycan ərazisində, istərsə də Qərbi Azərbaycanda törətdiyi cinayətlərə – məscidləri, qəbirləri, tarixi abidələri dağıtmaları faktlarına yönəltdi və bu cinayətləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların görməzdən gəldiklərini qeyd etdi. İndiki Ermənistan ərazisində ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı Qərbi Azərbaycan İcmasının qarşısında bir vəzifə kimi qoydu.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur

Tarixi İrəvan şəhəri dörd hissədən ibarət idi: İrəvan qalası, Bayır şəhər, Təpəbaşı və Dəmirbulaq məhəllələri. İrəvan qalasında və oradakı bütün tikililərdən əsər-əlamət qalmayıb. Bu gün ermənilərin Respublika meydanı adlandırdıqları ərazidə Zal xan meydanı, Zal xan məscidi və Zal xan hamamı yerləşirdi. 2003-cü ildə həmin meydanda aparılan qazıntı zamanı Zal xan məscidinin və Zal xan hamamının qalıqları meydana çıxdı. Tələsik üstünü basdırdılar ki, bu tikililərin bizlərə məxsus olduğu aşkarlanmasın. Dəmirbulaq məhəlləsini indi Karanki Tağ adlandırırlar və orada azərbaycanlıların evlərində hazırda ermənilər məskunlaşdırılıblar. Təpəbaşı məhəlləsindəki izimizi silmək üçün Ermənistan hökuməti yeni proqram həyata keçirir.

Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi və 2022-ci ilin sentyabrında Ermənistanla sərhəddə keçirilən hərbi əməliyyatların Azərbaycan tarixində mühüm yeri var. Bu, dövlətimizin başçısının qeyd etdiyi kimi, yenidən baş qaldıran erməni revanşizminə qarşı özümüzü sığortalamaq üçün qabaqlayıcı tədbirdir. Son 30 ildə ilk dəfədir ki, biz erməniləri hər hansı hərbi əməliyyata başlamaq imkanından məhrum etmişik. Göyçə gölünün ətraf dağlarındakı yüksəkliklərdən Naxçıvan dağlarının görünməsi, ermənilərin özlərinin təbirincə desək, Ermənistanın başı üzərində damokl qılıncının sallanması deməkdir. Bütün bunlara Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi misilsiz tədbirlər və şanlı Ordumuzun rəşadəti sayəsində nail olmuşuq. Dövlətimizin başçısının öz təbirincə desək, Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi tarixi hadisədir və bu, Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq.

Prezident İlham Əliyev Qərbi Azərbaycan İcmasının bundan sonra daha mütəşəkkil formada fəaliyyət göstərməsinin həm Qərbi Azərbaycandan olan insanlar üçün, həm də bütün Azərbaycan xalqı üçün çox önəmli olacağını bildirdi. İcmanın bir neçə istiqamət üzrə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə öz işini davam etdirməsinin zəruri olduğunu vurğuladı. Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırıldığı kimi, Qərbi Azərbaycan həqiqətləri də çatdırılmalı, sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Qərbi azərbaycanlıların bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş öz tarixi-etnik torpaqlarına qayıtmaq hüquqlarının təmin edilməsi tələb edilməlidir.

Bu barədə dövlətimizin başçısı öz çıxışında dedi: “Qərbi azərbaycanlılar qanunsuz olaraq dəfələrlə deportasiyaya məruz qalmış toplumdur. Onların hüquqları bərpa edilməlidir və onlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Mən bunu deyəndə təxmin edirəm, yenə də Ermənistanda növbəti dəfə isterika başlayacaq ki, Azərbaycan gəldi bizi işğal etdi və sair. Yox. Biz bunu sülh yolu ilə etmək istəyirik. Biz hüquqlarımızı sülh yolu ilə təmin etmək istəyirik və yenə də deyirəm, bütün konvensiyalar bu hüququ tanıyır. Ona görə buna nail olmaq üçün biz, o cümlədən beynəlxalq müstəvidə daha fəal olmalıyıq. Hesab edirəm ki, İcmanın çox mötəbər bir rəqəmsal platforması olmalıdır, bir portalı olmalıdır. Orada həm tarixi həqiqətlər, həm tarixi abidələrimiz, ermənilər tərəfindən dağıdılan saraylar, məscidlər, şəhərlər, Azərbaycan tarixi irsinin silinməsi ilə bağlı olan faktlar öz əksini tapmalıdır”.

Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri

 

 

Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar

Prezident İlham Əliyev Qarabağ münaqişəsi həll olunandan sonra indi qarşıda duran əsas məsələnin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması məsələsinin olduğunu, bu konsepsiyanın sülhsevər konsepsiya olacağını, bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaların əsasında öz hüququmuzu tələb etməli olduğumuzu, bu işə beynəlxalq hüquqşünasların cəlb edilməli olduğunu bildirdi.

Həqiqətən də əgər bu gün Qarabağ iqtisadi zonasında erməni toplumu yaşayırsa, Azərbaycan dövləti bütün digər vətəndaşları kimi, ermənilərin də təhlükəsiz yaşamalarına təminat verirsə, qarşılıqlı olaraq Ermənistan dövləti də Qərbi Azərbaycandan deportasiya edilmiş soydaşlarımızın kompakt bir ərazidə yaşamaq hüququnu tanımalı və onların təhlükəsizliyinə zəmanət verməlidir. Onsuz da Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd boşaldılıb və bu gün xaraba vəziyyətdədir. Azərbaycanlılara məxsus 702 toponim bu günədək erməniləşdirilib. Təkcə Qərbi Zəngəzurda 70-dən artıq kənddə azərbaycanlılar kompakt şəkildə yaşayırdılar. Göyçə gölü hövzəsində də azərbaycanlılar kompakt ərazidə yaşayırdılar. Qərbi Azərbaycanda soydaşlarımızın vaxtilə yaşadıqları 734 kənddə indi ermənilər məskunlaşıb. Üstəlik, Prezidentin dediyi kimi, Ermənistanda bütövlükdə indi depopulyasiya dövrü hökm sürür, insanlar oradan gedir, həm də təbii artım yoxdur, eyni zamanda, dözülməz siyasi vəziyyət, repressiyalar, faktiki olaraq diktatura və iqtisadi çətinliklər erməniləri buna vadar edir. Ona görə biz Qərbi Azərbaycana Qayıdış Konsepsiyası üzərində işləməli və istəyimizə nail olmalıyıq.

Prezident İlham Əliyev çıxışları dinlədikdən sonra, yekun nitqində Qərbi Azərbaycan ictimai təşkilatlarının bir təşkilatda birləşməsindən sonra bütün informasiya resurslarının-qəzetlərin, informasiya portallarının, rəqəmsal platformaların məqsədyönlü şəkildə vahid konsepsiya və siyasət çərçivəsində iş aparmalarının vacibliyini bildirdi. Gələcəkdə Qərbi Azərbaycana Böyük Qayıdış Proqramının da işlənəcəyini diqqətə çatdırdı.

Doğum gününü Qərbi Azərbaycan İcmasının nümayəndələri ilə birgə qeyd etdiyini bildirən dövlətimizin başçısı xüsusilə vurğuladı ki, Qərbi azərbaycanlılar da heç vaxt inamlarını itirməməli, eyni zamanda, addımlar atmalı, fəal olmalıdırlar. Nəyi, necə və nə zaman edəcəyini dəqiq bilən Prezident görüşün sonunda dedi: “Gün gələcək, biz Qərbi Azərbaycanda da belə gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq”.

İnşallah! O gün gələcək. Necə ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi gün gəldi. O günün yaxınlaşması üçün hər birimiz Qərbi Azərbaycan İcmasına əlimizdən gələn köməyi əsirgəməməliyik.

Rəmzi Şirinov-Zərdab rayonu, Dəkkəoba kənd sakini fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki